Crianças Invisiveis (All the Invisible Children)

Görünməz Uşaqlar

İl: 2005

Janr: Dram

Rejissorlar: Mehdi Şərif,  Emir Kustriça, Spayk Li, Katya Land, Cordan Skot və Ridle Skot,

Stefano Venerusso, Con Vu

Xronometraj: 124 dəq

Bu filmlə tanışlıq təsadüfən alındı. Hansısa film saytından Emir Kustriçanın bir filmini axtararkən qarşıma çıxdı. Posteri və film haqda olan məlumatlar cəlb etdi. Unicef-in dəstəyi ilə çəkilən filmdə 7 rejissor çalışıb. Və həmin 7 rejissor ( Cordan Skotu nəzərə almasaq ) 7 qısametrajlı filmləri bir vahid film halına gətirməyi bacarıblar. Film İtaliya və Fransa birgə istehsalı olaraq 2005-ci ildə təqdim olunub. Həmin il Venesiya film festivalında qran-pri qazanıb. İndi isə həmin 7 qısametraj barədə qısa da olsa məlumat verim. Əminəm ki, məlumatların ardından dərhal filmə baxmağa istək yaranacaq. Beləliklə…

1. Tanza ( Rejissor- Mehdi Şərif )

İlk film Tanza adlanır. Tanza Afrikada yaşamaq və yemək uğrunda mübarizə aparan millətçi uşaq dəstəsinin üzvüdü. Mehdi Şərif Tanzanın timsalında gözəl bir mesaj verib dünyaya. Bunu baxanda daha yaxşı anlayacaqsız.

2. Qaraçı uşağı ( Rejissor- Emir Kustriça )

Emir bu filmdə də öz ampulasındadı. Satirik, eyni zamanda acı həqiqətləri yumor hissiylə tamaşaçının üzünə şillə kimi vurub. Film uşaq kaloniyasında oğurluq üstə cəza çəkən uşağın azadlığa çıxmasından bəhs edir. Görəsən ailəlikcə oğru olan bir uşağı kaloniya islah edə bilərmi ?!

3. Amerikanın ilahi uşaqları ( Rejissor- Spayk Li )

Film Amerika ailəsindən bəhs edir. AİDS daşıyıcıları, narkotik istifadəçiləri, ər-arvad və onların qızından. Sizcə bir uşağın AİDS daşıyıcısı olduğunu bilməsi ona necə təsir edə bilər ?! Buna görə bəs ona qarşı məktəbdə olan təzyiqlər bəs necə ?!

4. Bilu və Coao ( Rejissor- Katya Land )

Film Braziliyanın iki səfil uşağının həyatından bəhs edir. Eyni anda Braziliyanın kölgədə gizlənmiş həqiqətlərini göstərir. Film rejissurası xüsusən gözəl alınıb. Uşaqlar heç vaxt optimizmdən əl çəkmirlər. Bu bacı qardaş sözün əsl mənasında yaşamaq üçün gələcəklərini qurmağa gecə- gündüz çalışırlar.

5. Conatan  ( Cordan və Ridli Skotlar )

Filmdə olan aktyoru kinomanlar o dəqiqə tanıyacaqlar. “ Veronika ölməyə hazırlaşır “ filmindən yaddaşlarda qalan həkim obrazı bu filmdə fotoqrafdı. Uşaqlığı itmiş, həmin illərin fobiyasından heç cür ayrıla bilməyən bir fotoqraf. Keçmiş və gələcək arasında körpü quran, özü isə bu gündə itən bir insan böyüməyinə təəsüflənir.

6. Siro ( Rejissor- Stefano Venerusso )

Hadisələr İtaliyada cərəyan edir. Bu dəfə də oğurluqla məşğul olan bir uşağın iç dünyası təsvir olunur. Çox adam elə düşünür ki, cinayətə əl atan uşaq artıq uşaq deyil. Amma bu filmdə bu ifadənin tam tərsi gözəl qabardılıb.

7. Sonq-Sonq və pişik balası ( Rejissor- Con Vu )

Ən bəyəndiyim film bu oldu düzünü desəm. Con Vu əsasən döyüş filmləri çəkən rejissordu. Ondan bu cür dram həqiqətən gözləmirdim. Çində olan iki fərqli taleyli uşaqların həyatından bəhs edir film. Biri varlı, digəri kasıbdır. Amma həyat onları qarşılaşdırır və ədalətli son. Bravo deyərdim bu işinə görə Con Vu və rollarını super ifa etmiş iki uşağa.

Və beləliklə film bitir. Bitməmişdən qabaq isə titrlarda filmin sloqanı yazılır.

“ Bütün böyüklər nəvaxtsa uşaq olublar. Sadəcə bəziləri bunu unudub.”

( Ekzüperinin Balaca şəhzadə əsərindən )

Filmdən gələn gəlir son qəpiyinə qədər yardıma ehtiyacı olan uşaq fondlarına keçirilib. Film Kino Akademiyanın arxivinə daxil edilib. Reallığın gözünə baxmağa cəsarət tapsanız mütləq bu filmə baxın. Və nə vaxtsa uşaq olduğunuzu heç vaxt unutmayın!