Qara Bazar

Qara Bazar,

2010,

Nadir Muqbilov-un filmi,

Real hadisələr əsasında lentə alınıb.

Bu filmi çəkməmişdən qabaq operator Rafael Salamzadə və işıqçı Məmmədhüseyn Səmədovla bir yerdə öz kaskadior qrupumla birgə reklam roliki kimi döyüş tryukları çəkdik.

Çəkiliş üçün yer təyin edəndən sonra getdik Rafaelgilə. Yolda köhnə dostum Mansurla rastlaşdıq. O, bizi ofisinə dəvət etdi, çay süzdü. Mansur iyirmi il olar ki, ev alqı-satqısı ilə məşğuldur. Çayımızı içə-içə ordan burdan söhbət edirdik. Bu vaxt bir oğlan ofisə gəldi, Mansurla görüşdü və “Nə oldu?” – deyə Mansurdan soruşdu. Mansur – hələ heç bir şey yoxdur deyə cavab verdi. Oğlan sağollaşıb getdi. O gedəndə sonra Mansur: – Bax bu oğlandan kino çəkmək lazımdır, yoxsa gedib gic-gic filmlər çəkirsiniz heç kim də baxmır.

Buna bənzər sözləri çox eşitmişəm və düz olduğuna görə incimədim, çünki 23 ilə yaxın kinostudiyada “Azərbaycan Film”də işləmişəm və 23 il də demişəm ki, belə kino çəkmək olmaz, amma buna baxmayaraq filmlər çəkilir, hamı razıdır və hamı bir-birini təbrik edir. Nə isə, bu haqda kinomuzun problemləri adlı məqaləmdə ətraflı yazmışam.

Mansur Sərvərin (həmin oğlanın) başına gələn əhvalatı bizə danışdı. Onun qardaşını necə döyüblər.. hamısını.. Sərvər o vaxt əsgərlikdə idi. Deməli onu qardaşının halı ağır olduğuna görə hərbi xidmətdən azad edirlər. Sərvər Mansurun dediyinə görə axıracan qardaşının yanında olub. Düzü desək olanları tam öyrəndikdən sonra mən şoka düşdüm. Mənim ağlıma da gəlməzdi ki, insanı öz evində sakit yaşamağa qoymasınlar. Sonra Mansur əlavə etdi ki, “Bu əhvalatdan sonra makler öz maşınında yanmışdı, qız isə deyilən şaiyələrə görə Türkiyəyə işləməyə getmişdi. Sərvər bu faciədən sonra qərara alıb ki, evi satıb getsin Rusiyaya, amma mən yalandan deyirəm ki, alıcı yoxdur. Deyirəm bəlkə fikrini dəyişdi..”

Bunu eşidən Rafael Salamzadə buna oxşar əhvalatın onun da başına gəldiyini bizə danışdı. Onun da evini bir qadın ələ keçirmək istədiyindən o evə getməyə ehtiyyat edir. Sonra Mansurla sağollaşıb ofisdən çıxdıq. Yolda Rafael Salamzadə mənə dedi ki, Nadir, bəlkə biz rolik əvəzinə film çəkək? Bu mənim ağlıma batdı və oturub ssenarini yazdım. Bu əhvalat mən çəkdiyim filmlərin janrına uyğun gəldiyinə görə, həm də real faktlar əsasında olduğuna görə məni maraqlandırdı.

Ssenaridə bu əhvalatı bədiiləşdirib iki aydan sonra rejissor ssenarisini yazdım və çəkilişə başladıq. Bu filmin çəkilişində Azərbaycan kinorejissorlar gildiyasının direktoru Hüseyn Mehdiyev öz əvəzedilməz köməyini bizdən əsirgəmədi. Hüseyn müəllim bizi çəkiliş texnikası ilə montaj stolu və səsləndirmə studiyası ilə təchiz etdi.

Rast studiyasına da öz minnətdarlığımı bildirmək istəyirəm. Səs rejissoru Rüstəm bizə çox kömək etdi.

Bütün bu köməklərə baxmayaraq kinostudiyanın rəhbərliyi bizim rahat işləməyimizə həmişəki kimi əngəl törədirdi. Buna baxmayaraq axır ki, filmi başa çatdırdıq və kinosevərlər artıq “Qara Bazar” filminin disklərini DVD mağazalardan əldə edə bilərlər.

Mən bir şeyə inanıram. Əgər biz kino işçiləri xalqımızı maraqlandıran, onun həyatından yüksək səviyyədə filmlər çəkəndə Azərbaycan kinosu yaşayacaq. Mən öz filmlərimdə heç kəsə oxşamaq istəmirəm. Şükürlər olsun ki, xalqımızın mədəniyyəti çox zəngindir, Azərbaycan kinosu da buna arxalanaraq dünya kinosu səviyyəsində gözəl filmlər yarada bilər.