Donnie Darko

2001,
ABŞ,
Dram, Sirrli, Elmi-fantastik,
Rejissor: Richard Kelly

Mənə görə film izləyiciləri iki kateqoriyaya bölünür. Birinci kateqoriyadakılar filmlərə sadəcə əyləncə kimi baxır, boş vaxtlarını şən keçirmək üçün yaxşı vasitə olduğunu düşünüb izləyirlər, ikinci növ izləyicilər isə filmə bir sənət əsəri kimi baxır, mümkün qədər ondan həzz almağa çalışır, sadəcə 1-2 saatlıq həzz verən filmlərdənsə insanı əyləndirərkən düşündürən, məntiqi, bəşəriyyət və insaniyyət üçün gərəkli problemləri əks etdirən, bu problemlərə həll axtarmağa insanları məcbur edən kinolara üstünlük verir.

Mənə görə, bu aspektdən yanaşdıqda, filmlər özləri də iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar hər kəs üçün nəzərdə tutulur, yəni hamı tərəfindən anlaşılan, insanı sadəcə əyləndirən, onu anlamaq üçün izləyicinin çox da düşünməsini tələb etməyən filmlərdir ki, buna əsasən aksiyon, döyüş, ailə, romantik komediya və s. janrlarındakı filmləri (əlbəttə istisnalar var) misal göstərmək olar. İkinci kateqoriya filmləri isə tam əksinə olaraq yalnız bir qisim insan kütləsi üçün nəzərdə tutulub, bu filmləri siz yorğunluğunuzu çıxartmaq, əylənmək (əksinə bu filmlər beyninizi yorur) üçün izləmirsiniz, sadəcə düşündürülmək, çaşbaş salınmaq, təəccübləndirilmək istədiyinizdən izləyirsiniz, qısası düşünməyi bacaranlar üçündür ki, buna da mən ən gözəl nümnunə kimi “Donnie Darko” filmini misal göstərirəm.

Bu film mənim üçün psixolojik janrda çəkilmiş, birdə bənzəri (yəqin ki) olmayacaq bir şah əsəridir. Haqqında saatlara fikir istehsal etmək, saatlarla müzakirə aparmaq olar. Çox güman ki, bu filmə 1000 nəfər baxacaqsa, bunlardan 90%-i filmi başa düşməyəcək (bunlardan yarısı kinonu ikinci (-üçüncü-dördüncü-beşinci və s.) dəfə izləyəcək, yarısı isə filmi maraqsız və ya mənasız (!) olmasıyla günahlandıracaq), başa düşən 100 nəfərə gəldikdə isə, onlardan çox güman ki maksimum 10 nəfəri Riçard Kellinin (filmin rejisoru) filmdə nə demək istədiyini anlaya biləcək, qalan 90 nəfər filmin müəyyən bir hissəsini başa düşəcək və natamam hissəni öz xəyali yaradıcılığı ilə tamamlayacaq.

Bu da elə onun məntiqi nəticəsidir ki, kinoşünaslar “Donnie Darko” tamaşaçılara təqdim edildikdən sonra filmin açıqlaması ilə əlaqədar öz fikirlərini yazan izləyicilərin şərhlərindən yüzlərlə yeni film ssenarisi ərzəyə gətirilə biləcəyi qənaətinə gəlirlər. Çox maraqlıdır ki, 2004-cü ildə filmin necə çəkildiyindən, çəkilmə prosesindən bəhs edən “ ‘Donnie Darko’: Production Diary” adlı sənədli filmi İMDB-dən 7.1-lik bal alır ki, bu mənə görə filmin bəhs etdiyi mövzunu düşündükdə kifayət qədər müsbət göstəricidir.


“Donnie Darko” filmi 2001-ci ildə bu əsərinə kimi o qədər də məşhur olmayan dahi (mənə görə) Riçard Kelli tərəfindən çəkilib. 2002-ci ilin yanvar ayında Fransada premyerası olub və 28 gün davam edib. Qeyd edim ki, filmdəki hadisələr də 28 (!) gün ərzində cərəyan edir. Filmlə eyni ada sahib baş qəhrəman Donnie Darkonu Ceyk Qilenhol canlandırır. Müxtəlif festivallarda 11 mükafata layiq görülüb. 8.2-lik qiymətləndirmə ilə İMDB-nin ən yaxşı 250 film siyasında yer almaqdadır.

Filmin internet səhifəsi isə özünə məxsus dizaynı ilə seçilir (2001 Sundance film festivalında “ən yaxşı film internet səhifəsi” mükafatına layiq görülür). Filmi izləyəndən sonra bu səhifəyə daxil olmanızı məsləhət görürəm : http://www.donniedarkofilm.com/.

Digər maraqlı bir situasiya kimiysə 2009-cu il istehsalı “S.Darko” filmindən söz açmaq istəyirəm. Donnie Darko filminin populyarlığından və müsbət rəylərindən faydalanaraq filmin ikinci hissəsi kimi rejisor Kris Fişer “S.Darko” filmini çəkir. Lakin çox təbiidir ki, bu film olduqca mənfi rəylərlə üzləşir (“Donnie Darko”-yla tək əlaqəsi personajların adının eyni olmasıdı).

Filmdəki hadisələrə gəldikə isə çox dərinliyə getməməyə çalışaraq qısa şəkildə bir izahat verməyə çalışacam. Deməli, kinoda hadisələr 1988-ci ildə kiçik bir Amerikan qəsəbəsində cərəyan edir. Donnie Darko 16 yaşlı orta gəlirli bir ailənin 3 övladından biridir ( iki bacısı var). Ailədə hər şey yerli yerindədi, valideyinlər mehribandı, övladlarına qarşı kifayət qədər can yandırırlar.Yəni kənardan baxıldıqda normal bir ailəyə bənzəyir, ailə üzvlərinin daxilində isə qasırğalar qopmaqdadır. Xüsusilə də özünü bir qəhrəman kimi hiss edən, lakin olduqca pessimist və bəzi psixolojik problermləri olan Darkonun daxili aləmində. Film bizə 16 yaşlı bu gəncin içindəki problemləri elə ustalıqla göstərir ki, həmin problemlərin bizə də xas olduğunu düşünürük.

Donnie həm əqli cəhətdən, həm də fiziki cəhətdən olduqca çox iztirablar keçirir və bu da xəyali dostu dovşan kostymlu Frənk ilə arasında sıx bir əlaqənin yaranmasına səbəb olur. Əsas diqqət olunmalı dialoqlar bu iki – real və qeyri-real personaj arasında baş verir, bu iki obrazı başa düşsəniz filmi də başa düşəcəyinizə heç şübhəniz olmasın. AMMA bu burda yazdığım qədər asan deyil.

Mən filmdən sonra bir neçə saat yalnızca film haqqında düşündüm, İMDB-dən kino haqqında yazılmış izləyici kommentlərini oxudum, filmi ikinci dəfə izlədim, filmlə əlaqəsi olan bəzi fəlsəfi nəzəriyələri oxudum sonra filmin nə demək istədiyini çətinliklə də olsa özümə görə anlaya bildim (bəlkə mən də yuxarıda qeyd etdiyim 90 nəfərdən biriyəm). Nəyi anladığımı isə bura yazmayacam (çünki filmi maraqlı edən onun bu müəmalılığıdı). Filmi izləyin və bir gün kifayət qədər (nəsə) anlayan olduqdan sonra əsəri tam dərinliklərinə qədər müzakirə etməyə çalışaq. Xatırladım ki, psixolojik olduğu qədər də fəlsəfi filmdir, tək və sakit bir məkanda izləmənizi tövsiyə edirəm.

Son olaraq isə filmdə Frənk tərəfindən səsləndirilən, çox sevdiyim sualı sizə ünvanlamaq istəyirəm : Why are you wearing that stupid man suit ?