Niyə kinoteatrlarda filmlər Azərbaycan dilinə dublyaj olunmur?


Son vaxtlar ən çox rastlaşdığım suallardan birinə cavab verməyə çalışacam. Niyə kinoteatrlarda filmlər Azərbaycan dilinə dublyaj olunmur?

Əslində səbəbləri çoxdu, bu haqda az-çox, əyri-düz, yalan-doğru bir az qaralama etmişdik. Amma elə bunu deyə-deyə qalmışdıq ki, Mədəniyyət Nazirliyinin xəbəri çoxlarımızı sevindirdi, bəzilərimizi isə kədərləndirdi. İndi Nazirliyin saytında həmin xəbəri nə qədər axtardımsa tapa bilmədim, linkini götürmüşdüm, klik etdim, keçid vermədi. Məlumatı niyə sildiklərindən xəbərim yoxdu. Ona görə indi istinad edəcəyim mənbə anspress.com saytı olacaq. Xəbərin başlığı çox xoşuma gəldi: “Kinoteatrlarımız ya dirçələcək, ya da tamamilə batacaq.” Xəbər isə belə başlayır: “15 iyul, 2011-ci il tarixindən etibarən Azərbaycan kinoteatrlarında nümayiş etdirilən bütün filmlər rəsmi dövlət dilində, yəni Azərbaycan dilinə dublyaj olunmuş versiyada yayımlanmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin bu qərarı fəaliyyət göstərən bütün kinoteatrlara şamil edilir. Bu barədə nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov ANS PRESS-ə açıqlamasında bildirdi.”

Əvvəlcə bu haqda ətraflı xəbəri hazırladığına görə Ziya Babayevə səmimi təşəkkürümü bildirib keçirəm öz şərhlərimə..

Ümumiyyətlə Azərbaycan dilində dublyajın tam tərəfdarıyam. Çünki hər bir doğma dil daşıyıcısı olan yerli tamaşaçı filmə baxanda onu hiss etmək və tam başa düşmək istəyər. Yoxsa heç bir tamaşaçı öz vətənində başqa dildəki filmə “qoyun aptekə baxan kimi” gözünü döyə-döyə baxmaq istəməz.

İndi çox da ki, qərar verilib. Ona qalsa keçən ilin sonlarında Atv-də “El içində” verilişində “Kinomuzun Problemləri” mövzusu ətrafında müzakirə getdi və vurğuladılar ki, bəs qərar var, 2011-ci ilin mart ayından Nizami kinoteatrı da daxil olmaqla 12 yeni kinoteatr fəaliyyətə başlayacaq. Bu tarixli vədlər reallaşmadığına görə 15 iyul məsələsi də “Söz verib aldatdı məni” mahnısının gününə düşməsə yaxşıdı.

Əvvəlki yazımda da qeyd etdiyim kimi, işin maddi-texniki tərəfi yaxşı pul tələb edir. Gəlin əsas problemlərə fikir verək: əhalinin sosial fəaliyyəti çox aşağı səviyyədədi, ona görə tamaşaçı kütləsi olmayan bir ölkədə heç bir sahibkar oturduğu yerdə yüksək keyfiyyətin arxasınca düşüb riskə getməz. Bizdə də Amerika deyil ki, bu ilin 4 ayı ərzində 55 milyon bilet satılsın, bizdə həm əhali az, həm də premyeraları gözləyən tamaşaçı yoxdu demək olar ki.. Anspress-dən oxuduğum xəbərdə yazılıb ki, “Bir ara Ukraynada da belə qərar qəbul edilmişdi. Lakin sonradan bunun uğursuz olduğunu görüb, 1 il sonra təkrarən rus dilində film nümayişinə qayıtdılar” Ona görə böyük ehtimalla filmlər orijinal səsi ilə Azərbaycan dilində subtiterlərlə yayımlanacaq. Bu da bir dəfə, iki dəfə, üç dəfə axırda həmişə rus dilində filmi yaxşı başa düşən, kinoya gedən əsas rusdilli kütlə kinoteatrlardan küsəcək.

Amma digər tərəfdən filmlər Azərbaycan dilində gözəl dublyaj olunsa, digər böyük azərbaycandilli tamaşaçı kütləsi formalaşacaq. Sonra kinoteatrlar fəaliyyətə başlasa, rəqabət yaransa qiymətlər münasibləşəcək. Necə ki, ilk rəqabətdə, ParkCinema açılanda Azərbaycan Kinoteatrında qiymətlər düşmüşdü.. Yenə də bahadı, amma münasib qiymətlər də var. Bunun üçün bir az mübaliğəli desək gərək dan yeri sökülməmiş, xoruzlar ban verməmiş gedək kinoteatrın ağzını kəsdirək ki, nədi nədi bilet ucuz düşsün. Halbuki hamı yaxşı bilir ki, kino istirahəti günün ikinci yarısı üçün nəzərdə tutulub. Həmin vaxt da biletlərin qiyməti 7-8 manat arasında dəyişir.

Gələk tərcümə məsələsinə.. Xəbərdə deyilir ki, “Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin sözlərinə görə, dublyaj zamanı savadlı tərcüməçilərdən və peşəkar aktyorlardan istifadə edilməlidir.” Əvvəla savad və peşəkarlıq nə qədər böyük rol oynasa da, film tərcüməsindəki təcrübə də bir o qədər rol oynayır. Çünki tərcüməçi nə qədər sayadlı olsa da, əgər təcrübəsi yoxdursa və ya təcrübə keçməyibsə filmi tərcümə edərkən böyük nöqsanlara yol verəcək. Dublyaj tərcüməsinin strukturu da yazılı və canlı sinxron tərcümədən çox fərqlənir..

Bəs bu işdə təcrübəlilər kimlərdir? Filmləri azərbaycan dilinə dublyaj edən hal-hazırda yalnız yerli kanallardı. Deyək ki, bu işlə normal məşğul olan 5 yuxarı, 3 aşağı hardasa 40-50 nəfər var. Onlardan da hardasa 10-unu, 15-ni birbaşa ingilis dilindən tərcümə edən, yaxşı, təcrübəli, peşəkar, savadlı tərcüməçi adlandırmaq olar. Həmin tərcüməçinin qonorarı isə müxtəlif kanallardan asılı olaraq dəqiqəsi “1 dollarla” 1 manat arasında dəyişir. 1 manat isə artıq 8 ildir ki, artmır. Bizə də region kanallarında dəqiqəsinə 40 qəpik alan qul tərcüməçilərə baxıb təskinlik tapmaqdan başqa çarə qalmır.

Bəs filmləri kim tərcümə edəcək? Tutaq ki, hansısa kinoteatr biz film tərcüməçilərinə əməkdaşlıq təklif etdi, ya da biz onlara müraciət etdik, əgər onlar da bizə televiziyaların təklif etdiyi məbləği təklif etsələr bizim öz işimizlə yanaşı kinoteatrla əməkdaşlıq etməyə maddi marağımız olmayacaq. Niyə bunu deyirəm? Çünki, tərcümədə maddi motivasiya olmadı, öldür, iş getməyəcək. Beləcə həmin 10-15 nəfər yaxşı tərcüməçilər də əldən çıxacaq. Hal-hazırda da qəfil əl-ayağa düşən kinoteatrların savadlı, amma təcrübəsiz tərcüməçiləri öyrədib yetişdirməyə nə vaxtı var, nə imkanı, nə də bu sahədə bilik, bacarıq və vərdişləri…

Bəs filmlər subtiterlərlə olsa necə? Bu qərar çıxmamışdan bir neçə ay əvvəl Park Cinemada filmlərin subtiterlə verilib verilməyəcəyi haqda maraqlandım, dedilər ki, “Bizdə planda var ki, orijinal filmləri türkcə altyazı ilə yayımlayaq” Yəni belə çıxdı ki, 5-10 manat ayırıb tərcüməçi tutub, Azərbaycan dilinə tərcümə etməkdənsə internetdən türkcə altyazını endirmək həm havayı başa gəlir, həm də Murad Köhnəqala demişkən “canımıza xeyirdi”. Zarafat bir yana, əslində buna görə kinoteatrları qınamaq da bir az ədalətsizlik olar. Çünki kinoya baxmağa gələnlərin çoxu rusdillilərdi. Keçən gün uşaqlarla yığışıb kinoya gedəndə bir dostum dedi ki, “Uşaqlar, eşitmisiniz? təzə qərar çıxıb, iyulun 15-indən kinoteatrlarda kinolar Azərbaycan dilində dublyaj olunacaq. Ayın 15-inə kimi nə kinoya baxdınız baxdınız, ondan sonra gec olacaq. Ujas..”

Ümumiyyətlə niyə kinoteatrlara getmirik? Yəqin xarici filmlərin çoxunun treylerlərinin sonunda bunu eşitmisiniz. “in theaters near you” Yəni filmin premyerasına evinizə yaxın kinotearda baxa biləcəksiniz. Yuxarıdakı 12 kinoteatr şəhərimizdə fəaliyyətə başlayanda həm kinoteatrlar arasında rəqabət olduğuna görə qiymətlər münasib olacaq, həm də arvad-uşaq evdən iki addım çıxıb yaxınlıqdakı kinoteatra gedə biləcək. İndi Bakı sakinlərinin yolu kinoteatrlara bir az yaxın, bir az uzaqdı, amma rayondakıların vəziyyəti daha çətindi. Bir dostum var salyanlı, ondan soruşdum ki, kinoteatr var rayonunuzda? Dedi, hə var, rayon camaatı arasında da adı belədi: “Salyanın açıldığı gündən bağlı kinoteatrı”.. Sonra da onları qınayırıq ki, niyə heç bir sosial fəaliyyətiniz yoxdu?!..

Nə başınızı ağrıdım, yəni ki, vəziyyət belədi. Yenə deyirəm, bu işə pul buraxmasan keyfiyyət gözləmək absurddur. Pul da kı, bir dövlətdə olur, bir də ingilisdə. İngilis deyir mən kinomu çəkmişəm, dövlət deyir, mən də qərar çıxartmışam. Kinoteatrlar da qalıb çabalaya-çabalaya..