Limitless

2011, ABŞ

Janr: Sirrli, Elmi-Fantastik, Triller

Rejissor: Neil Burger

Əslində bloq yay tətilində idi, bu tətilə fasilə verməyimin səbəbi dünən izlədiyim bu əyləncəli və maraqlı kino oldu. Əgər kimsə “Catch me if you can” filmini bəyənməyən tipdirsə, bu filmi də bəyənməz və siz o tiplərdən deyilsinizsə Limitsiz çox xoşunuza gələcək.

Filmin ən çox bəyəndiyim xüsusiyyəti onun tamaşaçıdan heç bir əhval-ruhiyyə tələb etməməsidir, yəni istənilən əhval-ruhiyyədə ola bilərsiniz, bikef, enerjili, yorğun, fərqi yoxdu, film artıq 10-cu dəqiqədən sizi təsirinə salacaq və filmə axra kimi baxmamış su içməyə belə getməyəcəksiniz. Kinonun müddəti uzun olmağına baxmayaraq əvvəldən axra kimi üzünüzdə təbəssümlə film seyr etmək özünüzə də ləzzət eləyəcək.

Aktyor heyəti isə əladı, Robert De Niro və Bradley Cooper. Braley hər iki Edi rolunu, luzer və biznesmen rollarını çox gözəl ifa edir. Özünüz də görəcəksiniz ki, rol üçün yaxşı seçim edilib.

Filmin əsas qəhrəmanı Edi luzer bir yazıçıdı, daha doğrusu “idi”. Evi dağınıq, üstü tökülüb-itir, üstəlik bir kitab müqaviləsi bağlayıb, amma aylardır bir kəlmə də olsun yaza bilmir. Sevgilisi də onu tərk edir.

Sonra yolda təsadüfən köhnə arvadının qardaşını görür. Həmin adam əvvəllər narkotik satıcısı olub. Ediyə bir həb verib deyir ki, normal vaxtlar beynimizin 20 faizinin işlədiyini deyirlər, bu həb isə beyni tam işlədir. Edi həbi götürür, evə gəlib onu qəbul edir və beyninin yüz faizi də onlayn vəziyyətə gəlir. Və ən maraqlı hadisələr də bundan sonra başlayır.. Dörd günə romanını yazıb qurtarır, üç günə piano çalmağı öyrənir, istənilən xarici dili bir müddət dinlədikdən sonra həmin dildə sərbəst danışa bilir, pokerdə qalib gəlir, iki həftəyə birjada 2 milyon dollar qazanır. Necə? =)


Amma bir problem var. Bu həblərin təsiri bir günə keçir, yenidən qəbul olunmadıqda isə narkotik maddənin təsiri kimi adamda baş ağrısı, ürək bulanma və ağrılar yaradır, hətta qısa müddətdə ölümə aparır. Üstəlik bu həblər limitsiz deyil…

Kino bizə göstərir ki, “böyük adam” olmaq üçün ehtiyacımız olan əsas səlis ağıl və dəqiq düşünmək bacarığıdı, güclü yaddaşa isə ehtiyacımız yoxdu. Yaddaş üçün müasir adamın Google-u var =)

Postumu qəhrəmanın sualı ilə yekunlaşdırıram: Siz olsaydınız nə edərdiniz? ;)