The City of Lost Children

1995
Fransa
Rejissorlar: Marc Caro, Jean-Pierre Jeunet
Aktyorlar: Ron Perlman, Daniel EmilforkJudith Vittet
IMDB xalı: 7.7/10

Hamımızın uşaq vaxtı baxıb xoşumuza gələn, sonradan itirdiyimiz kinolar olur. İllərcə o kinonun adını axtarırsan, çox adama kinodan bəzi kadrları danışırsan, amma heç kim xatırlamır. Getdikcə sənin kino haqda xətirələrin də yoxa çıxır, yaddaşında bir-iki görüntü qalır.. İndiyə kimi itirdiyim kinoları gec-tez tapmışdım, amma biri qalmışdı ki, heç cürə tapa bilmirdim.

Yuxu kimi alaqaranlıq bir şəhərdə uşaq bandası, zəncirləri qıran güclü oğlan, qəribə personajlar, və adını unutduğun gözəl bir qız… Miette. O vaxtlar həmin personajla elə həmyaşıd olardıq. “Cool” duruşuna, ağıllı gözlərinə, gözəl üzünə görə xoşum gəlmişdi o qızdan. (kinoya baxandan sonra öyrəndim ki, qızın güclü və möhkəm görünməsi üçün rejissor film boyunca ona üz mimikalarını dəyişməyə və gülümsəməyə icazə verməyib)

Məşhur rejissor Jan Pier Jene-nin Amelie filminə baxmışdım, çox xoşum gəlmişdi, yaxınlarda rejissorun Delicatessen filmini izləyəndən sonra qərar verdim ki, onun bütün filmlərini izləyim. Elə İtmiş Uşaqlar Şəhərini də beləcə tapdım. Kinoya yenidən baxdım, illər sonra, amma eyni maraqla. Düzü dəyişən elə bir şey yox idi, elə Miette də həminki qız idi. Qəşəng, cəsarətli və “cool”

Film macəra, komediya, dram janrındadı, mövzusu da maraqlıdı. Liman şəhərində, dəniz platformasında yaşayan qorxunc alim Krank, yuxu görə bilmədiyinə görə tez qocalır.

Təkgözlü köməkçiləri tərəfindən oğurlanan uşaqlar Krankın laboratoriyasında cihazlara bağlanır, beləcə Krank uşaqların yuxularını oğurlayır. Amma cəsərətli qız və ürəyiyumşaq nəhəng onun qarşısını almaq istəyirlər.

Film qeyri-adidir, özünəməxsus mövzusu, dekorları, geyimləri ilə kino qəribə incəsənət əsəri kimi görünür.

Şəxsi qeyd: Kinoya baxandan sonra sevimli aktrisamı, Judith Vitteti internetdə axtarmağa çalışdım, amma demək olar ki, heç nə tapa bilmədim. Birinci dəfədir ki, hansısa aktyor haqda, nə wikipediada, nə IMDB-də, nə google-da, nə youtube-da ətraflı bir məlumat və yeni bir şəklin tapa bilmədim. Deyilənə görə əslində adı Judith Vittet olmayıb. Ümumiyyətlə 1997-ci ildən sonra yoxa çıxıb. Müsahibələrinin birində deyib ki, aktrisa olmaq istəmir, memar ya da arxeoloq olmaq istəyir. Deyəsən indi Parisdə hardasa yaşayır, modelyerdi.