Mənə görə film izləyiciləri iki kateqoriyaya bölünür. Birinci kateqoriyadakılar filmlərə sadəcə əyləncə kimi baxır, boş vaxtlarını şən keçirmək üçün yaxşı vasitə olduğunu düşünüb izləyirlər, ikinci növ izləyicilər isə filmə bir sənət əsəri kimi baxır, mümkün qədər ondan həzz almağa çalışır, sadəcə 1-2 saatlıq həzz verən filmlərdənsə insanı əyləndirərkən düşündürən, məntiqi, bəşəriyyət və insaniyyət üçün gərəkli problemləri əks etdirən, bu problemlərə həll axtarmağa insanları məcbur edən kinolara üstünlük verir.
Mənə görə, bu aspektdən yanaşdıqda, filmlər özləri də iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar hər kəs üçün nəzərdə tutulur, yəni hamı tərəfindən anlaşılan, insanı sadəcə əyləndirən, onu anlamaq üçün izləyicinin çox da düşünməsini tələb etməyən filmlərdir ki, buna əsasən aksiyon, döyüş, ailə, romantik komediya və s. janrlarındakı filmləri (əlbəttə istisnalar var) misal göstərmək olar. İkinci kateqoriya filmləri isə tam əksinə olaraq yalnız bir qisim insan kütləsi üçün nəzərdə tutulub, bu filmləri siz yorğunluğunuzu çıxartmaq, əylənmək (əksinə bu filmlər beyninizi yorur) üçün izləmirsiniz, sadəcə düşündürülmək, çaşbaş salınmaq, təəccübləndirilmək istədiyinizdən izləyirsiniz, qısası düşünməyi bacaranlar üçündür ki, buna da mən ən gözəl nümnunə kimi “Donnie Darko” filmini misal göstərirəm.
Bu film mənim üçün psixolojik janrda çəkilmiş, birdə bənzəri (yəqin ki) olmayacaq bir şah əsəridir. Haqqında saatlara fikir istehsal etmək, saatlarla müzakirə aparmaq olar. Çox güman ki, bu filmə 1000 nəfər baxacaqsa, bunlardan 90%-i filmi başa düşməyəcək (bunlardan yarısı kinonu ikinci (-üçüncü-dördüncü-beşinci və s.) dəfə izləyəcək, yarısı isə filmi maraqsız və ya mənasız (!) olmasıyla günahlandıracaq), başa düşən 100 nəfərə gəldikdə isə, onlardan çox güman ki maksimum 10 nəfəri Riçard Kellinin (filmin rejisoru) filmdə nə demək istədiyini anlaya biləcək, qalan 90 nəfər filmin müəyyən bir hissəsini başa düşəcək və natamam hissəni öz xəyali yaradıcılığı ilə tamamlayacaq.
Bu da elə onun məntiqi nəticəsidir ki, kinoşünaslar “Donnie Darko” tamaşaçılara təqdim edildikdən sonra filmin açıqlaması ilə əlaqədar öz fikirlərini yazan izləyicilərin şərhlərindən yüzlərlə yeni film ssenarisi ərzəyə gətirilə biləcəyi qənaətinə gəlirlər. Çox maraqlıdır ki, 2004-cü ildə filmin necə çəkildiyindən, çəkilmə prosesindən bəhs edən “ ‘Donnie Darko’: Production Diary” adlı sənədli filmi İMDB-dən 7.1-lik bal alır ki, bu mənə görə filmin bəhs etdiyi mövzunu düşündükdə kifayət qədər müsbət göstəricidir.
“Donnie Darko” filmi 2001-ci ildə bu əsərinə kimi o qədər də məşhur olmayan dahi (mənə görə) Riçard Kelli tərəfindən çəkilib. 2002-ci ilin yanvar ayında Fransada premyerası olub və 28 gün davam edib. Qeyd edim ki, filmdəki hadisələr də 28 (!) gün ərzində cərəyan edir. Filmlə eyni ada sahib baş qəhrəman Donnie Darkonu Ceyk Qilenhol canlandırır. Müxtəlif festivallarda 11 mükafata layiq görülüb. 8.2-lik qiymətləndirmə ilə İMDB-nin ən yaxşı 250 film siyasında yer almaqdadır.
Filmin internet səhifəsi isə özünə məxsus dizaynı ilə seçilir (2001 Sundance film festivalında “ən yaxşı film internet səhifəsi” mükafatına layiq görülür). Filmi izləyəndən sonra bu səhifəyə daxil olmanızı məsləhət görürəm : http://www.donniedarkofilm.com/.
Digər maraqlı bir situasiya kimiysə 2009-cu il istehsalı “S.Darko” filmindən söz açmaq istəyirəm. Donnie Darko filminin populyarlığından və müsbət rəylərindən faydalanaraq filmin ikinci hissəsi kimi rejisor Kris Fişer “S.Darko” filmini çəkir. Lakin çox təbiidir ki, bu film olduqca mənfi rəylərlə üzləşir (“Donnie Darko”-yla tək əlaqəsi personajların adının eyni olmasıdı).
Filmdəki hadisələrə gəldikə isə çox dərinliyə getməməyə çalışaraq qısa şəkildə bir izahat verməyə çalışacam. Deməli, kinoda hadisələr 1988-ci ildə kiçik bir Amerikan qəsəbəsində cərəyan edir. Donnie Darko 16 yaşlı orta gəlirli bir ailənin 3 övladından biridir ( iki bacısı var). Ailədə hər şey yerli yerindədi, valideyinlər mehribandı, övladlarına qarşı kifayət qədər can yandırırlar.Yəni kənardan baxıldıqda normal bir ailəyə bənzəyir, ailə üzvlərinin daxilində isə qasırğalar qopmaqdadır. Xüsusilə də özünü bir qəhrəman kimi hiss edən, lakin olduqca pessimist və bəzi psixolojik problermləri olan Darkonun daxili aləmində. Film bizə 16 yaşlı bu gəncin içindəki problemləri elə ustalıqla göstərir ki, həmin problemlərin bizə də xas olduğunu düşünürük.
Donnie həm əqli cəhətdən, həm də fiziki cəhətdən olduqca çox iztirablar keçirir və bu da xəyali dostu dovşan kostymlu Frənk ilə arasında sıx bir əlaqənin yaranmasına səbəb olur. Əsas diqqət olunmalı dialoqlar bu iki – real və qeyri-real personaj arasında baş verir, bu iki obrazı başa düşsəniz filmi də başa düşəcəyinizə heç şübhəniz olmasın. AMMA bu burda yazdığım qədər asan deyil.
Mən filmdən sonra bir neçə saat yalnızca film haqqında düşündüm, İMDB-dən kino haqqında yazılmış izləyici kommentlərini oxudum, filmi ikinci dəfə izlədim, filmlə əlaqəsi olan bəzi fəlsəfi nəzəriyələri oxudum sonra filmin nə demək istədiyini çətinliklə də olsa özümə görə anlaya bildim (bəlkə mən də yuxarıda qeyd etdiyim 90 nəfərdən biriyəm). Nəyi anladığımı isə bura yazmayacam (çünki filmi maraqlı edən onun bu müəmalılığıdı). Filmi izləyin və bir gün kifayət qədər (nəsə) anlayan olduqdan sonra əsəri tam dərinliklərinə qədər müzakirə etməyə çalışaq. Xatırladım ki, psixolojik olduğu qədər də fəlsəfi filmdir, tək və sakit bir məkanda izləmənizi tövsiyə edirəm.
Son olaraq isə filmdə Frənk tərəfindən səsləndirilən, çox sevdiyim sualı sizə ünvanlamaq istəyirəm : Why are you wearing that stupid man suit ?
90 nəfər oldu 91 nəfər. Başa düşmədim filmi, eynən 1408 filmində də belə olmuşdu. Kino adama sonradan çatır. Director’s Cut-ı tapıb baxacam, görək ordan nə başa düşürük…
91-ci nəfər olmaqla yəqin ki nəyisə başa düşmüsən, əsas ipin ucundan tutmaq idi ki onu da etmisən:) məncə də 2004-cu il versiyasına baxsan daha yaxşı olar
Mənə elə gəlir filmin hər səhnəsində bir ip ucu var idi. Qoca arvadın məktub gözləməsi, ona “hər insan tək ölür” deməsi, dovşanın Darkonun sevgilisinin atası ilə adaş olması və s. Bunlardan bir nəticə çıxarmaq lazımdır amma nə?… Baxanların filmdən nə nəticə çıxardığını paylaşması maraqlı olardı, özümə görə bəzi şeylər fikirləşirəm, amma beynim çox qarışır. :) P.S. belə müzakirələr üçün ayrıca bölmənin olması yaxşı olardı. :)
Renat, elə commentlər müzakirə etmək üçün yerdi də :)) Əslində commentlərdə kinonun nəticəsini, hər şeyini danışmaq olar. Oxucu birinci postu oxuyub kinoya baxır, kinoya baxandan sonra şərhləri oxuyur.. Kinoya baxmamış şərh oxumaq düzgün deyil.. Ona görə burda da müzakirə etmək olar məncə :)))
menim buna dair oz nezeriyyelerim var. heleki yazi yenidi. ola biler kimdese maraq oyadar baxmaq isteyer ve eger o nezeriyyeleri bura yazsam filmin tilsimi acilir izlemek isteyen oxusa filmin maragi qalmayacaq. texminen 1 hefte kecsin yazacam aciqlamasini :)
Tural, yenə də öz işindir, amma commentlərdə istədiyin şeyi yaza bilərsən, çünki oxucu kinoya baxmamış şərhləri oxumamalıdı :)) Post kinoya baxacaq oxucu üçündü, şərhlər, kinonu izləmiş oxucu üçün :))
Mence duz deyirsen :)filmi izlemeyen oxucu oxuyursa artiq oz gunahidi :) sbhdan aciqlmasin yeni oz basa dusdyumu yazacam :)
Ilk olaraq açılışı dünən yox bu gün yazdığım üçünuzr istəyirəm, bəzi səbəblərdəndolayı dünən yazmağa vaxtım olmadı. Həəə, indi keçək Donnie Darko tapmacasının cavabına. Cavabı çox uzundu, hətta o qədər uzundu ki, filmin özündən belə qarışıq görsənə bilər həm də çox elmi yazmaq istəmirəm, sadə dildə açıqlamasın verməyə çalışacam. Beləliklə… Filmi bir şəkil pazılı kimi fikirləşək. İndi mən pazılın tapdığım əsas hissələrini izzah edərək göstərməyə çalışacam.
1-ci hissəcik – Doni yolun ortasında yuxudan oyanır, qəribə şəkildə gülümsəyir (demək ki nəsə edib və alınıb, nəticədən razıdır)
2-ci hissəcik – Frənk onu oyandıraraq təyyarədən düşən o nəhəng metal hissənin Donini öldürməsinə icazə vermir
3-cü hissəcik – Frənk 28 gün, 6 saat, 42 dəqiqə, 12 saniyə sonra dünyanın sonunun gələcəyindən xəbər verir
4-cü hissəcik – Müəllimə dərs vaxtı Darkodan həmin gün üçün evə oxunmağa verilən hekayədən bir hissə deyir və onu necə dəyərləndirdiyini soruşur. Darko isə cavabında “bir şeyin dağıdılması başqa bir şeyin yaradılmasıdır… Bilmək istədikləri tək şey isə, ortalığı qarışdırdıqda nə baş verəcəyi idi. Sadəcə bəzi şeyləri dəyişdirmək istəyirdilər ” (bu rejisorun izləyicilər üçün verdiyi ilk böyük ipucu)
5-ci hissəcik – Frənk Doniyə məktəbin su borusunu partlatdırır (bunu etməkdəki məqsədi 6-cı hissəcikdə…)
6-cı hissəcik : su borusu partladığından həmin gün məktəb bağlı olur və məktəblilər evə qaydır. Yolda bir iki gəncin Qreçenə (məktəbə yeni gələn qızın adı) söz atması, Doninin köməyilə onlardan yaxa qurtarması və Doni ilə tanışlıq.
7-ci hissəcik – Qreçen (məktəbə yeni gələn qızın adı) və Darko arasındakı söhbət
Qreçen : Doni Darko. Bu nə addı ? (gülərək) Elə bil superqəhrəman falansan
Darko : Elə olmadığımı hardan bilirsən ? (bu ikinci böyük ipucu, yəni Darko əslində dünyanı xilas edən superqəhrəmandı)
8-ci hissə – Sparrov adlı qoca qadın hər gün dəfələrlə poçtqutusunu yoxlayır (Darkodan məktub gözləyir)
9-cu hissəcik –Frənk Darkoya deyir : “İstədiyim hər şeyi edə bilərəm. Həmçinin sən də” (yəni hər ikisinin də xüsusi gücləri var)
10-cu hissəcik – Frənk Darkodan soruşur : Zamanda səyahətə inanırsan ? (yəni Frənk zamanda səyahət edərək gəlib)
11-ci hissəcik – Müəllim Doniyə “Zamanda səyahət” haqqında Houkinqin fikirlərini deyir : “Zamanda soxulcan tunellər (nəzəriyyədə adı belə gedir) var və nəzəriyyəyə görə bu tunellər insanlar tərəfindən idarə olunur. Haukinqə görə bu soxulcan tunnellər iki müxtəlif zamanı birləşdirən körpülərdir. Zamanda səyahət emək üçün istənilən bir metal əşya səyahət gəmin ola bilər”
12-ci hissəcik – Kitabda bəhs edildiyi kimi Doninin içindən şəffaf bir şey çıxaraq ona yol göstərir və onu silahın olduğu yerə aparır (silah Frənki öldürmək üçün lazım idi)
13-ci hissəcik – Ər-arvad müəllim-müəllimə aralarında söhbət edərkən Donnie Darko deyib gülümsəyirlər
14-cü hissəcik – Kaninqhamın sənədləri içində olan portmanatını yerdə tapan Doniyə Frənk deyir : “Artıq adresini bilirsən”. Sonra isə Darko gedib onun evini yandırır ki, bu da Kaninqhamın evində uşaq pornoqrafiyası kolleksiyasını olduğunun aşkarlanmasına səbəb olur və onu həbs edirlər. Bütün bu hadisələr isə Kittinin yox Darkonun anasının uşaqları dans yarışına aparmasına səbəb olur.
15-cü hissəcik – Frənk kinoteatrda Darkoya soxulcan tunelini göstərir və onu yox etməsini istəyir
16-ci hissəcik – Frənk kinoteatrda öz dovşan maskasını çıxardır və görürük ki, sağ gözü yaralıdı
17-ci hissəcik – Müəllimə Doniylə sağollaşarkən lövhəyə əvvəlcədən “Zirzəminin qapısı” sözünü yazmışdı. (Darko üçün bir ipucuydu)
18-ci hissəcik – Darko psixoloquna “Məktəbi su basmasının, Kaninqhamın həbsə atılmasının hamısının əslində bir plan olduğunu və bütün bunların nə ilə nəticələnəciyini bilmək istədyini deyir”
19-cu hissəcik – Darko psixoloqa Frənkin onu öldürəcəyini deyir (burda o deyərkən sevgilisini nəzərdə tutur)
20-ci hissəcik – Darko bacısına Harvdar universitetine qəbul olması şərəfinə və ata-anasının evdə olmamasından istifadə edərək bir parti verilməsisi təklif edir (əslində bu da Frənkin planlarından birirdir )
21-ci hissəcik – Sozulcan tuneli Darkonun gözünə görsənir və başa düşür ki, qoca arvadın evinə getməlidir (bu içindən çıxan şəffaf şey deyir ona)
22-ci hissəcik – Qoca arvad maşın gələrkən maşının qabağın kəsir və Frənk (maşını sürən) çaşıb Qreçenin üstündən keçir
23-cü hissəcik – Darko Frənki öldürdükdən sonra onun yanındakı klon qiyafəli oğlana evə getməsini və hər şeyin yaxşı olacağını deyir
24-cü hissəcik – Darko anası və bacısı gedən təyyarədən evinə düşmüş metal hissəni ayırır və evə otağına qaydıb uzanır. Həmin metal hissə isə otağa düşərək onu öldürür
Hə indi keçək filmin açıqlamasına. Əvvala deyim ki, filmdə olduqca çox dini simvolizmdən istifadə olunur, amma mən bunlara toxunmadan çalışacam başa salım, çünki onlara da toxunsam ümumiyyətlə hər şey qarışacaq. Deməli, filmdə hadisələr iki dünyada cərəyan edir. Biri TU (Tangent (paralel dünya kimi bir şey) Universe), digəri isə PU-du (Primary (normal dünya) Universe). 1988-ci ilin 2 oktyabırında bir qara dəlik (black hole) və ya digər adı ilə soxulcan tuneli (wormtunnel) yaranır və gələcəkdən (30 oktyabrdan) bir “artifact” (təyyarədən ayrılan hissə) keçmişə düşür. Artifact geriyə qaytarılmazsa dünyanın (PU-nun) sonu gələ bilər. Bunun üçün (onu geri qaytarmq üçün) Donnie Darko seçilir (buna “Living Receiver” deyilir). Bu “living receiver”-ə xüsusi güclər verilir. Frənk isə Darkoya kömək etmək üçün başqa bir TU-dan gəlib. Əgər kimsə bir TU-da ölərsə, o zamanda səyahət edə bilmə bacarığına yiyələnir. Buna “ Manipulated Dead” deyilir, Doninin ətrafındakı yaşayan insanlara isə “Manipulated Living” deyilir. “Manipulated dead” və “living”lər Darkoya bu yolda kömək edirlər, onu yönləndirirlər. Bu yönləndirmələri yuxarda qeyd etdiyim 2,3,5,11,12,14,15,17,20,21-ci hissəckilərdə görmək olar. Beləliklə getişatdan hiss olunur ki, əslində bu birinci cəhd deyil, əvvəl də Doni dünyanı xilas etməyə
çalışıb, amma müsbət nəticə əldə edə bilmədiyindən həmin o TU-dakı hadiələr təkrar-təkrar baş verir və nəhayət biz izlədiyimizdə Darko artifactı lazımi zamana yollayaraq dünyanı xilas edir, amma bunu edərkən sevgilisi öldüyündən, özünü də öldürürür ki, sevgilisi yaşasın. Beləliklə, filmin əvvəlində görürük ki, Darko yolun ortasında oyanır və gülümsəyir, o ona görə gülümsəyir ki, dünyanı xilas edə bilir və evə gedərək otağında uzanıb artifactın gəlib onu öldürməsini gözləyir. Yəqin ki, heçnə başa düşmədiz :) filmi belə yazaraq açıqlamaq mənim üçün olduqca çətindi, ancaq filmə baxa-baxa şərh verərək açıqlamaq olar, çünki filmə baxanda hər bir dəqiqədə bir ipucu görürəm və bunları yazmaq mümükün deyil, həm saatlar alar həm də hamısını yadımda saxlayacaq bacarığım yoxdu. ən azı 5-10 nəfər falan istəsə bir gün filmi təşkil edərəm, gedib baxarıq və müzakirə edərik, hər şeyi aydınlaşdırmağa çalışaram. Yenə də ümid edirəm bu “qısa” şərhimin bir köməyi oldu :)
Qısa və konkret. :D Məncə məntiqli açıqlamalardır, başa salmaq istədiklərinizi hardasa başa düşdüm mən. Bu gün filmə bir də baxacam, daha aydın olacağına əminəm hər şeyin. Açıqlama üçün təşəkkür.
Dəyməz :) Renat baxacaqsansa 2004 versiyasına bax orda TU və PU söhbətləri daha aydındı. Diqqətlə izləsən demək olar hər dəqiqədə nəsə görəcəksən. İyi seyirlər :)
salam.en sevdiyim filmlerden biridir,5 defe baxmiwam., eziyyet cekib bu qeder achiqlama yazmisiz ama ,burada yazdiqlarinizin en azi 80 % nin ingiliscesini oxumusham , yazilanlarin da cox hissesini men de duwunurdum , sonra mene bir nefer dedi ki , filmin achiqlamasini oxu tam bawa duw, men de arawdirdim , sozun qisasi yazdiqlarinizin cox hissesi oz duwuncenizden qaynaqlanmayib ~