Fuck-ın tərcüməsi nədir?


Televiziyalarla əməkdaşlıq edən film tərcüməçilərinə tamaşaçılar tərəfindən adətən bu iki sual verilir. Birincisi: dublyajımız niyə bu gündədi? İkincisi: (gülərək) siz söyüşü necə tərcümə edirsiniz? Ya da: (gülərək) Siz söyüşləri niyə gülməli tərcümə edirsiniz? Dublyaj məsələsi ilə bağlı suallara aydınlıq gətirmək üçün biriki yazı yazmışdıq. Bu yazıda isə söyüşün necə tərcümə olunduğu barədə yazacağam. Çalışacam uzun uzadı-uzadı yazıb, hər şeyi qurdalayıb başınızı ağrıtmayım, amma nəsə sual yaransa, mən qulluğunuzda hazır.

Bir halda ki, Azərbaycan dilinə dublyaj olunmuş filmlərə kinoteatrlarda yox, yalnız yerli televiziya kanallarında baxırıq, nəzərə almalıyıq ki, hər kanalın öz yayım siyasəti var. Digər televiziya əməkdaşları kimi, eləcə də, tərcüməçilər, redaktorlar, hətta aktyorlar kanalın həmin prinsiplərindən kənara çıxa bilməz.. Fikrimin daha aydın olması üçün bir nümunə göstərirəm. Hər hansı bir filmdə “I like your wife” (birbaşa tərcüməsi: Sənin arvadından xoşum gəlir) deyilirsə, XəzərTv və İctimai Kanalda bu cümlə “Sənin arvadın çox gözəldir” kimi, ANS, ATV, Lider kimi kanallarda isə “Sənin arvadından xoşum gəlir” kimi tərcümə olunacaq. Bu kanalların yayım siyasəti haqda qısa məlumat.. İndi keçək birbaşa söyüşlərə..

Biz söyüşləri niyə gülməli tərcümə edirik? Adətən ingilis dilində “Happy New Year, I love you və fuck”-dan başqa söz bilməyən tamaşaçı bizə bu iradı tutur: “Yoxe, eşidirəm orda fuck deyir, amma tərcümə eləmisiz ki, cəhənnəm ol xaxaxa” Bu məsələyə də aydınlıq gətirmək üçün tərcümə etdiyim Ninja Assassin filmdən bir nümunə göstərirəm. Burda görüntüyə uyğun yumşaq formada tərcümə etmişdim. Özünüz də görəcəksiniz ki, heç yerdə tərcüməçilərin başının qaxacı “Lənətə gəlsin” yazmamışam =)

2
00:00:49,920 –> 00:00:51,420
Fuck! – Zibil.
3
00:00:53,300 –> 00:00:55,190
Fucking-shit! – Çox incidir… (görüntüyə uyğun)
4
00:00:59,680 –> 00:01:01,180
Fuck! – Zibil..
5
00:01:01,850 –> 00:01:03,500

Fucking-fuck! – Neyləyirsən? (görüntüyə uyğun)
6
00:01:04,410 –> 00:01:06,310
Watch it, old man! – Ehtiyyatlı ol, qoca.
7
00:01:13,840 –> 00:01:16,690
What the fuck? – Bu nədi?
You’re doing it wrong. – Düz eləyə bilmirsən.
8
00:01:18,160 –> 00:01:20,750
The needle is doing
what the needle does. – İynənin burda heç bir günahı yoxdu.
9
00:01:20,800 –> 00:01:23,200
What the fuck is that
supposed to mean? – Nə gic-gic danışırsan?

Kino başlayandan ilk 30 saniyə ərzində demək olar ki, normal söz yoxdu, ancaq “fuck”.. Hələ bu Scarface filminin yanında toya getməlidi.. Scarface-i tərcümə edən ya lənətə gəlsin deyib “bas getsin” prinsipi ilə işləyib, ya da özünü asıb. Bu o demək deyil ki, bayaqdan “fuck”-ın tərcüməsini bilmədiyim üçün şikayətlənirəm. Hələ inanın ki, hərbi xidmətdən sonra həyatın hər bir anı üçün “fuck”-ın Azərbaycan dilində bir o qədər rəngli variantlarını bilirəm. Bunların bir neçəsini görmək istəyən Azerdictdə bu söyüşün açıq tərcüməsinə baxa bilər. Amma Ramiz Rövşənin dili ilə desək bu söyüşlər efirlik deyil axı, atam balası.

Biz efir üçün hələ ki, türklərdə və ruslardakı kimi söyüşləri olduğu formada tərcümə edə bilmərik. Biz hələ buna hazır deyilik. Bizim efir tərcüməsində filmin böyük tamaşaçı kütləsinin ixtiyarına verilməsi, ümümi tamaşaçının düşüncə tərzi, filmin günün hansı saatında efirə getməsi, uşaqların həmin saatda filmi izləmək ehtimalının olması (nəzərə alsaq ki, bizdəki uşaqların əksəriyyəti 12-dən tez yatmır), üstəgəl kanalın öz yayım siyasəti kimi faktorlar daha çox nəzərə alınır. Bunun sayəsində siz tamaşaçılar valideynləriniz və övladlarınız ilə oturub bir yerdə rahat filmə baxa bilirsiniz. İstisnalar da olur, məsələn keçən dəfə günün günorta çağı ANS-də bir kinoda deyir ki: “İndi bu ağacı sənin dalına soxacam!” Daha yumşaq formada: “İndi bu ağacı sənin başında sındıracam” deyilə bilərdi. Bəzi tamaşaçıları deyə bilmirəm, amma mən şəxsən efirin söyüşlərdən və vulqar ifadələrdən azad olmasının tam leyhinəyəm.

Bəs bizim dublyajda böyük məna təhrifi olmadan boşluqlar necə doldurulur? Adətən tamaşaçılarımız bizim tərcüməylə türklərin və rusların tərcüməsini müqayisə edir. Söhbət “fuck”-dan gedirsə bu müqayisə düzgün deyil, ruslarda, türklərdə “fuck”-ın biri beş qəpikdi. Elə türklərin özündə arvadlı-uşaqlı hamısı s..dir söyüşünü (1:24-cü saniyəyə diqqət) gündəlik məişət danışığında işlədir. Amma bizim məişət dilimizdə vəziyyət bu cür deyil. Ona görə də kinoda: “Where the fuck are you?” sual cümləsini “Harda s..dirirsən?” yox “Hansı xarabadasan?”, “What the fuck is this?”-i “bu nə ..xdu?” yox “Bu nə zibildi?”, “Fuck off”-u “s..dir” yox, “rədd ol” kimi tərcümə edirik. Və yaxud da görüntüyə maksimum uyğun gələn digər variantlar.. Çünki konkret demək olmaz ki, “fuck you”-nun bir mənası, bir tərcüməsi var, hər yerdə, hər görüntüdə o variant işlənməlidir, Yox!

Yaxşı, deyək ki, hər kanalın öz yayım siyasəti var, söyüş olmaz, bəs onda kinoteatrlarda necə tərcümə olunmalıdır? Kinoteatrlarda kanallardan fərqli olaraq daha sərbəst tərcümə olunmalıdır. Hər filmin yaş kateqoriyası var, mətndə söyüş olan filmə gedib-getməmək sizin öz seçiminiz olacaq. Mənə maraqlıdır görəsən “söyüşləri niyə gülməli tərcümə edirsiniz?” deyənlər onda da valideynləri və övladları ilə həmin filmlərə kinoteatrlarda sərbəst baxa biləcəklərmi?! Düzdü, əvvəlcə tənqidlər olacaq, amma sonra hamı öyrəşəcək, kinolarda söyüş eşitmək adi hal alacaq…amma kinoteatr tərcüməsi haqda konkret danışmaq hələ tezdir…

Qeyd: Yeri gəlmişkən, əgər başqa şəhərlərdə, başqa adamları  söymək istəsəniz posterdən bu söyüşün yüz dildə müxtəlif variantını ədəbiyyat kimi istifadə edə bilərsiniz =)