Exam

Təkrar salam, əziz kinoklik oxucuları ! Sevinirəm ki, belə bir filmlə qayıdıram tətildən. Dörd gün əvvəl bekarçılıqdan nə edəcəyimi bilmirdim, ağlımda baxılası elə bir film də yox idi, laptopumdakı “Kinolar” qovluğunu açıb gözümü yumdum, sağ-sol-alt-yuxarı-enter və “Exam” adlı bir film. Elə nə yaxşıkı “Exam”, kefimi 1-ə 100 qaldırdı. Həmin günü post yazmaq istəsəm də yazı bu günə qismətmiş, buna görə də üzr istəyirəm sizdən. Hərnəysə, gəlin indi sizə danışım “Exam” təəssüratlarımdan.

Filmi mən əvvəllərdə “Cube” filminə bənzətdim, daha sonra “12 Angry Man”-i xatırlatdı, hətta bəzən “Saw” ilə də oxşarlıqlarını görürdüm. Amma bu kinolarla müəyyən bənzərlikləri olsa da onlardan çox fərqli bir şeyə sahib imiş, bunu baxanda görəcəksiniz. Fərqli sujet xətti olan, insanı film boyu intizarda saxlayan, sonunda insana qeyri adi və maraqlı təbəssüm bəxş edən bir kinodur. Film bitdikdən sonra sərçə ovuna gedib maralla qayıdan ovçu kimi hiss etmişdim özümü :)

Gözləntilərim çox az idi filmə baxmağa qərar verəndə, amma elə film başladığı andan hiss etmişdim ki, torbada pişik var =) Mən fərqli filmlərin kinomanıyam və bu mənim üçün tamamilə fərqli bir film idi, buna görə sizə də şiddətlə tövsiyə edirəm. Məsləhətimsə imtahanın şərtlərinə diqqətlə qulaq asmağınızdı, əks təqdirdə imtahandan kəsilmə ehtimalınız 100/100-dü. Nəysə, uzunçuluq eləmiyim, bir az da film haqqında məlumat verim.


Deməli, Exam filmi 2009-cu il İngiltərə istehsalı, sirli, psixoloji gərginlik filmidir. Filmdə sadəcə 10 qəhrəman olur və bütün hadisələr sadəcə qapalı bir otaqda cərəyan edir. Müəmmalı, lakin yüksək gəlir vəd edən bir firma işinə namizəd olan və hər biri bu sonuncu “exam”lə gələcək iş kariyerasını və həyatını müəyyən edəcək 8 nəfər. Sonda yalnız bir namizəd işə qəbul ediləcək. Müxtəlif imtahanlardan keçərək bu son pilləyə gələn kandidatların hamısı yüksək rəqabət halında qalibiyyətə doğru can atmaqdadır. Lakin bu digər yarışlardan öz şərtlərinə, formasına və məzmununa görə tamamilə fərqlənir. 80 dəqiqəlik vaxt limiti, bir vərəq, bir qələm, bir də maraqlı və qəribə şərtlər.

Ən maraqlısı isə, film zamanı siz özünüzü 9-cu namizəd kimi hiss edirsiniz, 8 nəfərlə rəqabət içində olub gizli imtahan sualını (!) tapmağa və onu cavablandırmağa çalışırsınız. Lakin rəqabətin təklikdə bir fayda verə bilməyəcəyini görən kandidatlar ən azından sirli sualı tapana qədər birgə hərəkət etmək qərarına gəlirlər. Çox təəssüf, yenə də eqosu insanlığına güc gələn bəzi kandidatlar rəqiblərinə qarşı elə şeylər edirlər ki, insan insan olmağından utanır.

Bütün bunlara baxmayaraq, bu komandaya siz özünüz də bilmədən cəlb olunur və asanlıqla rəqabətə qoşulursunuz. Tərəfdaşlarınız olan rəqiblərinizə “gəlin bunu yoxlayaq”, “bunu etməyək”, “niyə etdin(iz) axı bunu?”, “bu ki vəhşilikdi” və s. kimi ifadələr söyləmək istəyirsiniz. Film boyu yarı-izləyici, yarı-iştirakçı kimi intizarda qalmağınız 80 dəqiqəlik imtahan vaxtının necə keçdiyini sizə hiss elətdirmir. Psixoloji olaraq film izləyicini biraz yorsa da, kinoda yüksək səviyyədəki gərginlik, Orxan demişkən sizi su içmək üçün ayağa qalxmağa belə qoymayacaq. Ən gözəli isə filmin əvvəldən sona qədər öz sirrini qoruması olur, sonda isə “sandıq açılır” və siz sadəcə təəccüblə gülümsəyirsiniz :)