The Assassination of Jesse James by the Coward Robert Ford

2007

ABŞ, Kanada

Avtobioqrafiya, Dram, Cinayət, Western

Rejissor: Andrew Dominik

Jesse Jamesin Qətli kinosu görkəmli rəssamın portretinə bacarıqlı rejissorun sehirli toxunuşu təəssüratı oyatdı. Bu filmdə məkanlar, personajlar, hadisələr mənə təsirsiz ötüşmədi, ağır auralı filmdir, eyni zamanda hadisələr real həyatdan götürülüb.

Mövzusu – XIX əsrdə yaşamış məşhur Amerikalı Jesse James soyğunlarından və onun ən böyük pərəstişkarı olan Coward Robert Ford (qısaca Bob) tərəfindən öldürülməsindən bəhs edir. Hadisələr 1881-ci ildən 1892-ci ilə qədərki dövrü əhatə edir. Kinonun 160 dəqiqə olması biraz yorucu görsənsə də əslində izləyicinin diqqətini finala doğru yaxınlaşdıqca lazımi konsistensiyaya çatdırır. Qısa müddətli kinoda bu cür sonluq istənilən effekti verməzdi.

Rejissor bu kinoda hadisələrin realda necə adi, kinoya nisbətən təsirsiz olmasını ekrana köçürməyi bacarıb. Demək istədiyim, bir hadisə baş verəndə çox vaxt niyə kinolardakı kimi təsirli olmadığını fikirləşirik, həmin adiliyi kinoda görürsən, bu kinonu daha canlı edir, daha real yanaşmağa imkan verir. Fikrimcə bu, avtobioqrafik kino üçün düzgün tərzdir. Filmdə artıq bəzək-düzək yoxdur. Həmçinin kino sanki hadisələrin baş verdiyi dövrdə çəkilib.

Mənə ən sevdiyim kinolardan biri “There Will be Blood” filmini xatırlatdı. Hər ikisində çox proffesional kostyum dizaynları, dekorlar və musiqi var. Üstə gəl aktyorların təkrarolunmaz ifası. Yəqin ki, baş rolda Brad Pitt çəkilməsəydi bu filmə baxmazdım, çünki baş verən hadisə Amerikada çox populyar olsa da əlbəttə bizim üçün yad şəxslər, yad hadisələrdi (bir baxıma mənə nə Jesse Jamesin öldürülməsindən?..) Əvvəlki rolları ilə özünü sevdirən baş rol ifaçısı Brad bu filmin uğurunun, böyük bir hissəsini özündə daşıyır.

Kino Western və soyğunçuluqla əlaqəli olsa da əsas fikir macəraya, tamaşaçıya ucuz endofrin “satmağa” köklənməyib. Daha çox səbirli, kiçik şeylərdən böyük həzz alan və gözəlliyi qiymətləndirən tamaşaçı üçün yaradılıb. Sizin üçün yaradılıb =)