The Decalogue

 

Dekaloq (10 Əmir)

1989,

Dram

Rejissor: Krzysztof Kieslowski

Imdb xalı: 9.1/10

 

O gözəl yazılmış 10 cümləni yeniləmək istədik deyir Kieslovski …

O gözəl çəkilmiş 10 filmi yeniləmək istədik deyir Nurlan …

 

İnandığınız şeyə o qədər yaxınlaşa bilərsiniz ki, ayaq saxlayıb düşünmədən, möcüzə axtarmadan inandığının hər hərəkətini möcüzə sayaraq. İnandıqları üçün xoşbəxt olan bir çox insan tanıyıram çünki.

 

– Tanrıya inanırsanmı? O haradadır ki ?

– Qucaqla məni. Nə hiss edirsən?

– Səni sevirəm.

– Tanrı bax indi burdadır.

 

Yoxluq vardırmı? Sıfır ən son tapılan rəqəm deyilmi? Var olmadan yox olarmı? “1” olmadan “0” mümkündürmü?

 

Alimin mürəkkəbi müqəddəsdir, həm də arifmetik hesablamalarla önləyə bilmədiyi uşağın ölümü ilə dağılmağa məhkumdur. Ağılın cəzasını vücud çəkər.  Bəlkə meterologiya səhv eləmişdi, ya da buz anidən ərimişdi… Kieslovski bu qədər bəsitmidir ki ?

 

Varlığını anlamaq üçün üst-üstə gəlməlisən. Ailəni, sevgilini, peşəni… Amma anladıqdan sonra çıxmazsan üstünə gəldiklərin bütləşər. Nəfs varkən çətindir, böcəyin stəkandan qurtulma mücadiləsi kimi.

 

Yalançı yalanı söyləyə bilənə deyilir, qadın sevgilisinə, ər arvadına, adam da bizə yalan danışdığı kimi. Tanrı sözü böyüklərin dilində kiçikləri aldatmaq üçün vasitədir, eyni uşaqlığımdakı kimi.

 

Hər düşdüyü nöqtədə dövləti, ümumən başqalarını günahlandıran insanları sevmirəm, hətta nifrət edirəm, amma atam da elədir. Məni daim yoxlayan, sual soruşan, üstümə düşən insanları sevmirəm, (doğum günümdən nifrət edirəm), amma anam həyatımdakı belə insanların ən başlıcasıdır. Bəzi şeylər istənməsə də, edilməlidir. Ana və atana hörmətsizlik etməyəcəksən. Vəfa borcu budur.

 

İnsan ölümdən də zövq duyar. Heç mi balıq tutmadınız? Səbəbsiz yerə öldürməyə səbəbsiz yaşayan ölümlü seçilir. Arvadının hazırladığı çörəkləri itə laiq bilən biri. Ancaq ədalətli olan, böyük ehtimalla, qanuni deyildir. Məhkəməyə düşən artıq insan deyil, rəqəmdir. Müzakirə olunan artıq insanlıq deyil, cinayət məsələsidir.

 

  • Səni sevirəm.
  • Nə istəyirsən ?
  • Heç
  • Mən yaxşı insan deyiləm
  • Önəmli deyil, səni sevirəm.

 

Bir insanın düşüncələri onun həyatını anlatır. Qadın həyatda iki dəfə gözəl olur, ya sevəndə, ya da öləndə. Tək bir erotik hərəkət göstərmədən erotizmin həyatımızdakı yeri göyü qucaqlayan şiddətini tamaşaçıya anlata bilmək…

 

  • İnsan niyə ağlayar ?
  • Biri öldüyündə, yalnız qaldığında, yükünü daşıyamayanda.
  • Çarəsi yoxdurmu?
  • Bir dəfə Marçinin dişi ağrıyırdı. Ütüyü isidib çiyninə basdı, beləliklə dişinin ağrısını unutdu.

 

Uşaqkən böyüklərin şəhadət barmağını tutardım… Ana qızının doğduğu uşağı oğurlayır, qız da ananın böyütdüyü. Uşaq anaya ana demir. Kişilər ədalətli, qadınlar xeyirxah, uşaqlar isə amansızdır çünki. Qumarbazlar da pul itirməkdən ziyadə öz ağılsız cəhdlərinin boşa çıxmasına təəssüf edirlər Ania kimi. Oğurluq sadəcə maddi olaraqmı mümkündür? Sevgi, hörmət, sədaqət… oğurlana bilməzmi? Bax, ana qızının uşağına bəslədiyi sevgini öz qızından oğurlayıb.

 

  • Yazılarında Tanrıya rast gəlmədim.
  • Tanrı kəliməsin istifadə etmədən də hiss edə bilərsən.

 

Heç bir sosial-siyasi məqsəd kiçik bir qızın həyatından önəmli deyildir. Vəziyyət yalan yerə şahidlik etmək tələb etsə belə.

 

Ərin arvadını onu aldatdığı üçün günahlandırmasını gözləyirsən, tərsi olur. İnsan, aldatma hərəkətini ərin arvadını başqa bir kişi ilə tutmasında deyil, əslində birlikdə qərarlaşdırdıqları bir şeyi bir-birindən gizləmələrində axtarmağa məcbur qalır.

 

Ölü balıqlar ölüm xəbərini yetirir bizə…Böyüyüncə itirdiyiniz uşaq saflığını yenidən əldə etmədən anlamağın mümkün deyil qardaşları. Zəhmət çəkmədən əldə edən, gözlənilmədən itirər, həm də azdan da olar. Səbri öyrənəcəksən, tələsmədən, qarşılıqlı sədaqəti unutmadan yenidən quracaqsan kolleksiyanı.

 

Dekalogu bütöv bir film kimi düşün.  Əvvəlcə oxunduğu, sonra həll edildiyi, daha sonra isə nəticənin kitabın arxasındakı cavabla örtüşmədiyinin kəsf edildiyi riyaziyyat məsələsi kimi. Sən filmi “belə” bitəcəyin gözləyərsən, “elə” belə bitməz. Fikirləri zorla qəbul etdirməz, suallar soruşar sadəcə, izləyicisi qədər cavabları olan…

 

P.S. Filmdə Kieslovski də iştirak edir; 1-də gölün sahilində ocaq ətrafında oturan evsiz, 2-də adamın sağalacağı otaqdakı xəstə baxıcısı, 3-də tramvay sürücüsü, 4-də qızın məktubu açmasına mane olan qayıqçı, 5-də tikinti işçisi, 6-da ərzaq səbəti daşıyan, 7-də dəmiryol stansiyasındakı adam, 8-də auditoriyadakı tələbələrdən biri, 9-da velosiped sürən, 10-da isə olmayan… (əvəzində “Sevgi haqqında qısa film”dəki gənc platonik var, sıfırdan qurulacaq həyatı, qarşılıqsız sevgini anlatmaq üçün.)

 

Kameranın şairinə dərin hörmətlə.