Prokuror

2009,

Azərbaycan istehsalı,

Nadir Muqbilovun rejissorluğu ilə,

Filmin yarımbaşlıqları başlayanda demək olar ki, film artıq başlayır. Kadr gedə-gedə musiqi əvəzinə balaca bir qızcığazın atası ilə söhbəti eşidilir. Bu dialoqda uşaq atasından xahiş edir: “Ata, mənə video (maqnitofon) al. Çoxdandır söz vermisən, amma hələ də almamısan.”

Bu replika demək olar ki, filmin gizli qapısının açarı rolunu oynayır. Dialoqun axırında isə.. “Ata, işə get, çoxlu pul qazan” deyir.

Növbəti kadrda maşının sürücüsü qapını açır, prokuror oturur maşına, və sürücüyə: “Prokuraturaya”-deyir.

Film boyu bu prokurorun rüşvətxor və qorxaq olduğu görünür.

Rejissor kimi çalışmışam tamaşaçını bir az çaş-baş salım. Ola bilsin tamaşaçılar film boyu fikirləşəcəklər ki, görəsən niyə prokurorun bu qədər pulu ola-ola qızına bir dənə video almır?!…

Filmdə prokurorun mafioz Soltanla söhbətdə Soltanın onun qızı haqda soruşması prokuroru qorxudur..

və ailəsini qorumaq üçün qış fəsli olmasına baxmayaraq qızını anası ilə birlikdə bağa köçürür.

Sürücüsündən də xahiş edir ki, arvadı ilə qızına göz-qulaq olması üçün bir bağban tapsın.

Əksər hallarda sürücülərin çoxu biruzə verməsə də sahiblərinin işlərindən həmişə agah olur.

Bu filmdə də bu nüans öz əksini tapır, belə ki, sürücü bağban əvəzinə tanış bir idman ustasını işə düzəldir və sürücü bu karateist Mehmandan xahiş edir ki, əlindən gəldiyi qədər prokurorun qızını və arvadını qorusun..

Rejisor kimi çalışmışam ki, filmdəki döyüş səhnələri mümkün qədər real alınsın. Baş qəhrəmanın birinci dəfə filmə çəkilməsinə baxmayaraq, öz roluna çox ciddi yanaşdı. Artıq onun peşəkarlığa yaxın səviyyədə olan bir aktyor olduğunu deyə bilərəm. Çəkilişdə fəndləri gözəl yerinə yetirməsi və ifa etdiyi rola məsuliyyətlə yanaşması mənə bunu deməyə əsas verir.

Filmin fabulasını üç istiqamət təşkil edir. Birincisi rüşvətxor prokuror və onun həyatı. İkincisi öz oğlunu Qarabağ müharibəsində itirmiş Həmzə dayı və onun həyatı. Və nəhayət həmişə öz namusu ilə işləmiş Mehman…

Filmdəki bir epizod Kamil Rüstəmbəyovun lentə aldığı “Mehman” filmi ilə paralel olsa da, baş rolu ifa edən qəhrəmanların taleyi eyni olmur. Nəticənin belə olmasında isə prokuror Ömürün qızının böyük rolu olur…

Axır ki, atası qızına video alır, qızı isə “ata, mənə video yox, əsas sən lazımsan” sözlərini öz hərəkətləri ilə açıq aydın göstərir.

Qeyd: Film bir dəfə XəzərTv-də efirə gedib, tamaşaçı istəyi çox olsa filmin yenidən Tv-də göstərilməsini xahiş edə bilərəm. Nəzərinizə çatdırım ki, filmin rus dilinə dublyaj olunmuş forması da hazırdır. Filmin diskləri artıq DVD mağazalarda satışdadır .