Shutter Island

2010,

Dram, Sirrli, Triller,

Rejissor: Martin Scorsese,

Baş rollarda: Leanardo DiCaprio, Mark Ruffalo,

Elə indicə baxıb qurtardım, balansı qorumaq üçün davamlı olaraq eyni janra baxmıram, axırıncı  komediyadan sonra bu həm maraqlı gəldi, həm də ağır. Ssenarisi elədir ki, şərh edə bilməyəcəyini fikirləşirsən, ona görə yazmaq istəmirdim. Amma bu da insanı təsir altına salan bir kinodu, ümumiyyətlə sənə təsir edirsə yazmağa dəyər, baxmağa da dəyər. Psixiatrik klinikadan bəhs edən ikinci filmdir ki, xoşuma gəldi. Birinci isə “one flew over the cuckoos nest” filmi idi. Əvvəlcə elə bilirsən detektiv janrındadı, amma yox, nəticə tamam fərqli olur. Elə bir kinodur ki, tam başa düşdüyünüz və hiss etdiyiniz dildə baxmalısınız, gözünüz subtitrlarda qalmamalıdı.

Həm də sirrlidi, ağlayacağınızı, sevinəcəyinizi, güləcəyinizi fikirləşməyin, bütün düyünləri finala saxlamayıblar, yəni başdan axıra kimi tamaşaçı indi nə olacaq deyə maraq içində izləyir. Yorğun və dilxor vaxtınızda baxmayın məncə, filmi izləmək üçün kifayət qədər enerji lazımdı onsuz da. Ən azından baxandan sonra yüngülləşməyəcəksiniz, hələ bəlkə də bir az yükünüz artdı. Amma izləməsəniz nə vaxtsa oxşar mövzularda şərh demək şansından məhrum olacaqsınız..

Yağışlı görüntülər David Fincherin üslubunu xatırlatsa da burdakı görüntülər daha soyuq idi. Bu, əvvəl üç filmdə birgə işləyən Martin Scorsese və Leanardo Di Caprio cütlüyünün növbəti müştərək filmi oldu.

Qeyd: Trailerə aldanmayın, qorxu filmi deyil. Bir də Leanardo varsa onsuz da yaxşı kinodu.