Django Unchained

Bu gün ya sabah mütləq vaxt elə get kinoteatra, 2012-ci ilin ən zor kinosuna bax. Nə badə internetdən yükləyib baxasan, bu cür şedevrə aşağı keyfiyyətdə baxmaq paxlavanın üstünə tomat yaxıb yemək kimi bir şeydi. Gedəcəksənsə çalış yanında hər səhnəyə yersiz gülən, hər şeyə şərh verən, kinoya baxmaqdan çox danışan bambılı dostunu özünlə aparma, yoxsa C.Y demiş “Şimdi ben ne anladım gösteriden?” tipli vəziyyət yaranmasın. Kino 3 saata yaxındı, amma 1 dəqiqə də az olmamalıdı. Kino qurtarandan sonra qardaşım yarı zarafat yarı ciddi dedi ki, bəlkə növbəti seansa da bilet alaq? Yəni elə bir kinodur ki, seanslar bitənə qədər hər gün təzədən baxa bilərəm. Tanışlardan bəziləri artıq 2-ci, 3-cü dəfə gedib.

Tarantinonu tərifləməyə dəyməz, çünki ağzını açsan Batman şillə vurar ki, “bilirik!”.  Aktyorları əla seçib, hətta Jonah Hill də var. Hamısı əla oynayır, amma ən çox “Inglourious Basterds”-də də olduğu kimi Christoph Waltz mükəmməl idi. Bu aktyoru Tarantino hardan dartıb çıxartdı bilmirəm, amma onun rolundakı ciddi yumor, zəhm, müdriklik, özünəməxsusluq və zorluq digərlərini kölgədə qoyur. Leonun rolu isə öz yerində.

Kino zalından çıxandan sonra adam kinonun içindən çıxıb real sönük həyata düşür elə bil, effektsiz, fon musiqisiz.. Musiqilər isə kokteyl kimi eqzotik idi, vestern səhnəsi ilə hip-hop, country, hətta Beethovenin remiksləri, möhtəşəm idi.

Səhnələr isə hamısı bir növ Instagram-lıq. Yəqin ki, kinonu mən çəksəydim görməmiş kimi hər səhnəsini screenshot edib share edərdim. Baxdınsa darıxmaq söhbəti olmayacaq, elə bil ssenaridə 5 dənə kuliminasiya var, 10 dənə final səhnəsi, bir sözlə çox əyləncəlidi.

Rollar çox cool-du, personajlar, interyer, əsl art-dı. Bir olardı hardasa 10 il qabaq, Django-nu özümə nickname seçərdim. Bu qədər tərifləməyimin məqsədi odur ki, gedib baxasan, yəni xoşbəxtliyin sirrini və həyatının mənasını tapmağı gözləmə, amma sərf etdiyin vaxta peşman olmayacaqsan. Auf Wiedersehen..