Shawshank Redemption

ABŞ,

1994,
Dram,
Rejissor: Frank Drabont,
IMDB xalı 9.2,

Film izləyicilərinin səsinə görə film tarixinin ən gözəl fimli sayılır. IMDB saytında ən yaxşı 250 film siyahısına başçılıq edir. Maraqlısı budur ki, film 1994-cü ildə OSCAR film mükafatına 7  nominasiyada namizəd göstərilsə də mükafata sahib ola bilməyib. Məhz bu paradoks məni bu filmə baxmağa vadar etdi.

Həqiqətən bu filmə baxandan sonra niyə Oscar ala bilmədiyi mənə çox təəcüblü görsəndi. Filmin ssenarisi Stefan Kinqin eyniadlı əsərindən götürülüb. Filmin baş qəhrəmanı haqsız yerə Şouşenk həbsxanasına göndərilən Endi Dyufreyn və onun həbsxanadakı ən yaxın dostu  Red-dir (Morgan Freeman). Filmdə hadisələr tam olaraq Şouşenk həbsxanasında cərəyan edir. Endi savadlı bir bank mühasibidir, heç kim bele sakit bir insanın Şouşenkdə dözə biləcəyinə inanmır, lakin o həbsxanadakıların fikirlərini alt-üst edir. Red dediyi kimi 600 ilə edilə biləcək işi Endi Dyufreyn 20 ilə edir. Və Həyatını düzgün yaşamağa çalışan bir insan ömrünün ən böyük fırıldağını həbsxanada edir demək olar ki bütün həbsxananın taleyini dəyişir. Onun hayata olan bağlılığı və innovativ yanaşmaları digər dustaqları heyran edir. Filmin diqqətimi çəkən hissəsi Endi ilə Red arasındakı dialoqlardı ki, o cümlələrdən fəlsəfə kitabı yazmaq olar.

Filmdə ən çox mənə təsir edən hissələrdən biri də qoca kitabxanaçı Bruksun həbsxanaya olan bağlılığı və azad olandan sonra intihar etməsidir. Bir çoxlarına qeyri-adi görsənə bilər, lakin 50 ilini həbsxanada keçirmiş bir insanın azadlığın pəncəsində edə biləcəyi çox şey yoxdur.

Film həqiqətən baxımlıdır. Filmin sonunda anlamaq olur ki,  Elis kimi bir insan 20 il ərzində  niyə intihar etməyib və ya psixi pozğunluq yaşamayıb, onu həyata bağlayan stimul sonda bəlli olur. “Filmdə bir cümlə çox gözəldir “Ya yaşamaqla məşğul ol, ya da ölməklə.”Mən isə bu filmə bir cümlə ilə münasibət bildirə bilərəm: Bir insanı həqiqətən dustaq etmək istəyirsənsə onun qəlbini və səbrini dəmir barmaqlıqlara sal!