Fountain


2006
ABŞ
Dram, Romantik, Elmi-fantastik
Rejissoru: Darren Aronofsky

Hardan və nədən başlayacağımı bilmirəm… Leonardo Da Vinçinin 4 ilə çəkib tamamladığı “Mona Lisa” əsərini düşünün. Baxırsınız, zövq alırsınız, dərin bir mənası olduğunu bilirsiniz, amma şərh verə, əsəri yoza bilmirsiniz. Səbəbi isə onun adi bir şəkil deyil, sirli, tayı-bərabəri olmayan, mükəmməl bir sənət əsəri olmasıdır. “Qaynaq (Fountain)” filmi də mənim üçün filmoqrafiyada bənzəri olmayan, mükəmməl bir sənət əsəri, “Pi”, “Requiem for a Dream”, “The Wrestler” və “Black Swan” kimi şedevrləri ilə öz istedadını bütün dünayaya tanıdan Darren Aronofsky-nin “Mona Lisa”-sıdır.

Bir filmi izlərkən əsas gözləntilərimiz nələr olur ?

1) Maraqlı mövzu ? – Teması kifayət qədər maraqlı və özünəməxsusdur. İzlədikcə özünüz də görəcəksiniz ki, olduqca fərqli bir kinodur.
2) Aktyorların peşəkarlığı ? – Buna sadəcə “no komment” deyirəm. Hugh Jackman və Rachel Weisz, daha nə istəyirsiniz ?! Fikrimcə, hər ikisinin də ən peşəkar olduğu filmdir.

3) Yerində işlədilmiş saundtrək və vizual effektlər ? – Tamamilə ! “Requiem for a Dream” ilə saundtrək seçimindəki professionallığını göstərən Darren Areonofsky bu filmdə də bunu təkrarlayır.Vizual effektlərin isə filmdə rolu olduqca böyükdür, ona görə də filmi online deyil, HD formatında yükləyib və ya diskdən izləmənizi tövsiyə edirəm (“online movie” aludəçilərindən isə xahiş edirəm bu filmə hörmətlə yanaşsınlar, daha aydın şəkildə desəm filmi “online” izləməyə belə cəhd etməsinlər, əks təqdirdə Darren tərəfindən (via Tural Ahmadov) yaxşı qarğışlara məruz qalacaqlar :) ).

4) Sizə təsir etmə gücü ? – Saundtrəklər + hadisələr + vizuallığın mükəmməl kombinasiyası tüklərinizi biz-biz edəcək, bəzi səhnələri isə gözlərinizi yaşardacaq (Olduqca təsirli bir dram əsəridir).
Digər gözləntilərə gəldikdə isə qısaca “və başqa nələr-nələr”,- deyib filmin ssenarisi haqqında danışmaq istəyirəm.

Əvvəlcə onu qeyd edim ki, filmə üç – mifoloji, tarixi və dini baxımdan yanaşmaq olar, mən isə ortaq bir məxrəcə gəlib, din, mifologiya və tarixə o qədər də toxunmadan ümumi bir arayış verməyə çalışacam.

Əsərdə hadisələr üç fərqli zamanda (və ya üç paralel həyatda) – keçmiş, indi və və gələcəkdə cərəyan edir.

Hugh Jackman keçmişdə (15-ci əsr) Tomas adlı cəngavərdi və İspaniya kraliçası İzabelin (Rachel Weisz) istəyi ilə İspaniya xalqına rahatlıq bəxş edəcək, ölümsüzlüyün qaynağı olaraq da bilinən “Həyat ağacı”-nı tapmalıdır, bunun üçün də Mayya tayfaları ilə toqquşmaq məcburiyyətində qalır.

İndiki zamanda – Tomi adında bir professor və həkimdir. Həyat yoldaşı İzzini (Rachel Weisz) əziyyət çəkdiyi xərçəng xəstəliyindən azad etməyə çalışır.

Gələcəkdə ( 25ci əsr) isə – Tom adında kosmasda öz “gəmi”si ilə Şibalba adlanan (mifoloji mahiyyəti var, filmi izlədikdə əhəmiyyətini biləcəksiniz) ulduza səyahət edən bir şəxsdir.

Məncə Darren Areonofsky-nin “Mona Lisa”-sı haqqında bu qədər arayış kifayətdir, o “sirli təbəssümü” açıqlamağı isə sizlərə həvalə edirəm :)

İndiysə maraqlı bir situasiyanı nəzərinizə çatdırmaq istəyirəm: əsasən filmləri diqqətli izləmədikdə bizə mürəkkəb görsənir, beynimizdə cavabsız suallar fırlanır, bu film isə tamamilə fərqlidir. Əgər kino bitdikdən sonra ağlınızda heç bir sual işarəsi qalmasa demək ki, diqqətli izləməməsiniz, qısası diqqətli izləyə biləcəyiniz əhvalda, məkanda, zamanda izləyin (amma nə qədər diqqətli izləsəniz də, çox güman ki, “Qaynaq” ikinci dəfə də 90 dəqiqəliyinə qonağınız olacaq, üçüncü dəfə də qonaq etsəniz demək ki, filmdən lazımı həzzi ala bilmisiniz :) ).

Sonra nə deyə bilərəm (?!), hmm… Hə, onu da qeyd edim ki, film hər nə qədər beyin yoran olsa da, sizi darıxmağa qoymayacaq. Müxtəlif zamanlar arasındakı usta keçidlər, mükəmməl saundtrək və yüksək keyfiyətli vizual effektlər, bir sözlə darıxmağa vaxtınız belə olmayacaq :)

Beləliklə, özünüzə bir yaxşılıq edib, (hələki) 90 dəqiqənizi bu filmə ayırıb qulaqlarınıza, gözlərinizə və beyninizə gözəl bir ziyafət (!) verin. Film bitdikdən sonra edəcəyiniz təşəkkürlərinizi indidən eşidir və şükranlığınıza görə “minnətdaram”, – deyib növbəti yazıma qədər sizinlə sağollaşıram… :)

PS : Filmi izləyin, sonra yuxarıda “Baxırsınız, zövq alırsınız, dərin bir mənası olduğunu bilirsiniz, amma şərh verə, əsəri yoza bilmirsiniz. Səbəbi isə onun adi bir şəkil deyil, sirli, tayı-bərabəri olmayan, mükəmməl bir sənət əsəri olmasıdır” yazaraq nə demək istədiyimi yaxşı başa düşəcəksiniz. Müəkəmməl filmə verdiyim bu “kasıb” açıqlamaya görəysə üzr istəyirəm, yenə də ümid edirəm filmi izləməyə sizdə az da olsa həvəs yarada bildim.