Delicatessen

Fransa

IMDB xalı: 7.8/10

Məşhur fransız rejissoru Jean-Pierre Jeunet-in 1991-ci ildə çəkdiyi bu kino BAFTA mükafatlarından başqa əlavə 12  mükafat da alıb.

Təsadüfən gördüm bu filmi, adı maraqlı gəldi. Delicatessen. Haqqında bir az oxudum, mövzusu da maraqlı gəldi, baxdım.

Tam bir fransız kinosudu, miniatür. Bütün səhnələr elə bil teatr dekorudu. Əgər hələ baxmamısınızsa kino, rejissorun 10 il sonra çəkdiyi digər məşhur filmi Amelie-ni xatırladacaq, rəngləri, personajları, qeyri-adi elementləriylə bir-birlərinə çox oxşayırlar, hər iki kinonun rəngləri də eyidir, amma Amelie-də hadisələr gündüz baş verirdisə, bu kinoda isə bütün hadisələr gecə baş verir. Amelie ilə oxşatmağımın digər səbəbi də baş rolu ifa edən aktyorun Amelie-dəki aktyor olması idi. Özü də Amelie-dəki ofisiant qızın gicbəsər köhnə əri :)

Mövzusu da qəribədi. İnsanların qorxudan çölə çıxa bilmədiyi bir vaxtda yemək tapmaq çox çətin məsələdir. Hətta belə yerlərdə adam əti də delikatesdir. Kino bir növ kannibalizm fantatikasıdır. Köhnə sirk janqlyoru Luison binaya kirayə köçür. İndi birinci mərtəbədəki qəssab qarışıq bütün bina sakinlərinin gözü onun üstündədir. Luison da qəssabın qəşəng qızı Jüliyə aşiq olur. Jüli digər kirayənişinlərin başına gəlmiş bədbəxt hadisədən Luisonu qorumaq istəyir.

Fantastik və komediya janrındakı kinoya dəxlisiz də demək olar, amma baxdıqca baxırsan, getdikcə kino əyləncəli olmağa başlayır. Film bitəndə də baxdığına peşman olmursan. Elə bil maraqlı bir yuxu görürdün. Bütün hadisələr bir binada gecə baş verir, bir də otaqlarda, dediyim kimi, çox miniatür bir kinodu.

Ameliedəki kimi burda da kənar personajların həyatı paralel olaraq kino boyunca davam edir.

Film boyu ancaq gecə olur, təkcə kompazisiyaya uyğun olaraq finalda hava açılır.

Bu, elə bir kinodur ki, hər kəsə xitab etmir, amma belə kinolar xoşuma gəlir. Biri də olsaydı baxardım :)

Treylerini paylaşmıram, elə birbaşa filmə baxmağa dəvət edirəm. Gözüaçıq yuxu görmək maraqlı olmalıdır :)