O… çocukları

2008,

Türkiye

Dram, Komediya, Psixoloji, Romantik, Tarixi,

Rejissor: Murat Saraçoğlu

Türkiyə kinosu indiyə qədərki ən yüksək inkişaf pilləsindədir desəm, yəqin yanılmaram.

Bu filmlərdən biri də “Orospu çocukları”dır.

Düzdür, çox kinoya baxmamışam, amma inanmıram ki, qadına və uşağa bundan da yüksək qiymət verə bilən bir kino olsun.

Filmdə ola bilər ki, bütün qadınlar əhatə olunmayıb, amma əhatə etdikləri barədə mükəmməl bir əsər yaradılıb.

Kinoda köhnə fahişənin evində fahişə uşaqlarına (orospu çocuklarına) baxması təsvir olunub.

Bu uşaqların adları ana-fahişələrin arzularıdır – milyoner, müğəni, avropalı adları qoyurlar uşaqlarına.

Kinodakı ən mükəmməl surət və ən mükəmməl ifa – Mehtap əvvəlki həyatında fahişə olmuş, indi isə bu yuvanı saxlayan və uşaqları sərt reallıqla tərbiyə edən biridir.

Qonşuluqda “Şən yuva” adlı uşaq evi var, ordakı uşaqlar fahişə uşaqlarına kinayə ilə baxırlar, onlara əxlaqsızların küçə uşaqları ilə oynamaq qadağandır.

Amma kinonun gedişində fahişə tərbiyəsinin dövlət tərbiyəsindən üstün olduğu görsənir.

Çünki “Şən yuva” həmin fahişələrin pəzəvənglərini yetişdirməklə məşğuldur.

Filmdə 1981-ci il Türkiyəsinin dəhşətlərindən, filmdə deyildiyi kimi “Mussolinidən betər birinin” repressiyalarından, anarxist, solçu deyə damğalananların fiziki məhvindən danışılır.

Əri işgəncə görən qadın Mehtabın yuvasına sığınır, özü yük gəmisində İtaliyaya gedir, sonra İtaliyadan göndərilmiş Donatella adlı yarıtürk, yarıitalyan qadının onun qızı Hazanı Türkiyədən xilası ana xətti təşkil edir.

Donatella uşaqların fahişələrlə bir evdə tərbiyəsinə etiraz edəndə Mehtapın qılınc kimi sözləri onu “kəsir”: “İndi deyirsən, bu uşaqları uşaq evlərinə verək və hər kəs onlara orospu çocuğu deyə müraciət etsin?” Mehtap rolunu aparan Demet Akbağın başqa rolu da mənə eyni təsiri göstərmişdir: nifrət edilənləri də sevmək olar.

“Vizontel” filmində Demet Akbağın yaratdığı surət televizordan ilk eşitdiyi xəbər oğlunun şəhid olması haqqında olduğundan televizoru basdırtdırır.

Normalda texnologiyaya əks gedən, uşaqları söyüşlə tərbiyə edən insanlar nifrət doğurur, amma Demet xanımın yaratdığı surətlər belə hərəkətlərə də haqq qazandırır.

Hədəflərindən biri mentalitet olan filmdə fahişələrdən birinin oğlundan gizləndiyinə görə evdən çölə çıxmaması və sonda oğluna təslim olaraq intiharı seçməsi ən təsirli səhnədir.

Oğul ananı öldürməlidir, çünki adətlər fahişədən istifadə etməyi, anan-bacın fahişə olanda isə onları öldürməyi tələb edir.

Qadınları anlaşılmaz, tələbkar olmaqda qınayan kişilərə əla zərbə var filmdə.

Mehtapa iynə vuran məhəllə həkimi ona evlənmə təklif edəndə Mehtap arzularını deyir.

Əl-ələ tutub gəzmək, birlikdə televizora baxmaq kimi ən sadə, asan arzular onu xoşbəxt edəcəkmiş.

Xoşbəxtlik üçün daha çox şey tələb edənlər sadəcə əsl xoşbəxtliyin belə sadə, xırda şeylərdə olduğunu görməyənlərdir.

Kinoda uşaqlara sevgi pik həddədir.

Fahişə uşağı, yaxşı və ya pis tərbiyəli uşaq, mafiya olmağı qarşısına məqsəd qoyan cinayətkar meylli uşaq…hamısı təqsirsiz, sevgiyə layiqdir.

Hətta anasını öldürmək üçün göndərilən uşaq da yetkinlik yaşına çatana qədər qətli törətməlidir ki, cinayət məsuliyyətində yayınsın.

Yəni ətraf mühitin, başqalarının təsiri insanı ana qatili də edə bilər, vicdanlı bir insan da.

Hətta ana qatili edənlər cəmiyyətin normal üzvləri sayıla, vicdanlı insan tərbiyə edənlər isə fahişələr ola bilərlər.

Mehtapın yetişdirməsi olan Saffetin təmizliyi, vicdanı əslində bu tərbiyənin nəticəsini bizə göstərir.

Kinodan sonra Dostoevskinin bir fikrinin doğruluğuna əmin oldum: “Tək bir uşağın göz yaşı axırsa, bu, “allah yoxdur” deməkdir”.