Naked

– Sən sevgi əsarəti altında nə anlayırsan?
– Tənhalıq və ayrılıq.
                                                                             (İosif Brodski)

Filmin adı – “Çılpaq”dır. Rejissor Mike Leigh bizi özünün qəhrəmanları ilə baş-başa buraxır. Tanış olaq – Johnny!

Johnny
MikeHələlik burda fasilə verib bir qədər rejissor haqqında məlumat verim. Mike filmlərini bir başa çəkim günü düşünür (!) Bəli, bu rejissorun xüsusi tərzidir. O ssenarisiz işləyir. Ancaq obrazlar haqqıda düşünür və düşüncələrində obrazları bişirir. Sonra kastinq elan edir. Aktyor ansamblını seçir. Və aktyor heyəti ilə fərdi olaraq günlərlə yaradacağı obrazı müzakirə edir. Və ən nəhayət onları bir araya gətirir və aktyorların imitasiyasına güvənərək film çəkir. “Çılpaq” filmi də belə desək bu eksperiment nəticəsi meydana gələn kifayət qədər ardından söz etdirməyi bacaran sənət əsəridir.
Qayıdaq qəhrəmanımız Johnny-yə. Rejissor filmi David Thewlisin çiynində daşıyır. Johnny-nin keçmişi haqqında heç nə məlum deyil. Film bu haqda tamaşaçıya heç nə demir. Gizlətmir də. Dostoyevskiliyə gərək görmədən, DOGME cərəyanında olduğu kimi hadisələr burda və indi baş verir. Johnny səfildir desək yanılarıq. Johnny dəlidir. Yenə yanılırıq əslində. Johnny bəlkə də insanın bir üst modelidir. Dünyanın dərdini çəkir. Kifayət qədər intellektual və savadlıdır. Amma bu savad dərsliklərdən, tv kanalları qarşısında öyrənilməyib. Kitab sevərdi. Bəzi kadrlardan aydın olur ki, kifayət qədər çox kitab oxuyub. Johnny sıradan bir insandır. Və siyasətdən tutmuş, duyğulara qədər hər şeyə öz insanlığından baxır. Gözüyaşlı bir qadınla sevişə bilər, tanımadığı mühafizəçiyə həyat dərsi keçə bilər, insanlara sevdiyi an sevdiyini, sevmədiyi an əlvida deyə bilər. O idarəolunmazdı. Çılpaqdı. Əynində geyim olsa da, daxilən çılpaqdı. Heç bir mədəni, siyasi, dini mövzular, məsuliyyət, nifrət, sevgi geyməyib. Ani qərarlarla rəngli həyat sürür. Və bu onun məcburiyyəti deyil, seçimidir. O çılpaq olaraq xoşbəxtdir.

Biz Johnny ilə bərabər daha 3 əsas obraz görürük – Lousie (Lesley Sharp), Sophie (Katrin Cartlidge) və Jeremy (Greg Cruttwell). Lousie Johnny-nin eks sevgilsidir. Sophie Louise-in rəfiqəsidir. Amma bu rəfiqələr arasında kəskin fərq, eyni zamanda oxşarlıq var.

Sophie demək olar ki, ömür çürüdür narkotik preparatlarla. Louise-in işi, həyatı çox normaldı. Amma uçurum kənarındadı. Johnny istəsə o uçurumu addım atmağa məmnuniyyətlə razı olar. Hətta “Johnny məni qucaqla”… təklifi ilə Johnny-yə onu bu uçuruma dartmağa yalvarır. Jeremy ev sahibi, imkanlı, dünya üzünə gülmüş bir “cənabdır”. Amma iç dünyası çirkabı ona əziyyət verir. Biz Johnny ilə onun arasındakı oxşarlıq və fərqlilikləri də müşahidə edirik. Ümumiyyətlə filmdəki obrazlar kəskin şəkildə bir-birinə həm bənzəyir, həm fərqlənir.

Filmin gərginliyi, dinamikası yoxdur. Başladığı tepmdə də başa çatır. Amma bu hardasa “heçlik” deyəcəyimiz film, insan tənhalığından bəhs edən ən yaxşı filmlərdən biridir. Filmdən fövqəladi bir şey gözləmək, simvolika axtarmaq düzgün deyil. Çünki, Johnny kimilər ətrafımızda çoxdur əslində. Biz onları hər gün görürük, bəzilərimiz uzaq durur, bəzilərimiz dost olur. Əslində, çox az insan belə qarmaqarışıq, ilk baxışdan “nə istədiyini bilməyən”, amma əslində nə istədiyini çox gözəl bilən tipləri özləri kimi qəbul etməyi bacarır. Odur ki, film “hər kəs üçün olmayan filmlər” kateqoriyasında özünə yer alıb.