Christmas in Wonderland


2007,
Amerika istehsalı,
Komediya, Ailə,
Filmin rejissoru- James Orr,

Biz böyüdükcə zövqlərimiz, istəklərimiz hətta inanclarımız da dəyişir. Uşaqlıqda bizə əyləncəli gələn hər şey indi maraqsızdır. Məsələn Santa Klaus kimi…

Amma elə bir məfhum var ki, yaşından, cinsindən asılı olmayaraq hamı ona sahib olmaq istəyir. Əlbəttə ki, Pul!..

Bəs əgər siz Santanın varlığına inansaydınız ondan 1 milyon dollar istəyərdiniz? Şəxsən mən istəyərdim! Səbəbini filmə baxdıqdan sonra biləcəksiniz. Filmin mövzusu barədə yazım:

Saunderlər ailəsi Milad bayramını qeyd etmək üçün Los Ancelsdən Edmunta gəlirlər. Evin xanımı  xaricdə ezamiyyətdədir, buna görə bayram alış-verişini evin atası etməli olur. Həm də bayramın əvvəlki günü. 3 uşaq və ata Edmuntda böyük ticarət mərkəzinə gəlirlər, normal keçəcək bir alış-veriş əsl macəraya çevrilir. Hər şey evin balaca qızı Merrinin Santadan istədiyi arzuyla başlayır. O, Santadan atası üçün 1 milyon dollar istəyir. Merinin istəyi gerçəkləşir. İstədiyi pul ona sözün əsl mənasında böyük bir çantanın işində göydən düşür :)  Amma bir problem var.

Merri və qardaşının tapdığı pul saxtadır, üstəlik bu pulu ələ keçirmək istəyən 2 kəmağıl “pis adam” və onların “boss”u ifritə bir qadın uşaqları hər yerdə izləyir. Elə ən komik səhnələr də bundan sonra başlayır. Yəqin ki, bu insanlar başlarına gələcək hadisələrdən xəbərdar olsaydı uşaqları incitməzdilər :)

Filmdə çox sevdiyim gülməli bir inspektor obrazı var. Başına at təpik vurandan sonra yaddaşı gedir gəlir və nə danışdığını ancaq özü başa düşür. Ona baxarkən ən stressli vaxtımda belə qəhqəhə çəkib gülürdüm :D

Əgər sizin üçün bayramda ən əsası yeni ili ailəniz və sevdiklərinizlə birlikdə keçirməkdirsə, heç bir mənfəət güdməyən ən saf sevgiyə inanırsınızsa bu filmi mütləq sevəcəksiniz. Ən əsası isə Santa Klausun varlığına inanacaqsınız! Filmin sonu bir az fantastik olsa da əsas ideyaya uyğundur – Santanın həqiqətən var olduğunu göstərmək. Bəlkə də Şimal qütbündə yaşayan, “ho ho ho” deyərək uçan marallarıyla gəlib bacalardan girən və uşaqları sevindirən bu saqqallı baba həqiqətən də mövcuddur… Sadəcə inanmaq lazımdır!  Əgər ürəkdən inansaq mən bilirəm ki, o bizim hər istəyimizi gerçəkləşdirəcək. Merrinin diləyini gerçəkləşdirdiyi kimi…

Bəs siz hələ də Santanın varlığına inanmırsınız? Məncə bu filmə baxın sonra qərar verin ;)