Oyuncaq

1976

Fransa

Komediya

Fransız kinosunun zirvələrindən biri, bəlkə də birincisi – “Oyuncaq” filmi. Dahi Pyer Rişarın şedevri. Bu filmə bir-neçə dəfə ötəri baxsam da, bu günkü kimi ciddi baxmamışdım. Kapitalizmin mundarlıqlarını hər saniyəsində əks etdirən dahi əsərdir. Dediyim kimi, hər saniyəsi xüsusi diqqətə layiqdir, buna görə də kino haqqında çox yazmaq olar. Uzunçuluq olmaması üçün mən bir-neçə səhnəyə qısa “nəzər salacağam”. Filmin başlanğıcında Fransua Perren (Pyer Rişar) oyuncaq sərgisində Amerika bölməsinin canlı oyuncağı olan hinduya baxır və deyir: “yazıq. Mən Amerikanın tərəfində deyiləm, hinduların tərəfindəyəm”. Sonra isə işlədiyi şirkətin prezidentinin oğlu Fransuanın özünü beləcə canlı oyuncağa çevirir və o, yolda həmin hindu ilə rastlaşır. Bu, cansız əşya səviyyəsinə salınan 2 insanın qarşılaşması idi. Filmin bu anında onun bir az əvvəl hinduya dediyi sözlər yada düşür. Nə qədər tragikomik… Prezidentin oğlunun oyuncağı kimi Perren prezidentin evində uşağın sürdüyü oyuncaq maşında oturub uşaqla birgə evi fırlanır. Uşaq maşını xidmətçinin qab-qacaq aparan təkərli stoluna vurur və uşaq Perreni məcbur edir ki, düşüb xidmətçini yol polisi kimi cəzalandırsın. Burada da bir varlının qabağında 2 nökərin sükutla qarşılaşması təsvir olunur. Xidmətçi guya sənədlərini göstərir, alkoqol testi verir. Yalnız var-dövləti ilə fərqlənən bir küçük isə özündən 3-4 dəfə böyük 2 insanı təlxək kimi oynadıb həzz alır. Perren kasıblığa görə bu işə razı olur. Ona pul həddən çox gərəkli olur. Amma təlxək rolu da onu bezdirir. Hər şeydən bezib uşağın otağında oturanda işlədiyi qəzetin redaktoru prezidentin ona yazdığı mükafatın sənədini gətirir. Başqa vaxt olsa, o, sənədi sevinə-sevinə qəbul edərdi, amma indi redaktorun təkidlərinə baxmayaraq, sənədə heç baxmır da. Pulun əhəmiyyəti şəxsiyyətin, özünə hörmətin qarşısında bir heç olur. Perrenin ağıllı hərəkətləri və planı gizli və gözəl təsvir olunub. O, uşağın ərköyünlüyünə müqavimətinin mənasızlığını anlayır və oyunu daha da qızışdırır. Uşaq çimməyə gedərkən, zarafatla Perreni də çağırır, lakin o, zarafat həddini də aşıb paltarlı şəkildə vannaya girir. “Yol hərəkətini pozma” səhnəsində isə uşaqla kobud davranarkən uşaq ona deyir:

-Neynirsən? Mən Rambal Koşeyəm.

-Cəhənnəmə ki, Rambal Koşesən, – Perren ona cavab verib nifrətini oyun çərçivəsində açıq şəkildə bildirir. Məqsədi oyunu qızışdırıb ağ eləmək və bununla da status-kvonu pozmaqdır. Sonda buna da nail olur.

Milyardların içində boğulan kapitalistlərin ərköyünlüklərinin ümumiləşdirilmiş obrazı olan uşaq bu ərköyünlüklərin ağıllı qurbanı ilə stolüstü futbol oynayır. Oyunun şərti o olur ki, uşaq uduzsa, Perrenə azadlıq verəcək. İnsanın azadlığı bir uşaq oyunu ilə həll olunur. Amma hətta bu oyunu Perren udsa da, azadlığına nail olmur. Çünki qaydaları diktə edən də, onu dəyişən də kapitalist ərköyünlüyüdür. Uşaq hətta Fransuanı öz adından məhrum edib ona təhqiredici “Jülyen” adını qoyur. Prezidentin arvadı Perreni evdən çıxarıb bu biabırçılığa son qoymaq istəyir, lakin bu zaman o da Perrenin vəziyyətini yox, öz rahatlığını düşünür. O, Perreni alt paltarında iclas zalına salıb biabır edir ki, prezident fikrini dəyişsin və onu evdən çıxartsın. Prezident isə öz ərköyünlüyünü işçilərə tətbiq edir. Birini əli tərlədiyinə görə işdən çıxarır, birini xoşu gəlmədiyinə görə. Kimsə də işdən çıxanı müdafiə eləmir. Səbəbsiz qovulanlardan biri prezidentin həyətdə verdiyi ziyafət zamanı həmkarların etirazçı təbəqəsini küçədə yığır, barmaqlıqlı darvaza arxasından prezidentə etiraz edirlər. Bu zaman köhnə iş yoldaşı Perreni də onlara qoşulmağa çağırır. Perren isə “oyuncaqlığını” edir, kavboy paltarında uşağı əyləndirir.


Amma o da etirazçılara qoşulmaq istəyir. Bu vəziyyətdən əla çıxır. O, barmaqlığın bu üzündə “oyuncaq” vəziyyətindən sui-istifadə edib ziyafətə elə ziyan vurur ki, etirazçıların da, onları dağıtmağa gələn polislərin də ağzı açıla qalır. Barmaqlıq arxasındakı söhbət isə əsərin kulminasiyasıdır – işdən qovula onu piketə, uşaq isə oynamağa çağırır. Perren daha sonra uşaqla “qəzet” oyunu oynayır. Lakin gözlədiyinin əksinə uşaq ondan yaxşı redaktor olur. Perren maraqlı xəbər kimi qatar qəzasında “80 yaralı”, uşaq isə “80 ölü” təklif edir. Səbəbi isə uşaq əla izah edir: “Oxucuları maraqlandırmaq üçün ölü fransızlar lazımdır.” Bu zaman Perren uşağın həyatını real və çılpaq həqiqətləri ilə hekayət kimi uşağa danışır və sanki onun gözlərini açır. Onlar “Prezidentin oyuncaqları: 6000 işçi – 6000 oyuncaq” adlı yazı yazıb, 50 nüsxədə çap edib şirkətdə yayırlar. Uşaq artıq vəziyyətin acınacaqlı olmasını anlayır, atasından da imtina edir, zəngin və rəzil kübar həyatından iyrənir. Perrenin redaktoru Blemanın prezidentlə görüşü də maraqlıdır. Perrenin məqaləsi prezidentə də təsir edir və Bleman prezidenti öz qəzetində gedən yazılarla tanış edərkən nudistlər haqqında yazı verdiklərini deyir. Onda prezident ona soyunub redaksiyanı lüt gəzməsini əmr edir, çünki redaktor lütlərin marağa səbəb olduğunu deyir. Bleman isə əsl kölə kimi soyunmağa başlayır. Bu zaman prezident onu saxlayır və maraqlı qısa dialoq olur:

Prezident deyir: “Hansımız eybəcərik – səni soyunmağa məcbur edən mən, yoxsa mənim əmrimlə soyunub redaksiyanı lüt gəzməyə hazır olan sən?”

Bleman deyir: “Bilmirəm”. Prezident isə əla cavab verir: “Məsələ də elə bundadır.”

Yəni məsələ kölələrin beyni yuyulmuş halda kölə olmaqlarında və özlərini, quldarlarını düzgün qiymətləndirə bilməməklərindədir.

Geniş yazı alındı, amma mənim hələ də yazmaq istədiyim çoxlu səhnələr qaldı. Səhnələrdən başqa rəmzi işarələr də var filmdə. Məsələn, prezident başqa şirkətin yox, məhz mətbuat şirkətinin prezidentidir. Yəni ölkədəki azad olmalı mətbuatı idarə edənlər belədirsə, gör hələ bu birilər nə vəziyyətdədir?! Yaxud, Perrenin adı da maraqlıdır – Fransua. Sanki bütün Fransanın nə gündə olduğunu göstərmək istəyirlər. Bu film əhatə etdiyi mövzuya baxanda əslində qısa film sayıla bilər. Bu qədər az kadrla bu qədər böyük məna çatdırmaq, bu qədər əhəmiyyət daşımaq…