Run, Lola, Run


1998
ABŞ
Cinayət, Triller,
Rejissor: Tom Tykwer
IMDB xalı: 8/10

“Gələcəyə Qayıdış 1,2,3 (Back to the Future 1, 2 ,3 )”, “Kəpənək effekti 1, 2, 3 (Buterfly Effect 1, 2, 3)”, “Cənab Nemo (Mr. Nobody)”, “Qaynaq (Fountain)” və ya “Yıldızların Altında” (Kargo) , “Angels” (Morandi) video kliplərindən birini belə olsa izləyib bəyənmisizsə oxumağa davam edin, çünki “Qaç, Lola,Qaç (Run, Lola, Run)” filmi ilə yuxarıda adını sadaladığım kino və kilplərin hamısının mövzusunda ortaq bir fəlsəfə var – XAOS nəzəriyyəsi…
Film haqqında fikirlərimi söyləməzdən əvvəl yararlı olacağına inandığım, Xaos nəzəriyyəsini bilməyənlərə qısa bir arayış verim :
Nəzəriyyənin təməl fikri hər hərəkətin bir nəticəsinin olmasıdır. Həmçinin kiçik hərəkətlərin belə böyük nəticələri ola bilər. Amerikalı meteoroloq və riyaziyatçı Edvard Lorenzin “Kəpənək Effekti” filmində də vurğulanan sözləri isə nəzəriyyəni daha yaxşı ifadə edir : “Bir kəpənəyin qanad çırpması, dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər” (nəzəriyyəyə dair kimin nə əlavə sualı olsa buyurub soruşa bilər).
Beləliklə bu filmi izləyib izləməməyiniz belə həyatınızı dəyişdirə bilər. Ona görə də … (ardı yazının sonunda)


Kinonun rejissorunun məşhur “Perfume: The Story of a Murderer (Ətir: Bir Qatilin Hekayəsi) “ filmini çəkən Tom Tikver olduğunu da xatırladım… və keçək ssenariyə :
Filmin əsas qəhrəmanı Lola və sevgilisi Mani Berlinli iki gəncdir. Bölgənin mafiya dəstələrindən biri üçün bir əməliyyatı həyata keçirən Mani dəstə rəhbərinə verməli olduğu 100.000 alman markı ilə dolu çantanı metroda itirir. Çantanı onunla eyni vaqonda olan əyyaşın götürdüyünü təxmin edə bilsə də pulun təhvil verilmə vaxtına sadəcə 20 dəqiqə qalıb. Bu vaxt ərzində əyyaşı tapmaq isə artıq qeyri-mümkün görsənir. Pulun metroda itirilməsində Lolanın da rolu vardır, çünki əvvəlcədən razılaşdırılmış görüş yerinə bəzi gözlənilməyən səbəblərdən dolayı vaxtında gedə bilmədiyindən Mani metrodan istifadə etmək məcburiyyətində qalır. Nə edəcəyini bilməyən Mani sevgilisi Lolaya zəng edərək vəziyyəti ona bildirir və nəticədə Lolanın uzun və əzablı qaçaqaçı balşayır… Yəni, bu əslində nəticə yox, onu doğrucaq başlanğıcdır (filmdə qeyd olunduğu kimi “Oyunun sonu, əslində oyunun əvvəlidi” (Herberqer)), əsas nəticə isə hələ qabaqdadır…


Xaos nəzəriyyəsindən bəhs edən filmlərə xas olan, bir tam metrajlı filmdə bir-birilə sıx əlaqəli bir neçə (sanki) qısa metrajlı filmlərin işlədilməsi xüsusiyyətini “Qaç, Lola, Qaç” –da da görürük. Filmin özünə məxsus bir üslubu, dinamikaya uyğun saundtrəkləri, maraqlı dialoqları və sadə, hamı tərəfindən anlaşılan bir süjet xətti də var ki, bu izləyicinin ekrana olduqca yaxın oturaraq filmdəki bütün gedişatı diqqətlə izləməsinə səbəb olur. Filmi izləyərkən, yəqin ki, darıxacağınız heç bir dəqiqə belə olmayacaq, çünki adından da hiss olunduğu kimi dinamik bir filmdir. Hətta, çox güman ki, bəzən kinonun yaratdığı ab-havaya aldanıb siz də : “Qaaaaç, Lola, qaaaç “,- deyəcəksiniz.
Son olaraq isə filmdən tərcümə etdiyim, kinonun əvvəlində səsləndirilən “Suala verilmiş hər cavab əslində yeni bir sual doğurur” deyiminin doğruluğunu göstərən Lola və Mani arasındakı maraqlı bir dialoqu sizlərlə bölüşmək istəyirəm :

Lola : Mani ?
Mani : (yarı yuxulu şəkildə) həə…
Lola : Məni sevirsən ?
Mani : Əlbəttə, sevirəm
Lola : Necə belə əmin ola bilirsən axı ?
Mani : Bilmirəm. Sadəcə sevirəm
Lola : Mənim yerimdə başqa bir qız da ola bilərdi. Hə… niyə də olmasın ?
Mani : Yox, sən ən yaxşısısan.
Lola : Ən yaxşı nə ?
Mani : Ən yaxşı qız
Lola : Bütün dünyada ?
Mani : Hə
Lola : Hardan bilirsən ?
Mani : Bilirəm də
Lola : Yox, sadəcə zənn edirsən
Mani : Yaxşı. Elə olsun. Sadəcə zənn edirəm
Lola : Gördün ?
Mani : Nəyi ?
Lola : Əmin deyilsən
Mani : Dəli olmusan nədi ?!
Lola : Bəs mənimlə heç vaxt tanış olmasaydın necə ?
Mani : Nə demək istəyirsən ki?
Lola : Yəni bu sözləri indi mənə yox, başqa bir qıza da deyə bilərdin
Mani : Sən dediklərimi eşitmək istəmirsən. Yaxşı elə olsun
Lola : Mən heçnə eşitmək istəmirəm. Tək istədiyim nə hiss etdiyini bilməkdi
Mani : Yaxşı onda. Mənim hislərim deyir ki, hmm : “Sən ən yaxşısısan”
Lola : Sənin hisslərin ? Yeri gəlmişkən kimdi bu hislərin ?
Mani : Özüm. Daha doğrusu qəlbim.
Lola : Yəni qəlbin deyir ki : “salam, Mani, bax səni xoşbəxt edəcək qız budu” ?
Mani : Hə, elədi ki var
Lola : Onda,yəqin, sən də deyirsən ki, “Məlumat üçün təşəkkürlər. Görüşənədək, hələlik”
Mani : Tamamilə doğrudu
Lola : Yaxşı, bəs sən qəlbinin dediyi hər şeyi edirsən ?
Mani : Əslində qəlbim heçnə demir. Necə deyərlər, bu sadəcə intiusiyadı
Lola : Elə olsun. Bəs indi nə deyir intiusiyan ?
Mani : Deyir ki, niyə bu qız bayaqdan axmaq-axmaq suallar verir ?
Lola : Mani…, söhbətə ciddi yanaşmırsan.
Mani : Nə olub sənə belə ? Məni… tərk etmək istəyirsən ?
Lola : Bilmirəm… Sadəcə düşünürəm ki, qəti bir qərar verməliyəm

(ardı) … (siz də) qəti bir qərar verməlisiniz, izləyin ya da izləməyin, ammmmma bilin ki, hər iki halda da həyatınıza təsir edəcək heç bir şeyə dair məsuliyyəti öz üzərimə götürmürəm ; )