Quzuların Səssizliyi (The Silence Of the Lambs)

1991 – ABŞ
Triller
Rejissor: Jonathan Demme
Ulduzlar: Jodie Foster, Anthony Hopkins

Cudi Foster və Entoni Hopkins həmin il ən yaxşı qadın və kişi rollarına görə oskar mükafatlarına sahib olurlar. Kino ən yaxşı film nominasiyasında da Oskarı götürür. Hal-hazırda “Quzuların Səssizliyi” 8.7/10 xalla IMDB-nin ən yaxşı 250 filmi arasında 25-ci yerdədi.

Çoxdan baxmaq istədiyim filmi internetdə və üstəlik qeyri-ənənəvi olaraq Azərbaycanca dublyaj olunmuş tapan kimi kliklədim kinoya.

“Quzuların Səssizliyi” gənc və gözəl aktrisa Cudi Fosterin canlandırdığı FBI stajoru Klaris Starlinqin həyat hekayəsidir. Entoni Hopkins tərəfindən canlandırılan və cəmi 16 dəqiqə ekranda görünən obraz, Doktor Hannibal Lekter isə bu hekayəyə aydınlıq gətirən məhbus.


Kino qorxu filmi kimi yox, kino tarixinə iki unudulmaz obraz bəxş edən film kimi yadımda qalacaq. Klaris Starlinq və Hannibal Lekter, onların arasındakı qəribə, isti-buzlu münasibət..

Lekter: Səni yenə mənim yanıma göndəriblər?
Klarins: Yox, özüm gəldim.
Lekter: Deyəcəklər biz bir-birimizi sevirik (gülür)

Ortada yeni bir insan oğurluğu və mümkün qətl ehtimalı var. Seriyalı qətllər törədən və indi Senatorun qızını qaçırdan Buffalo Bill-i tapmaq üçün Klarins Lekteri dindirməlidi..

Lekter  adamyeyəndi, hannibal, indiyə kimi heç kəs onu sorğu-sual edə bilməmişdi, axı o özü də doktor psixiatr olub. Ağıllı və ağıllı olduğu qədər də təhlükəli, elə məhz ona görə onu şüşə ilə əhatə olunmuş kamerada saxlayırlar. Harasa köçürəndə isə çoxsaylı polislərin nəzarəti altında tərpənə bilməyəcək qədər əli-qolu, ağzı-çənəsi bağlı halda aparırlar.

Lekter tələb edir ki, qız öz şəxsi həyatı barədə danışsın, belə olduqda o da qatili tapmaqda Klarinsə kömək edər. Lekter heç nə danışmazdı, heç Klarins də onu dindirə bilməzdi. Amma Klarinsin səmimiliyi, onun uşaqlıq taleyi, yetim qalmağı görünür Lekteri təsirləndirir.


Klarinsin bir hekayəsi var, uşaq vaxtı validenylərini itirib, sonra qohumlarının rançosunda qalmalı olub. Bir gün səhərin qaranlğında haray səsinə oyanır. Gedib baxanda quzuların çığırtısını eşidir, birini qucağına alıb qaçmağa çalışır, çox keçmir ki, onu tuturlar, sonra quzuların hamısını öldürürlər. Həmin vaxtdan indiyə kimi quzuların çığırtısı onun yaddaşından silinmir, hər səhər onların səsinə oyanan Klarins senatorun qızını xilas etdiyi halda bu kabusdan canının qurtaracağını fikirləşir.

Quzular isə hələ susmayıb..

P.S Məsləhət görərdim ki, filmə Azərbaycanca dublyaj olunmuş formada bu linkdən baxasınız.