The Fall

2006

Amerika

Macəra, Fantastik, Dram

İMDB xalı- 7.9

Heç bir filmə bənzəməyən, sizə tamam fərqli duyğular bəxş edəcək bir film…

“The Cell” filmi ilə məşhurlaşan rejissor Tarsem Singh-ın növbəti filmi olan “The Fall” da rejissor bizi ovsunlayıcı görüntülərlə zəngin nağıllar aləminə aparır. Bu film kinonun rəsmlərlə yaradılan bir sənət əsəri olduğunu vurğulayan bir filmdi. Bu filmin qəhrəmanları rollarını oynamırlar, yaşayırlar. Hələ 9 yaşlı (filmdə 5 yaş)  qızcığazın bütün hissləri belə ustalıqla çatdırması inanılmazdı. Heyf ki, aktrisalıq karyerası hələlik bu filmlə məhdudlaşıb.
Filmin 5 yaşlı Aleksandriya-sı yerişi, duruşu, söhbəti, verdiyi suallar, təxəyyülü, hissləri -hər şeyi ilə tam yaşının uşağıdır. Bu rola süni “çoxbilmişlik” , emosionallıq yükləmədiklərinə görə  film uşaq saflığını qoruya bilib. Filmin iki əsas qəhrəmanı eyni xəstəxanada yatır. Bunlardan biri  portağal dərərkən ağacdan yıxılıb qolunu sındıran çox şirin, balaca Aleksandriya (Catinca Untaru), digəri isə hələ ilk işində zədələnmiş, üstəlik sevgilisi tərəfindən tərk edilmiş dublyor Roy ( Lee Pace) -dur.  Bu qəribə cütlüyün dostluğu filmin əsas süjet xəttini təşkil edir. Royun da dediyi kimi “We’re a strange pair, aren’t we?”

Roy öz sevgisindən, nifrətindən yaranmış bir hekayəni Aleksandriyaya bir nağıl kimi danışır . Nağılda zalım vali Odious-a qarşı baş qaldırmış və ondan intiqam almaq istəyən 5 mistik obraz : Əvvəl bir kölə olmuş Otta Benqa, partlayıcı maddə mütəxəssisi Luiqi, arvadının qisasını almağa çalışan Hindli, bütün canlıları sevən, meymunu Walles ilə macəraya qatılan çılğın ingilis alimi Çarlz Darvin və qarnında quşlar bəsləyən qəribə, amma sadiq Mistik.

Əvvəlcə Roy nağıla həvəssiz başlayır, amma Aleksandriyanın təkidləri və Roy üçün morfin gətirəcəyinə dair ümid onu davam etməyə sövq edir.


Filmdəki bəzi boşluqlar, çox şişirdilmiş səhnələr, bəzi uyğunsuzluqlar tamaşaçı tərəfindən tənqid  edilə bilər. Amma unutmayaq ki, bütün bunlar 5 yaşlı qızcığazın təxəyyül məhsuludur. Ondan da yalnız yaşına uyğun, bir uşağın xəyal dünyasını əks etdirən səhnələr gözləmək olar. Məsələn, Roy Aleksandriaya nağılı ilk dəfə danışanda obrazlardan birinin adını çəkir və “indian” deyir. O  qızıl dərili insanı nəzərdə tutur.  Amma balaca qız  bunu “hindli” kimi başa düşür. O Qızıldərili isə filmin sonunda hamının birlikdə seyr etdiyi ağ-qara  filmdə peyda olur. Hər nə qədər nağılı Roy danışsa da bu, Aleksandriyanın nağılı olur. Çünki biz nağılı onun gözləri ilə seyr edirik. Bəzən nağıla müdaxilə də edə bilir. Nağıl yekunlaşdıqca film də sona doğru yaxınlaşır. Nağıldakı bütün mistik obrazlar hansısa real hekayəyə söykənir. Darvin və meymunu Wallace də bunlara daxildi. Deyilənə görə, Darvin illərdir davam edən araşdırmasından bir nəticə əldə edə bilmədiyi dövrdə Alfred Wallace adlı bir gənc ona öz məqaləsini göndərir. Bunu oxuduqdan sonra Darvinin beynində şimşəklər çaxır və beləliklə, təkamül nəzəriyyəsi yaranır. Neçə illərdi, elm dünyasında Darvinin bu gəncin fikirlədirini oğurladığı şayiələri gəzir. Bu filmdə də Davinin meymunu ona tez-tez nə isə pıçıldayır. O da meymunu digərlərindən gizlədib onun fikirlərini özünkü kimi qələmə verir. Film meymunu Darvinin ən yaxşı dostu edir. Yeri gəlmişkən, Darvinin libası çox maraqlıdı =) Balaca Aleksandriyanın təxəyyülü xeyli rəngarəngmiş =)
Dünyanın ən gözəl qadını ilə evli olan hindlinin arvadının da Odious tərəfindən qaçırılması da qədim hind hekayəsi Rani Padmini-yə söykənir.

Filmdə tez-tez nəzərə çarpan kəpənək təsviri yenidən doğulmağın simvoludur. Əslində film də Royun nağıl və balaca qızın sayəsində yenidən doğulmasını təsvir edir. Filmdə portağala da xüsusi yer verilib. Onları rahibin başına atmaq Aleksandriyanın sevimli məşğuliyyəti idi =))

Filmdə keçmiş kölə Otto Benqa kürəyindən o qədər oxla vurulur ki, yerə yıxılarkən bədəni o oxların üzərində qalır. Bu səhnə də Mahabrahata-dakı Brişma adlı obrazın ölümü ilə eynidi.
Filmin afişasındakı maska ilə Salvador Dalinin “İl Volto Di Mae West” ( “Mae Vestin Üzü” ) əsəri arasında böyük oxşarlıq diqqəti cəlb edir.

Qeyd: Nə vaxtsa çox qorxsanız Aleksandriya kimi “Quqli, Quqli, Quqli, get!” deyin, bəlkə işə yaradı. Ən azından, həmin an belə əcaib sözlər gülünc səslənər və qorxu yaddan çıxar =))

Qeyd:Filmdə çox ekzotik məkanlar görəcəksiz. Hər dəfə bu səhnələri gördükcə “Burda olmaq istəyirəm, burda da olmaq istəyirəm” deyirdim. Aşağıda bu məkanları sizlə paylaşacam. Baxın, gözləriniz bayram etsin =)) Ümid edirəm, şəkillərinə baxmaqla kifayətlənməyib, buraları canlı olaraq da görə bilərik =)

0:22:40- Kəpənək Rifi, Mana Adası, Fici

0:41:46- Ubud, Bali, İndoneziyakı Teqallalanq Düyü Tarlası

00:44:03- Tampaksirinqdə Qununq Kavi, Bali, İndoneziya

0:43:09- Qahirədəki Giza Piramidası, Misir.

0:43:32- Böyük Çin Səddi, Cinşanlinq, Çin.

0:43:40- Qvanqxi əyalətində Li çayı. Çin.

0:43:49- Bayon Məbədi, Kamboca.

0:43:49- Kolizey Amfiteatrı, Roma, İtaliya.

0:55:01- Udaipurda Göl Saray. Racəstan, Hindistan.

1:09:09- Tac Mahal. Aqra, Hindistan.

1:31:43 - Çhand Baori. Abhaneri, Racəstan, Hindistan.