Philadelphia

1993-cü il,

Amerika istehsalı,

Dram janrında,

Jonathan Demme-nin rejissorluğu ilə,

IMDB xalı: 7.6/10

2 Oscar,

Rollarda: Tom Hanks, Denzel Washington, Antonio Banderas

Bu gün dekabrın 1-i Ümumdünya QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) Əleyhinə Mübarizə Günüdür. Bu film haqda yazmağımın əsas səbəbi də budur. Ersan Kongarın fikirlərinə görə uzun illər QİÇS homoseksuallara xas bir xəstəlik kimi tanındığına görə bu iki ağır mövzu haqda film çəkmək rejissorları həmişə qorxudub. Amma Philadelphia filmini bu baxımdan dönüş nöqtəsi hesab etmək olar..

Filmdə cəmiyyətin həmin virusa yoluxmuş xəstələr haqda ədalətsiz mühakimə yürütməsindən bəhs edilir. Cəmiyyətdəki çoxluğun bacardıqları qədər həmin xəstələrdən uzaq durmağa çalışması əks olunur. Bu cür münasibət isə filmin baş qəhrəmanı Endrew-nun (Tom Hanks) dediyi kimi həmin xəstələrin sosial ölümünə səbəb olur, bu sosial ölüm isə daha sonra fiziki ölümə çevrilir.

Baş rolu ifa edən aktyorun Tom Hanks olduğunu demək kifayət edir ki, gələcək tamaşaçıda film haqqında ümumi təsəvvür yaransın. Film boyu rolunu elə məharətlə ifa etdi ki, Tom Hanksin doğrudan da QİÇŞ-li xəstə və homoseksual olduğunu fikirləşdim, amma bu sadəcə bir film idi, ifa etdiyi də adi bir rol, həmin rol ki, ona ən yaxşı kişi aktyoru nominasiyasında Oskar mükafatı qazandırmışdı.

QİÇS əleyhinə mübarizə mövzusu ətrafında hər il istər Səhiyyə nazirliyinin təşəbbüsü ilə istərsə də müxtəlif təşkilatlar tərəfindən bir sıra maarifləndirici tədbirlər keçirilir, bu, virusa qarşı yoluxma hallarının qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir. Məsələnin əsas tərəfi isə öyrənilənlərin tətbiqidir,  uşaqlar evdə valideynləri, məktəbdə müəllimləri tərəfindən maarifləndirilməlidirlər. İntensiv olaraq.. uşaq və yeniyetmə yaşlarında.. artıq 18-22 yaşlarında sərbəstlik və bir sıra cinsi azadlıqlarını əldə etdikdən sonra yox.. Ata, ana bunu övladına çox sadə və anlaşıqlı dildə başa salmalıdı,  elə bil “6 yaşında olan uşağa başa salacaqları kimi” sadə cümlələrlə.. Qəliz və statistik rəqəmlərlə dolu bir yazını övladlarına oxutmaqla yox. Əzbərləməkdən bir şey çıxmaz. Həmin yeniyetmə dərk etməlidir ki, bu öldürücü virusa yoluxanların əksəriyyətini narkotik maddə istifadəçiləri və qorunmayan təsadüfi cinsi əlaqədə olanlar təşkil edir. Onda biləcək ki, fiziki ölümdən qabaq Sosial ölümə məruz qalmaq nə deməkdir..

Trailer