Into the Wild

2007,

Amerika istehsalı,

Macəra, Avtobioqrafiya, Dram,

Film Sean Pennin rejissorluğu və Jon Krakauerin bestselleri əsasında lentə alınıb.

Film Christopher Johnson McCandless-in xatirəsinə ithaf olunur.

IMDB xalı 8.2/10,

Gündəlik gərgin rejim, ya gecə saat 4-ə kimi oyaq qalmaq ya da 9-dan 6-ya kimi özümüzü diskomfort hiss etdiyimiz iş kollektivində olmaq, bir-birinə quyu qazan insanlar, bütün günü kompyuterin arxasında işləmək, əylənmək və ikiüzlülük, cəmiyyət və cəmiyyət… İnsan təbiətin bir hissəsidi, yaratdığı mədəniyyət isə onu təbiətdən ayırıb şəhərlərə saldı, indi isə virtual həyata.. Hərdən bu rejimdən qaçıb sözün əsl mənasında yaşamağı arzu etsək də, bunun arzumuz qədər böyük məntiqsizlik olduğunu da dərk edirik, elə buna görə biz filmin qəhrəmanı Johnson-dan fərqlənirik, onun fikirincə ancaq məntiqlə yaşasaq heç yaşamamış olarıq..

Elə filmin özü də olmuş hadisəyə əsaslanır, qəhrəmanı tarixi şəxsdi. Kino bestsellerin əsasında lentə alınıb, süjet xətti kitab üslubunda olduğu üçün filmə baxanda kitab oxuduğunu hiss edirsən.. Kinoda azadlıq, insanın vəhşi təbiətdə yaşaması və onun nəticələri əks olunub, obrazlı şəkildə yox, təbii olaraq.

Dram və macəra janrındadı, mənə görə bu filmdə Bucket list və Edge filmlərinin oxşar rəngləri var.. Filmin proloqundakı Bayronun şeirini bir yerə yazıb saxlayacam. (bu ənənəni filmin qəhrəmanından öyrəndim)

Süjet xətti qəhrəmanın yenidən dünyaya gəlməsini, gəncliyini, yetkinliyini və müdrikliyə çatmasını əks etdirən dörd hissədən ibarətdir. O, sevgi, pul, etiqad, şöhrət və ədalət istəmir, həqiqəti istəyir. Artıq onun üçün telefon, hovuz, saxladığı ev heyvanı, siqaret, saat, xəritə heç nə yoxdu, sadəcə təbiət və sonsuz azadlıq var.. Güclü olmağı əsas şərt hesab etmir, onun üçün əsas özünü güclü hiss etməkdi, “cibimdə qəpiyim olmayanda daha xoşbəxtəm, azadlıq və sadəlik çox gözəldi…” Onun üçün karyera iyirminci əsrin məhsuludu, və o bunu istəmir..

Ali savadlıdı, ailəsi isə maddi cəhətdən imkanlı, amma onun üçün mənasız olan bu həyatı tərk edir, hesabındakı 24 min dolları xeyriyyəyə sərf edir, yola çıxandan sonra olan qalan pullarını da yandırır və vəhşi təbiətin qoynuna, Alyaskaya gedir.. Orda tələyə də düşür, tələdən çıxıb çıxmayacağını deməyəcəm, amma o xoşbəxt ömür keçirir. “Xoşbəxtlik ancaq onu başqaları ilə bölüşəndə əsl xoşbəxtlik olur”, amma iki ildən sonra ailəsinin yanına qayıdıb “mən gəldim” desəydi, onda da indi gördüyü həqiqəti görə biləcəkdi?

Bu şəkil Johnson-un fotoaparatından tapılıb…

Qeyd:Filmin saytında filmin aldığı mükafatları görə bilərsiniz, həm də orda daha çox şəkillər var.

Qeyd2: Filmə qrup şəklində baxmaq istəyirsinizsə nəzərə alın ki, intim vulqar səhnələr olmasa da, az da olsa çılpaq səhnələr var.

Trailer