O… Çocukları


İstehsal: 2008 ~ Türkiyə
Növ: Dram, Komedi, Psixoloji
Rejissor: Murat Saraçoğlu
Ssenari: Sırrı Süreyya Önder
Musiqi: Kıraç

“O çocukları” filminə baxdım dünən. Bu  günə kimi baxdığım türk filmləri arasında bu film şübhəsiz ilk sıralarda yer alıb.

Hadisələr 1981-ci il Türkiyəsində baş verir. 1980-ci il hərbi çevrilişindən sonra solçular, anarxistlər repressiyalara məruz qalır. Əri və qardaşı həbs edilən Məryəm qızı Hazan ilə polislərdən gizlənir. Polislər hər yerdə onları axtarır. Bir müddət fahişə uşaqlarına (orospu çoçukları) baxan Mehtapın evinə sığınır. Vəziyyət getdikcə pisləşdiyi üçün qızını Mehtapa əmanət edərək İtaliyaya qaçır. Daha sonra Hazanı da İtaliyaya aparmaq üçün Donatella adlı yarı türk yarı italyan qadın İstanbula gəlir. Balaca Hazanın İtaliyaya getməsi üçün aparılan mübarizə filmin süjet xəttini təşkil edir. Anarxistlərin repressiyası mövzusu Babam ve Oğlum filmində də var. Orada da junalist Sadık çevrilişdən sonra işgəncəyə məruz qalır və həbsə atılır. İşgəncə nəticəsində ciyərləri məhv olur.

Amma filmdə 1980 hadisələri daha çox ikinci planda qalır.

Baş rolları Özgü NamalSarp Apak,  Demet Akbağ oynasa da  mənim daha çox diqqətimi çəkən İpek Tuzcuoğlunun oynadığı Haticə rolu oldu.

Haticə Mehtapın evində yaşayan fahişdir.

Uşaqlığında bir oğlanı sevir. Lakin onu məcburən başqasına ərə verirlər. Həm də 14 yaşında. Əlbəttə ki, onun başqasını sevirəm deməyə hüququ yoxdur, ümumiyyətlə heç bir hüququ yoxdur. Sevgilisi qaçmaq təklif etsə də, qorxur və imtina edir. Adət ənənəyə uyğun gəlin köçür. Daha sonra ərinin qardaşı tərəfindən zorlanır lakin  utandığından və ya çəkindiyindən bunu heç kimə demir. Sakitcə ağlayarkən qayınatası görür və məcburən başına gələnləri qayınatasına danışır. Amma elə qayınatası tərəfindən də zorlanır. Sonra o evdə qala bilməyən Haticə atası evinə gəlir ona edilənləri evdə də deməyə çəkinir, döyüldüyünü bəhanə edir. Atası ona “eybi yox ərindir düzələr” deyib geri yollayır. Yolda keçmiş sevgilisi ilə qarşılaşan Haticə qoşulub İstanbula qaçır. Daha sonra bir səhər oyananda sevgilisinin yanında olmadığını görür. Geri dönə bilmir və həyat yolu onu çirkabın içinə yuvarlayır..

Zina edərkən yaxalanmış bir qadını İsa Məsihin  yanına gətirirlər: “Bu qadın zina edərkən yaxalanmışdır. Musa qanunda bizə əmr edib ki, bunun kimiləri daşlayaq.”

İsa Məsih: “Sizlərdən kim günahsızdırsa ona birinci daş atsın”

Biz nə etdik?

Fahişələri daşqalaq etdik, insan yerinə qoymadıq, amma niyə fahişə olduğunu heç düşünmədik. Heç bir qadın bu yolu özü seçmir. Qadını fahişə edən ətrafındakı mənəviyyatı zorlanmış insanlar və çürük qanunlar üzərində qurulan cəmiyyətdir. Haticə obrazı məhz bunu göstərir. Baxın, kimlər fahişə etdi Haticəni. Burda o həmdə öz cahilliyinin qurbanıdır. Sonda onu ata, iki qardaşın birgə işindən törəyən öz oğlu öldürür. Haticə obrazı çox ciddi mesajdır, məncə.

Filmin məğzi daha çox dialoqlarda gizlənib. Haticənin başına gələnlər də Dona ilə söhbətdə ortaya çıxır. Ona görə də filmdəki dialoqlara diqqətlə baxın. Digər diqqət çəkən məqam Donanın Mehtapla mübahisəsidir. Əvvəllər fahişə olan Mehtap ifrat realist qadındır. Dona uşaqları normal tərbiyə edərək anaları kimi fahişə olmaqdan çəkindirməyin mümkün olduğunu düşünür. Mehtap isə onların məhz uşaqlıqdan çirkabın içində böyüməli əgər bacarsa özü bu bataqlıqdan qurtulmalı olduğunu, əgər əzizləyib böyütsən həyatın vurduğu ilk zərbədə darmadağın olacağını deyir.

Açıq deyim bu mübahisədə kimin tərəfində olduğumu müəyyənləşdirə bilmədim. Yəni nə qədər düşünsən də kimin doğru kimin yanlış olduğunu müəyyən etmək çox çətindir. Bu isə filmin gücünün göstəricisidir. İnsanı düşünməyə bu fikirlərlə yaşamağa vadar edir.

Lokman və Mehtap

Lokman məhəllədəki tibb məntəqəsinin həkimidir. Mehtap hər səhər iynə vurdurmaq üçün həkim Lokmanın yanına gəlir. Lokman Mehtapın fahişə olduğunu bil sə də, ona evlənmək təklif edir. Artıq bu işlə məşğul olmadığını və onun əvvəlki həyatını dərd etmədiyini deyir. Mehtapın da ondan istəkləri var: çay baxçasına getmək, kinoya getmək, axşamlar bir yerdə oturub televizora baxmaq.

Bu kiçik şeylər onu xoşbəxt etmək üçün yetərlidir. Səhərdən axşama başını o divardan bu divara vuranlar bilməlidir ki xoşbəxtlik çox bəsit şeylərdədir əslində.

Filmin musiqiləri Kıraça aiddir və bir sözlə möhtəşəmdir. Amma bəzi səhnələrdə musiqi görüntünü ört-bas edir.

Onu da deyim ki, film ailə filmi deyil. Məişət söyüşlərindən bolluca istifadə edilir, amma fahişə yaşamını təsvir etdiyindən bu  normaldır.

Xoşuma gəlməyən tək şey filmin sonluğu oldu. Son 5 dəqiqə bütün filmi yerdən yerə vurur, amma buna rəğmən baxılamalı olan film statusunu itirmir.

Filmin fraqmanının izləmək üçün link

Yükləmək üçün link

Qeyd: Film haqda digər yazarımız Zaur Qurbanlının fikirlərini isə bu linkdən oxuya bilərsiniz.