Blue Valentine

2010,

ABŞ,

Romantik, dram,

Derek Cianfrance -ın rejissorluğu ilə,

İMDB xalı- 8.1 / 10

Bu film hər evlilikdə yaşanan problemlərdən bəhs edir. Münasibətlərdə əvvəlki həyəcan itir. Sevgi yerini hörmətə verib çıxıb gedir. Nəticədə qarşı tərəflər bir-biri ilə normal ünsiyyət belə qura bilmirlər.

Yeni evli cütlük Dean  və Cindy artıq normal ünsiyyət qura bilmirlər. Fərqli dünya görüşləri, fərqli məqsədlər, fərqli arzular günü-gündən aralarındakı uçurumu bir az da böyüdür.

“ Məncə, kişilər qadınlardan daha romantikdilər. Qadınlar uzun müddət ağ atlı şahzadələrini gözləyirlər. Vaxt ötdükdən sonra da əllərinin altındakı ən yaxşı ehtimalı seçirlər. Kişilər isə sevdikləri qadınla evlənirlər və sonuna qədər bir qadına sadiq qalırlar. Amma qadınlar üçün qarşı tərəfin nə qədər pul qazandığı, işi, var-dövləti də böyük rol oynayır.”

Dean, bu planetdə yaşadığına əminsən ? :D

Daha çox “Notebook” filmi ilə yadımda qalan Ryan Gosling- in bu rolunu da sevdim. Yaxşı yumor hissi var və bir az söyüşcüldü. Boyaqçılıq edib, ailəsi ilə sadə həyat tərzi sürmək onu xoşbəxt edir.

Digər baş rol ifaçısı Michelle Williams aktrisalığı ilə yanaşı, cazibədarlığı, gözəllliyi ilə göz oxşayır. O isə daha ambisiyalı və eqoist təsir bağışladı. Ümumiyyətlə, daha çox zərər çəkən Dean-dır mənə görə.

Bəzi səhnələrdə cinsəlliyin on plana çıxdığı bu film 18+ kateqorisına daxildi.

Filmin lap sonuna qədər maraqla baxdım, əslində. Amma sonda yazılar başlayanda inanmadım. Filmin sonunun bu olduğuna inanmadım. İnanmadım və yazılar bitənə qədər baxdım. Film bitmişdi… “Elə bu?! ”  O anda film “yaxşı film”-dən “pis film”ə çevrildi mənim üçün. Məncə, İMDB xalı çox şişirdilib. Düzdü, evlilikdə kişi-qadın münasibətlərini ən yaxşı xırdalayan filmlərdən biridi. Amma ssenarinin zəifliyi, hadisələrin çox gec inkişaf etməsi və bir az qeyri-aydın olması- mənfilər həddən artıq çoxdu. Hətta möhtəşəm aktyorluq ifaları da filmi xilas eləyə bilməyib.

Vaxtınızın kasad olduğu bir vaxtda bu filmi izləməyin ki, sonda başınızdan tüstü çıxmasın :) ( Yenə də nəzərə alın ki, zövqlər fərqlidir)

Filmin posterindən“ Haqq-ədalət varsa, Ryan Gosling və Michelle Williams hər ikisi öz səmimi və cəlbedici ifalarına görə Oskar nominasiyasına layiq görülməlidilər”