Most


2003
Çexiya
Qısa, Dram
Rejissor: Bobby Garabedian, William Zabka
Rollarda: Vladimir Javorsky, Linda Rybova, Lada Onorej
IMDB xalı: 8/10

Tviterdə izlədiyim biri təxmini belə bir tvit yazmışdı: “Bəzi filmlər var ki, ancaq özün baxmaq istəyirsən, onlardandı :)” linki də var idi, kliklədim. Ağlıma gəlməzdi ki, 33 dəqiqəlik bir videoya baxmağa hövsələm olsun, 1-2 dəqiqə baxdım, sonra axıcı, maraqlı və sakit səhnələrini izləyə-izləyə axrına çıxdım. Həmişəki mövzudu, ata və oğul, sevgi, xoşbəxtlik və uşağın fonunda həyatdan küsmüş birinin yenidən dünyaya qayıtması. Başqasının xoşbəxtliyini görüb öz faciəni unutmaq. Belə luzer olmuş birinin üzünü ancaq hansısa uşaq güldürə bilər, Ramiz Rövşənin yumruğunu ancaq bir uşaq aça bilər, və s.

“Most” Çex dilində Körpü deməkdi. Atası körpüdə işləyir, oğlu da bir gün atasından xahiş edir ki, onu bir gün işə aparsın. Bütün oğlan uşaqları kimi. Ögey Ana filmindəki İsmayıl kimi. Oğlan uşağı həmişə atasının iş yeri ilə maraqlanır, atalar da azyaşlı uşaq üçün oranın təhlükəli olduğunu bildiyinə görə aparmır çox vaxt. Uşaq vaxtı “atamın məni işə aparmamağını #qınıyıram” desən də, böyüyəndə görürsən ki, düzünü böyüklər edib. Ona görə uşaq “məni niyə iş yerinə aparmırsan?” deyəndə ya “böyüyəndə biləcəkən” demək lazımdı, ya da oturub uşaq dili ilə başa salmaq. Sonradan peşmançılıq olmasın deyə..

Vaxt itirməməyiniz üçün linki paylaşıram, 480 edib babat keyfiyyətdə baxmaq olar.

Qeyd: treylerin paylaşmıram, çünki filmə marağı azaldacaq.

Qeyd 2: dram olmağına baxmayaraq adamın kefini pozmur, əksinə qarışıq hisslər yaradır ağlında.. və ürəyində..