True Blood

Amerika

(2008-20011)

İMDB xalı- 8,2

Rejissor- Alan Ball

Charlaine Harris-in “The Southern Vampire Mysteries” əsəri əsasında

Bu aralar fərqli atmosferi olan, bir az qorxu, bir az fantastika, bir az macəra, bir az romantikası olan bir serial axtarırdım. Necəsə True Blood cəzbedici gəldi. Ilk seriyaya baxandan sonra biraz “stupid” gəldi :)) Elə bil, diqqət cəlb etmək üçün bütün inqridientləri bir yerə toplamışdılar. “Xarizmatik vampir obrazı, saf, gözəl görkəmli qız, üstünə də biraz erotik səhnələr səpdinmi tadından yenmez” kimi düşünüb çəkiblər dedim. Amma hər seriyanı tənqid etdikcə bir yeni seriyaya da baxdım. Sonra bir də gördüm hər gün ən azı 1 seriyaya baxmaq istəyirəm. Qəribə bir cazibəsi var. Vampir hekayələrindən bezdiyimə baxmayaraq bu serial yaman maraqlı gəldi. 2 sezonu bitirmişəm, 3-cü sezondayam =) Kinonun saundtreki isə möhtəşəmdi və çox maraqlı, qəribə görüntüləri var.

Hadisələr Luiziana əyalətinin bir qəsəbəsində cərəyan edir. Nyu Orleansın sirli abu havası baxımından məkan seçimi çox düzgün olub. Elə bir cəmiyyətdəyik ki, vampirlər artıq insanların arasına qarışıb. Bugünə qədər vampirlərlə əlaqədar bütün film və seriallarda gizlənməyə məcbur qalan canlılar burda vampir olduqlarını gizlətmirlər və “sintetik qan” la qidalanırlar. Amma insanlardakı vampir qorxusu da tamamilə yox olmayıb təbii ki.  Digər tərəfdən vampirlərlə münasibət qurmaqdan çəkinməyən, vampir qanını narkotik maddə kimi satan insanlar da mövcuddur.  Burda fövqəltəbii qüvvələr təkcə vampirlər deyil. Qurd adamlar, telepatik insanlar, qurd adamlar, görkəm dəyişdirənlər ( bunlar demək olar bütün heyvanlara çevrilə bilirlər)  və hələ ki, gördüklərimdən ən qorxuncu şərab tanrısı Dionisə səcdə edən, insan enerjisi ilə bəslənən (türkcə) Baküs Perisi – (ingiliscə) maenad idi.

Kinoda baş rolu Anna Paquin (filmdə Sookie Stackhouse ) ifa edir. O barda ofisiant kimi çalışan adi bir gənc qızdır. İnsanların düşüncələrini oxuya bildiyini nəzərə almasaq… Barın sahibi Sam Merlotte (Sam Trammell) isə Sookie-ni sevir. Yeri gəlmişkən, Sem də adi insan deyil, görkəm dəyişdirəndir. Çox vaxt itlərə üstünlük verir =)


Günlərin bir günü bara bir vampir daxil olur və bizim hekayə də burdan başlayır. Sookie ilə Bill Kompton (Stephen Moyer) adlı bu vampir bir-birinə aşiq olur. Kinonun ən bədbəxtlərindən biri də Semdir elə. Neçə il qızı sevəsən, tam etiraf edəcəm deyəndə bir vampir gəlsin əlindən alsın =) Filmdə xüsusi simpatiya duyduğum bir-iki obraz var ki, onları  qeyd eləmək istəyirəm. Biri həddən artıq “dirty” üslubda danışan , hər cür kirli işlərə baş soxan, Merlotte barının aşpazı, mavi  zənci Lafayette-dir (Nelsan Ellis). Ancaq pis cəhətlər saydım, deyəssiz nəyinə simpatiyası var. Amma kinoya baxsanız başa düşərsiz bəlkə)) Tək-tük rast gəlinə biləcək tipdir. Məncə, Anna Paquindən fərqli olaraq rolunun öhdəsindən çox gözəl gəlib. Sookie rolu üçün, məncə, bu aktrisa heç də ən yaxşı seçim deyildi. Qəribə mimikaları var, nəyi çatdırmaq istədiyini anlamıram bəzən. Həm də üzündə “əzab çəkmə” mimikası var. Bu da roluna uyğun gəlmir.     Digər baş rol ifaçısı Stephen Moyer ( Bill Compton) rol üçün əla seçimdi.

Bundan əlavə film üçün çox gözəl qadın aktrisalar seçilib =)  Məncə, Bill-in sonradan vampir etdiyi Jessica (Deborah Ann Woll) Sookie rolu üçün daha yaxşı seçim olardı. Sookie-nin qardaşı Jason(Ryan Kwanten) isə axmaqlıqda limit tanımır))) Sookie-nin dostu, Lafayette-nin xalası qızı Tara Thornton (Rutina Wesley) çox aqressiv qaradərili bir qızdı və bu əsəbiliyinə görə həmişə başına iş gəlir. Simpatiya duyduğum digər obraz Eric Northman (Alexander Skarsgård-dır. Onun 1000-dən çox yaşı var və əvvəlki həyatında(insan) vikinq olub. Luiziana əyalətinin 5-ci ərazisində şerifdir. Bu ərazidə yaşayan bütün vampirlər onunla hesablaşmalı, ona tabe olmalıdılar. Vampirlərin ciddi qayda-qanunları var. Həə, dediyim odur ki, bu Erik ki, var çox “cool” du =) Həm yaraşıqlı, həm də vampir :D Yəqin bütün oğlanlara maraqlıdı, qızların bu vampirlərə simpatiyası hardandı? Məncə də maraqlıdı :D

Film (18+) yaş üçün nəzərdə tutulub. Erotik səhnələrdən əlavə həddən artıq qanlı və qorxunc səhnələr var. Filmdə vampirlər günəş doğandan batana qədər öz qəbirlərində yatırlar. Hər vampirin yaşadığı yerdə gündüzlər yatmağı üçün mütləq bir tabutu olur =) Onlar dəvət edilmədikləri evə girə bilmirlər. Gərək mütləq ev sahibləri “İçəri buyurarsız?” desin onlara. Vampirlər yaralandıqdan bir neçə dəqiqə sonra tam sağlam ola bilirlər. Təbii ki, bu vampirin yaşından və yaranın ağırlığından da asılıdı.Vampirlər nə qədər yaşlı olsalar bir o qədər güclü olurlar və bir cəhətdən şanslıdılar ki, heç vaxt yaşlanmırlar. Onlar əbədidir. Vampirə çevrildikləri an hansı yaşda, görkəmdədilərsə həmişə elə qalırlar. Hər bir vampirin “yaradıcı”sı olur. Bu yaradıcı adi bir insanın qanını içir, sonra ona öz qanından verir və bir gecə yerin altında onunla birlikdə yatır. Səhəri gün bu insan vampirə çevrilmiş olur.

Vampir yaradıcısının bir parçası kimi olur və onun qanını daşıdığından yaradıcısına bağlı olur. Onun hisslərini duya bilir. Yaradıcısının əmrlərinə tabe olur, onun nəzarəti altında yaşayır. O azad etmədən heç yerə getməməlidi. Vampirlər fiziki olaraq ölüdürlər. Ürəkləri atmır, nəfəs almırlar. Qandan başqa heçnə ilə qidalanmırlar. Təbii ki, qan da zövqə görədi. Məsələn, biri B pozitiv xoşlayır, başqası A neqativ =)

P.S. Bugün filmlə bağlı araşdırma edərkən baş rol ifaçıları Stephen Moyerlə Anna Paquinin 2010-cu ildən bəri evli olduqlarını öyrəndim =)

P.S.S. Günlərin bir günü bir vampirlə qarşılaşsaz onu zərərsizləşdirmək üçün gümüş zəncir kifayətdi)) Gümüş metalı onları ən zəif nöqtəsidi =) Həə, az qala yadımdan çıxırdı. “Qan ağlamaq” ifadəsi sən demə vampirlərə aid imiş =) Sözün həqiqi mənasında qan ağlayırlar.