Black Swan (Qara Qu Quşu)

BLACK SWAN
(Qara Qu Quşu)
Rejissor: Darren Aronofski
Ssenari : Darren Aronofski, Mark Heyman vəd.
Aktyorlar : Natalie Portman, Mila Kunis, Vensant Kassel vəd.
Janr: Drama(psixoloji), triller, mistika

Premyera : 10.12.2010 (Venesiya kino festivalı)
Büdcə: 13 milyon dollar.

Mükafatlar: Qızıl Qlobus və Oskar kino mükafatlarının Rejissor işi, montaj, ssenari və ən yaxşı film və ən yaxı qadın aktrisa nominasiyalarında namizəd.
Natalie Portman “Ən yaxşı qadın rolu” nominasiyasında Oskar və Qızıl qlobus mükafatı.

Orxan Mammadov: Bu film haqda mən də öz fikirlərimi bölüşmüşdüm. İndi isə digər iki kinoman sizinlə film haqda təəssüratlarını bölüşəcəklər. Yeri gəlmişkən deyim ki, sabah (30 Aprel, 2011) saat 19:00-da Opera və Balet teatrında Qu Gölü baleti tamaşaya qoyulacaq. Yalnız bircə gün. Bu filmi sevənlər məncə baletə səhnədə baxmaq şansını da əldən verməsinlər.. =)

İşıq Hüseynov : Sənət əsərinə baxmaq istıyirsinizsə bu kino sizin üçündür…… Film ilk baxışdan adi teatr daxili mübarizəni xatırladsa da….bir qədər sonra filmin əsas mahiyyəti üzə çıxır. Fimin baş qəhrəmanı Nina (Natalie Portman) adi həyat yaşayan məşhur balet ifaçısıdır. Növbəti aktyor seçimi zamanı teatrın baş rejissoru (Vensant Kassel) eyni zamanda həm ağ və həm də qara qu quşu rolunu ifa edə biləcək bir nəfəri seçməlidir. Ən real namizəd isə yenə də Ninadır. Lakin bir problem var. Nina ağ qu quşu rolunu məharətlə ifa etsə də, qara qu quşu rolunu ifa etmək onda alınmır…Nina isə bu rolu oynamağı çox istəyir…
Ona görə Nina sözün əsl mənasında özünü incəsənətə qurban verir. Bu rolu oynamaq üçün o, artıq tam olaraq bu obrazı yaşamağa səy göstərir və nəticədə dərin psixoloji hadisələr baş verir. Ninanın daxili psixoloji vəziyyəti bildirmək üçün Rejissor bəzən qeyri-adi viziual fokuslardan istifadə edir ki, bu da sürrealist təəssürat oyadır. Bəzən nəyin həqiqət və nəyin qeyri-real olması bilinmir. Zaman keçdikcə sujet xətti insana dərin psixoloji hisslər yaşadır.
Rejissor tamaşaçını bu cür hallardan çıxartmaq üçün bəzən gözəl baletə baxmağa dəvət edir. Balet səhnələrində operator işi valeh edicidir. Operator sanki balerinanın hər bir hərəkətini anlayır və onu sənətkarlıqla bizə təqdim edir.
Bu kino deyərdim ki, son zamanların ən böyük sənət əsərlərindən biridir. Bir çox tənqidçiləri belə valeh edən “Qara qu quşu” filmi öz adını kino arxivinə qızıl hərflərlə yazacaq!
Mistika, dram, gözəl balet, insan psixologiyasının sirlərini görmək istəyirsinizsə bu filmə baxmağa dəyər.

Şəhla Mirzəyeva : Bu film aktyorun rolu ilə uyğunlaşdığı filmlərdən biridir. Natalie Portman bu filmdə mükəmməl idi.. Həyatı təkcə balet məşğələlərindən ibarət olan insanın içindəki “mən”in gətirdiyi paranoyanı ancaq bu cür mükəmməl oynamaq olar.
Ümumiyyətlə, kinoda dəlilik mövzusunda işləməyi sevirlər, amma hər kəsdə bu səviyyədə alınmır. Baş qəhrəmana əzab verən qorxuları sanki tamaşaçıya keçir, müəllif izləyicini gözlənilməz səhnələrlə təccübləndirməyi bacarır. Balerinalar arasında rəqabət hesab etdiyin bir səhnədən gözləmədiyin nəticələr çıxır.
Filmdəki paranoya mövzusu mənə elə Darren Aronofskinin rejissoru olduğu “Requiem for a dream” və “Pi” filmlerini xatırlatdı.
İzlədikdən sonra ilk sözüm “hətta balet üçün də dəli olmaq olarmış..“
Bu elə filmlərdəndir ki, xoşunuza gələ də bilər, gəlməyə də. Amma 100% sizə təsir edəcək.

by Ishig Husseinoff və Şehla Mirzayeva