Niyə dublyajımız bəyənilmir? (2-ci hissə)

Bu suala cavab axtarmışdım əvvəlki yazımda, iş yoldaşlarımın, təcrübəlilərin köməyi ilə aydınlıq gətirmişdim bu məsələyə..

Amma bu sual yenə də verilir, məsələyə əvvəl sırf texniki-maddi tərəfdən yanaşmışdımsa, indi əsas diqqəti tərcüməçi məsələsinə çəkmək istəyirəm.

Soruşurlar ki: “Niyə hərfi tərcümə eləyirlər? Türk dilindən niyə tərcümə olunur ki?” Türklər demiş “izah ede bilirim” Birinci növbədə tərcüməçilərin qonorarı o qədər də yüksək deyil, adətən xarici dili bilən tələbə tv-lərə, müxtəlif tərcümə mərkəzlərinə müraciət edir, və o qonorar ona belə yox, belə bəsdi. Onların da həvəsi olan vaxt olur, canlarının sulu vaxtı.. 1 il, 2 il, 3 il bu işdə işləyir, təcrübə yığır və doğrudan da öz üzərində işləyəndisə, iradlara qulaq asandısa nəticədə gözəl də tərcümə edir, bu olur təcrübəli, yüksək hazırlıqlı tərcüməçi. Sonra həmin tərcüməçi bu zəhmətli işdə ona verilən qonorarla qane olmur, gedib hansısa şirkətdə başqa bir iş tapır. Onun yerinə yenə bayaq dediyim həvəsli, amma təcrübəsiz tərcüməçilər gəlir. Təbiət haqqındakı sənədli filmlərdə deyildiyi kimi, “Bu bala quş da nə vaxtsa təcrübəli olacaq və qanad açıb həmin tv-dən uçacaq.” Çarx da belə fırlnıb təkrarlanacaq. Yenə bu suallar veriləcək: “Niyə hərfi tərcümə eləyirlər? Türk dilindən niyə tərcümə olunur ki?”

O ki, qaldı türk dili məsələsinə, əgər hansısa türk serialını tv-də verirlərsə o mütləq tərcümə olunmalıdı, əgər bunun qarşısı alınmasa çağasından qocasına kimi hamısı hansısa məsələyə münasibət bildirəndə “yapma yaa” deyəcək.

Amma əgər tərcüməçi türk dilindən tərcümə edirsə daha diqqətli tərcümə etməlidi, arada bir iki səhv olar e, amma adamı əsəbləşdirəcək səviyyədə yox.

Məsələn: “İsmini okudukların içeri girebilir”-i “İsmini oxuduqlarım içəri girə bilər” kimi yox, “Adını çəkdiklərim içəri keçə bilər” kimi tərcümə olunmalıdı.

Biz Asi serialını tərcümə edirik, bir seriyaya baxıram, hansısa kolleqam götürüb tərcümə edib ki:

Dünən bütün gecə çalışdım – (əslində belə olmalıdı: Dünən bütün gecə işlədim)

Uşaq atasına bənzəyir – (əslində: Uşaq atasına oxşayır)

Günaydın, ata – (əslində: Sabahın xeyir, ata)

İndi sabah kiməsə desəm ki, Asi-ni biz tərcümə edirik, yenə soruşacaq ki, “Niyə hərfi tərcümə eləyirsiz? Türk dilindən niyə tərcümə olunur ki?” –İndi mən bütün tərcüməçilərə cavabdehəm? Yox.

Keçən dəfə də biri tviterdə yazıb ki bəs:

-Türk seriallarını siz tərcümə edirsiniz?

Yazdım: Aha, biz tərcümə edirik J

Yazdı: Əhaliyə mənəvi əziyyət verdiyinizin fərqindəsiniz?

Yazdım: Bəli fərqindəyəm və bundan zövq alıram, mən pul qazanıram sizin isə əsəbləriniz korlanır :D

Adətən belə zarafatyana cavabı verirəm o tamaşaçıya ki, heç səsləndirməylə tərcümənin fərqini bilmir.

Bu yazı da hələ bütün suallara cavab deyil. Bu dəfə tamaşaçı mövqeyindəydim, tamaşaçı kimi əsəbləşdim və oturub ürəyimi boşaltdım.