Bolt

2008, ABŞ
Aminasiya, Macəra, Komediya
Filmi səsləndirənlər: John Travolta, Miley CyrusSusie Essman

O gün bir cizgi filminə baxdım. – “Bolt”. Hollivudun cizgi filmlərini daha çox böyüklər üçün çəkməsi yəqin sirr deyil. Bununla özümü böyük göstərmək istəmirəm, sadəcə bu filmlərdə məna daha dərin olur. Bu “Bolt”da da güclü təbliğat gedib.

Deməli, Bolt adlı it film ulduzudur. Sahibi olan bir qızla fantastik seriala çəkilir. Filmdə xüsusi effektlərlə onun hürmə səsi çox yüksəkdən eşidilir (həm də özü tərəfindən), gözündən “lazer çıxır” və  sair. Bolt, fövqəladə qabiliyyətlərlə qəhrəmanlıqlar edir. Bolt elə bilir ki, həyat elə bundan ibarətdir və gördükləri həqiqətdir. Bir gün də təsadüfən real həyata düşür, sahibini, studiyanı itirir. Bir pişiklə qarşılaşır. Pişik ona başa salmaq istəyir ki, əslində onun inandığı “qabiliyyətləri” yalandır, uydurmadır, real həyat tamamilə fərqlidir.

Bolt isə ona inanmır. Elə bilir, yenə şər qüvvələrlə döyüşür. Sonradan onlara rast gələn şöl siçanı isə Bolta – onun qəhrəmanlığına, yəni televizorda göstərilənlərə inanır. Bolt da pişiyə yox, məhz çöl siçanına qulaq asır, çünki ona inandırıcı gəlmir ki, indiyə qədərki bütün həyatı yalandan ibarətdir. Nəhayət pişik və öz gücsüzlüyü ona anladır ki, əslində reallıq nə imiş.


Filmdən mənim çıxardığım nəticələr isə fərqlidir. Boltun studiyada yaşadığı yalan dünyanı əslində indi bir-çoxları təsəvvüründə yaşadır. Yəni çoxları düşünür ki, dünyada xeyir qüvvələr şər qüvvələrə qarşı çarpışır, vəziyyət ağırdır və super qəhrəmanlara ehtiyac var. Lakin məlum olur ki, bunlara inanmaq lazım deyil, reallıq daha sadə və daha çətindir. Sən demə, əslində dünyadakı şər qüvvələr-filan uydurma imiş, əsl maneələr elə yan-yörəmizdəki çətinliklərdən ibarət imiş. Verilən mesaj budur: dünyanın, dövlətin kim tərəfindən idarə olunduğunu nəzərə almayın, başınızı salın, uzaqbaşı həyətinizin sərhəddinə qədər gedən mini-dünyanızla məşğul olun.

Bu səhnədən başqa nəticə də çıxa bilər – Amerikanın ziyanına. Axı Amerikanın Yer kürəsinin nəhəng superman-i imici var. Harda “terror, antidemokratiya…” olursa (halbuki bunların hamısını vaxtilə ya özləri, ya da xələfləri ingilislər yaradıblar), superman Amerika özünü tez yetirib bombalayır. Bomba da ki, mülki-hərbi əhali-zad tanımır. Cizgi filmindən belə təbliğat da götürmək olar ki, Amerikanın uydurduğu şər qüvvələr-filan boş şeydir, ey Amerika vətəndaşları, başınızı salın aşağı, öz dövlətinizlə məşğul olun. Amma filmin sonunda bu təbliğata qarşı immunitet gəlir.

Belə ki, sonda Bolt sahibəsi ilə studiyadan, çəkilişlərdən – yalan dünyadan kənar sakit, əsl amerikansayağı həyatlarını yaşayırlar. Həm də göstərilir ki, studiya bağlanmır, film dayanmır, yeni ssenari, yeni aktyorlar geniş kütlələrə sırınan ucuz, bayağı şounu davam etdirir. Yəni sən uzaqbaşı studiyadan qaça bilərsən, lakin studiyanın təsir dairəsindən qaça, şounun hədəf kütləsindən uzaqlaşa bilməzsən. Ən sonda buna aid əla səhnə var. Vaxtilə Boltun məşhurluğuna ağzının suyu axan, ona sonradan həyata keçən ssenari təklifi verən, şounun hədəf kütləsinin tipik surəti olan 2 göyərçin Bolt və sahibəsi studiyadan çıxanda onlara baxırlar. Göyərçinin biri o birinə deyir ki, “tanıyırsan onu?”. O biri isə “yox” deyir. Oruellin totalitar dövlət antiutopik modelinin kütləvi yaddaşsızlaşdırma təbliğatına çox bənzəyir. Yəni biz hər şeyi başa düşsək də, əvvəl-axır bu təbliğatın əhatə dairəsinə giririk.

Digər tərəfdən baxdıqda isə ideoloji zərbə var filmdə – solçulara. Bolt nə qədər ağıllı olsa da, pişik ona başa salır ki, onun “ağıllılığı” şouda qaldı, o da əslində bir itdən başqa bir şey deyil – taxta parçasının dalınca qaçır, quyruğunu yellədir, sümük basdırır. Yəni proletariatdan kimsə şou kapitalizminin, istismarçısının – filmdə it sahibəsinin – əleyhinə çıxarsa, səhv etmiş olar, filmdə sanki aşağı təbəqə olmaq alın yazısı kimi təqdim olunur. Bolt sahibəsini tərifləyəndə pişik ona deyir ki, o, səni istismar edib, səndən istifadə edib, getmə ona. Amma Bolt sahibəsinə qayıdır və yenə onun sərəncamında olur. Baxmayaraq ki, şou iti olmaqdan çıxır, amma yenə it olaraq sahibin tam sərəncamında qalır.

Hollivudun əksər filmlərində olduğu kimi burada amerikan həyat tərzi son məqsəd olaraq, onunla mübarizə aparılmağı mənasız sayılan sistem kimi təsvir olunur. Şouya ən çox uyan əksəriyyətin surəti olan çöl siçanı “Hollivud” yazılmış sözün altında məşhur studiyaların şəhərinə baxıb deyir: “Dünyada ən uğursuz yer”. Yəqin söz azadlığının imkanlarından yaranıb düşüncə azadlığına təhlükəli hala gəlməsinə görə Hollivudu bu epitetə layiq hesab etmək olar.