Good Bye, Lenin!

 


Əlvida, Lenin!

2003,

Komediya, Dram, Melodram

Rejissor: Wolfgang Becker

İMDB xalı: 7.8/10

Almaniya  1945-ci ildə Amerika, İngiltərə, Fransa və SSRİ tərəfindən işğal edildi. Sovetlər birliyi Qərbin birləşmə təklifinə qarşı çıxaraq Şərqdə sosialist bir dövlət qurdu. Ancaq şərqdən qərbə qaçanlara mane ola bilmədi  və buna görə də Berlin Divarı çəkildi. Bu qədər bəsit deyil, təəssüf ki…

Tarix ancaq xronologiya, fakt, quru məlumatdan ibarət deyil.  İkinci Dünya müharibəsi 1 sentyabrda Polşanın işğalı ilə başladı, 2 sentyabrda Yaponiyanın təslim olması ilə başa çatdı. Bunu bir də  müharibəni yaşayanlardan soruşun hələ…

Müqavilələr sadəcə bir imzadır. Filan torpaqlar verilir, filanı alınır… Bir də o torpaqlarda yaşayanlardan maraqlansan?! Kosmosdan Yer kürəsin seyr etmək kimi, sadəcə kürədir, yer deyil…

1978-in yayı. Kosmosa çıxan ilk Alman Sigmund Jahn`ı bir çox uşaq heyrətlə izləyir, kosmonavt olmaq xəyalı ilə gecələri roketli, ulduzlu, Aylı yuxular görür… Yann Tiersenin barmaqları pianonun 88 dilində 7 notla həyata, ölümə, dirilməyə fon musiqi yazır. O an həyat xəfifləyir, kəpənəyin qanadlarından qopan meh üzünə sığal çəkir, qarışqanın ayaq səsləri eşidilir…Dinlədikcə uşaqlığın elə bu filmin lenti kimi keçir gözlərinin önündən…

Və o an iki uşağını, gözəl xanımını isti sosializm cəmiyyətində qoyub soyuq kapitalizmə qucaq açan atanı başa düşmürsən, azad mətbuat istəyən oğlunu anlamayan ana kimi… tək istəyi sosializmi gözəlləşdirmək, inkişaf etdirmək, daha da həyat dolu hala gətirmək olan ana kimi…

Ananın komaya girməsi ilə, şüurun tamam qeyb olur və dərin bir yuxuya dalırsan musiqinin qoynunda… Həbsxana ilə xəstəxananı müqayisə edirsən istəməyərək. Düşünürsən ki, xəstələr həbsdə sağlam olmağı, məhbuslar da reanimasiyada azad olmağı istəyərlərmi?

Cənnət varmı, yoxmu deyə fikirləşərkən ananın ayaqlarının altını unutduğunu xatırlayırsan. Analıq hissini heç cür yaşaya bilməyəcəyin üçün kişi doğulduğuna heyfslənirsən…

Bu hisdən qurtulmamış saf bir sevginin başlanğıcının şahidi olursan. Həqiqətən anlıq bir duyqudur. İnsan nə qədər çalışsa sevə bilməz, bir baxar ki, artıq sevir. Bir yeri, zamanı, müəyyən bir şəxsi yoxdur… Uzaqlaşdıqca yaxınlaşarsan…

Divarlar səbrin timsalıdır. Ayrılıqdır…istilikdir…həsrətdir…vüslətdir…kədərdir…sevincdir… Divarın hansı tərəfində olmağından asılıdır. Amma bu divarın bir anlamı yoxdur və anlamsız olan hər şey yıxılmağa məcburdur. O da tab gətirə bilmir. Hər bu rəsmi gördüyümdə Zülfi Livaneli türküsü səslənir qulağımda:

“ Duvarları kuşatın da tutuklayın hepsini

Ne böyle gurbet olsun ne böyle ayrılıklar

Kaldırın duvarları yıkın gitsin hepsini

Ne böyle zulüm olsun ne de böyle şarkılar ”

Şərqlə Qərb birləşir. Günəş artıq eyni yerdə doğub batır… Kapitalizmin soyuq Coca-Cola`sı isti sosializmi sərinlədir. Sosialist Almaniya nümunəsi ilə necə bir dünyada yaşadığımız gəlir ağlına, qəlbin bir məngənədə sıxılır sanki. Sosializm oruc tutan müsəlman, kapitalizm isə obez, hamburger yeyən dünyəvidir çünki…

Bu gün atamızı gördüm deyir…səsindən tanıdım… ona ancaq  “Burger King’i seçdiyiniz üçün təşəkkür edirik. Yenə gözləyirik ” deyə bildim… O an anlayırıq əslində kapitalizmin necə bir sarmaşıq kimi insanları sardığını və insanları duyğusuz, tək yönlü yaşamağa məhkum etdiyini…

Xəyallardakı sosializm qonaq gəlir ananın kiçik otağına. Müasirlik adına evə doldurulan hər şey yerini köhlərə qaytarır. Onlara heç gərək də yox imiş məgər. Nə varsa, köhnələrdəymiş, hətta pullar da. Ad günü hazırlığı ilə fərəhlənir, uşaq kimi sevinən ananı təbrik edə bilmədiyiniz üçün hüzünlənirik…

Pul tapılır… İşə yarayarmı? Əməyə hörmətin hökm sürdüyü zamanda yığılmış köhnə pullar… İnsana dəyər verilən zamandan qalma, kapitalist nizama uyğunlaşa bilməyəcək qədər müqəddəs…

Coca-Cola belə Şərqi Almaniya malıdır bu otaqdakı televizora görə…Əslində, yapışdırma bığlı, şalvarsız müxbirin təqdim etdiyi xəbərlərlə bizim canlı yayınların heç də fərqi yoxdur, hə?

Ananın yeriməyə başlarkən qarşılaşdığı mənzərə… Rəngarəng əşyalar, qərb malı maşınlar, İKEA afişaları, İsanın portretinin olduğu bir çərçivə…

Vertayotla daşınan Leninin bölünmüş heykəli hələ də sosialist salamının yoldaşlardan əsirgəmir. Əlvida Lenin,  işçi sinfinin bənzərsiz qəhrəmanı, hələlik…

Yox, fikirləşdiyiniz kimi deyil. Ananın qarşılaşdığı mənzərə “ Qərbi Almaniyanın kapitalist düzənindən qaçıb Şərqə sığınan insanların gətirdiyi nəticədir ”. Ananın xəyalları oğlunun əməllərində həqiqət olur…

Ananın səyahəti… Keçmişə əbəddən son bir əl eləmə, son bir vida, bir sözlə əlvida … Ana etiraf edir; ataları onları tərk etməmişdir, onları Qərbli bir qadına görə atmamışdır.. sadəcə sosial ola bilməmişdir… hətta məktublar yazmışdır dəfələrlə… Məktublar, zərflərin içində gizlənmiş bir az ümid, bir az yalan, bir az doğru…

Atası ilə görüşə Sigmund Jahn`ın roketi ilə ulduzların arasından keçib gəlir. İllər sonra oğlunu görən ata nə söz deyə bilər ki, ya da atasını görən oğul? Uzun illərdən sonra birini ilk dəfə gördüyümüzdə saatlarca heç danışmadan qarşılıqlı oturmaq lazım gəlir. Kədər səssizliyin kölgəsində öz dadını çıxarda bilsin deyə. (Emile Cioran)

Ana öləcək…nağıl bitir…almalar yavaş-yavaş yerə enir…ata gecikir… Son nəfəsdə onu görə bilməmək. Ata ilə ananın görüşməsi uzun çəkir. O qədər mutlu olursan ki, mutsuzluğu özləyirsən…

Ana sonuncu xəbərləri izləyir: “ Sosyalizm bir divarın arxasında yaşamaq deyildir. Digərlərinə yaxın olmaqdır və digərləri ilə yaşaya bilməkdir. Sadəcə daha yaxşı bir dünya xəyalı deyil, dünyayı daha yaxşı bir yer halına gətirməyə çalışmaqdır ”.

Yenə yay gəlir… bir hekayə yenə bitir… bir ailənin, bir ananın hekayəsi… Ana “ Sosialist Almaniyanın qələbəsi ilə birləşən Berlində ” üç gün yaşaya bilir. Onsuz da doğruluq həqiqətlə tərs mütənasibdir…

Ağlamaq gülməyin səbəbidir… Ağlamayan gülə də bilməz… Bu da mənim yeganə ağladığım film… Xəyali bir siyasi sistemin təxəyyüli filmi…Gülünc səhnələrə ağladan, hüzünlü səhnələrə güldürən… Bir gündə bütün fəsilləri yaşamaq kimi…