Perfume: The Story of a Murderer

Ətir: Bir Qatilin Hekayəsi

2006

Dram, Gərgin, Psixoloji

ABŞ, Almaniya, Fransa, İtaliya

İMDB xalı- 7.5/10

Patrik Züskind-in ” Das Parfum” romanı əsasında

Bu filmə çoxdandı baxmaq istəyirdim. Amma unutmuşdum. Jalanın bir statusunu görəndən sonra yadıma düşdü.

Keçmişin ruhunu daşıyan filmləri çox vaxt bəyənirəm. Bu da həmin filmlər siyahısına daxil oldu. Qeyd edim ki, çox xüsusi bir filmdi. Film 18-ci əsr Fransasında baş verən bir əhvalatı canlandırır.

Filmin baş qəhrəmanı Jan Baptist Qrenoyl dünyadakı bütün insanlardan fərqlənir. Yetimxanada böyüyən Janın anadangəlmə bir istedadı var. Güclü, çox güclü iybilmə qabiliyyəti. Onun öz dünyası var. Yalnız ətirlərdən ibarət bir dünya.

Janın 12-13 yaşı olanda yetimxana onu başqasına satır. O çox ağır şəraitdə işləyir və təsadüf nəticəsində keçmişin çox məşhur bir ətriyyatçısı ilə tanış olur.( Bu kişi ətri duymaq üçün maraqlı üsuldan istifadə edir. Əvvəlcə burnunu tutub ətirdən bir neçə damcı dəsmala tökür. Sonra (burnunu açıb =)) dəsmalı havada yelləyir.) Janın istedadı kişini heyrətə gətirir və Jan onun  köməkçisi kimi işləməyə başlayır. O Jana ətirlər barədə bildiklərini danışır. Mənə çox maraqlı gələn bir hissəni sizlə paylaşıram.

“Hər bir parfüm musiqi əsərinə bənzəyir. Ona dörd fərqli ətir və ya not daxildi. Hər parfümün üç nöqtəsi var. Zirvəsi, qəlbi və təməli. Hamısı birlikdə 12 nota bərabərdi. Zirvə hissəsi ilk təəssüratı oyadır və təsiri yalnız bir neçə saniyə davam edir. Sonra təsiri bir neçə saat çəkən qəlb hissəsi gəlir. Təməldə isə təsiri bir neçə gün davam edən parfümün izi dayanır. Qədim misirlilər bu ətirlərə  əlavə olaraq birini də yaratmaq istəyiblər. Əfsanəyə görə, bir misir fironunun məzarı açıldıqda  ətrafa elə möhtəşəm bir ətir yayılmışdı ki, bütün dünya insanları özlərini cənnətdə hiss etmişdilər. On iki ətir müəyyən olunub. Amma on üçüncüsü əsla tapılmayıb.”

Bu sözləri deyərkən o ağlına belə gətirməzdi ki, əsla tapılmayan ətri  məhz qarşısında durmuş bu oğlan ixtira edəcək. Bu ətir Papanı belə onun qarşısında diz çökdürəcəkdi. Ona bir növ tanrı qüvvəsi bəxş edəcəkdi.

Jan, əslində, xəstə idi. Ətir xəstəsi. Onu qadınlara cəlb edən onların gözəllikləri, qarşı cinsə duyulan maraq deyildi. Onu cəlb edən və qatilə çevirən qüvvə onların ətri idi.

Filmə baxmağı tövsiyyə edirəm. Çox şey öyrənəcəksiz və dünyaya bir “ətir adamı”nın gözləri ilə baxa biləcəksiz. Filmə baxanlara və gələcəkdə baxacaq olanlara sual vermək istərdim. Dünyaya Janın gözləri ilə baxsanız ona haqq qazandıra bilərsiz? Sonda əldə etdiyi nəticəyə dəyərmiydi etdikləri?

P.S. Ətriyyatla maraqlanan varsa bu yazımda maraqlı məlumatlar tapa bilərsiz :)