“Sahə” filminin nümayişi və İlqar Safat ilə görüş

Cineline bir müddətdən sonra yenidən fəaliyyətə başlayır. Növbəti nümayiş AFU-Azad Fikir Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Nümayiş olunacaq film İlqar Safatın “Sahə” filmidir. Dram janrında olan film məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir.

Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilib.

2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının “Xarici dildə ən yaxşı filmə görə” nominasiyasına göndərilib. Baş rolun ifaçısı Timur Oduşev 2010-cu ildə Oskar mükafatının 32-ci “Hollivudun Gənc İstedadları” mükafatına (32nd Young Artist Awards) layiq görülüb.

Filmin rəsmi vebsaytı: http://www.theprecinct.az/

Facebook səhifəsi: http://on.fb.me/tsN5E1

Film 18 dekabr saat 17:00-da AFU-nun (Azad Fikir Universiteti) mühazirə zalında nümayiş etdiriləcək. Nümayişdən sonra rejissorla görüş keçiriləcək və müzakirə ediləcək.

Mənbə: dost və əməkdaş bloq Cineline

Kinoklik-in qeydi: Filmin kinoteatrda premyerasını izləmişdim, maraqlı səhnələri, yerli personajları, uşaq psixologiyası, münasibətlər və bir çox fantastik hadisələr. Nə tam qorxu filmidir, nə tam dram, nə də tam mistik, hər janrdan bir az var. Baxmağa dəyər. Kinoteatrda bileti 7 manat idi, indi isə pulsuz, təzə yerli filmlərimizə baxmaq fürsətini çalışın heç vaxt əldən verməyin :) – Orxan Məmmədov