Aşk Tesadüfleri Sever

2010

Dram,Romantik

Rejissor:Ömer Faruk Sorak

Baş rolları ifa edir: Mehmet Günsür və Belçim Erdoğan.

“Aşk təsadüfləri sevməsin, qardaşım.”

Bu yaxınlarda “Aşk təsadüfləri sevər” adlı bir kinoya baxdım. Əvvəlcə onu deyim ki, vaxtaşırı olaraq film izləyirəm. Artıq o həddə gəlib çatmışam ki, əlimə kamera verib “film çək” desələr, Oskar ala biləcək əsər yaradacağıma inanmağa başlamışam. Həftə ərzində nümayiş olunan kinolar arasından mövzu və janr baxımından mənə uyğun olanlarını seçir, daha sonra bu film barəsində internetdə axtarış edirəm. Daha öncə buna baxmış insanların rəylərini oxuyuram və əgər müsbət rəylər olarsa bu filmi öz “film list”imə salıram.

“Aşk təsadüfləri sevər”i də beləcə seçmişdim. Onu da qeyd edim ki, bu kino barəsində rəylərin əksəriyyəti xanımlara aid idi və demək olar ki, hamısı da bəyəndiklərini bildirirdilər. Daha sonra baş rol ifacısı Mehmet Günsürün müsahibəsinə baxdım. Bir də tanıdığım xanımlardan bir neçəsi filmi bəyəndiklərini və hətta ağladıqlarını deyəndə kinoya baxmağı qərara aldım.

Qısaca filmin ssenarisi haqqında…

Nəticəsində bir xəstəxanada doğulan iki gənci daha sonra təsadüflər bir araya gətirir. Hər iki gəncin həyatında öz problemləri var, istər sağlamlıq baxımından, istərsə də münasibətlər baxımından. Bu problemlərin necə həll-olunub olunmadığını izləsəniz özünüz görəcəksiniz.

Bir də “Arabesk” vardı

Bu film mənə 1988-ci il istehsalı Ertem Eğilmezin “Arabesk” filmini xatırladır. Baş rollarını Şener Şen və Müjdə Arın paylaşdığı film absurd komediya janrındadır. Belə ki, rejissor o vaxtların “Yeşil Çam” filmlərini tənqid etmək üçün bu filmi çəkmişdir. Filmdə özündən əvvəlki ssenarilərin demək olar ki, hamısı təkrarlanır. Bir-birini sevən iki gənc təsadüflər nəticəsində ayrı düşürlər. Və həmişə qovuşmaq anında yenidən təsadüflər onları ayırır. Filmin sonunda yaşlanmış sevgililər bir-birini gördükdə hər ikisi ölür. Ancaq o biri dünyada da düşmənləri onları aldadıb cəhənnəmə göndərirlər. “Aşk tesadüfləri sevər” filmi nəinki romantik, dram “Arabesk” kimi absurd komediya janrında olduğunu düşünürəm.

Üzeyirin “lomka”sı…

Film romantik janrda olmağına baxmayaraq, filmdə demək olar ki, sevgidən söhbət getmir. Əslində gedir, amma texniki şəkildə. Baş rol ifaçıları sanki, təsadüf nəticəsində seçilmişlər və aralarında heç bir uyğunluq yoxdur. Belə demək mümkünsə bir-birilərini sevə bilməmişlər. Ya da bunu bizə göstərməyi bacarmayıblar. Filmin senarisinə gəldikdə isə, sanki senarist əlli romantik filmə baxıb və onlardan xoşu gələn epizodları seçərək yeni bir film yazıb. Filmə diqqətlə baxsanız “mən bu səhnəni başqa hardasa da görmüşəm” deyəcəksiniz.

Bəs bu qədər uğursuz bir film niyə bu qədər məşhurlaşdı?! Nəzərə alsaq ki, filmin əsas tamaşacıları qızlardan ibarətdir bunu normal qəbul etmək olar. Bir vaxtlar Nüsrət Kəsəmənli şair deyil sadəcə “texniki işçidir” deyirdik. Bu film də nəinki “texniki işçinin” hətta “texniki heyətin” məhsuludur. Və fikrimcə “Aşk təsadüfləri sevər”-ə baxıb bəyənən və ağlayan bəzi xanımlar əslində Nüsrət Kəsəmənlinin şeirləri ilə ovunan və Üzeyirin mahnıları ilə “lomka”ya düşən insanlardır.

Kinoklik qeyd: Film haqda digər yazarımızın fikirlərini də bu linkdən oxuya bilərsiniz

http://youtu.be/Qn4Bev3TtU0