Niyə Dublyajımız Bəyənilmir?

Kino sahəsində bizə bu kimi suallar tez-tez verillir..

‘Niyə tərcümə olunan filmlər satışa və ya kinoteatrlara çıxarılmır?”, “Niyə bir filmin adı müxtəlif televiziya kanallarında fərqli tərcümə olunur?” , “Ümumiyətlə niyə bizdə dublyaj aşağı səviyyədədir” və s. Bu sualların cavabı çox A4 tələb etsə də çalışacağıq ən qısa formada aydınlıq gətirək.

Niyə tərcümə olunan filmlər satışa və ya kinoteatrlara çıxarılmır? Çünki biz Beynəlxalq Müəllif Hüquqları Konvensiyasına qoşulmamışıq. Ona görə 2011-ci ildə də bir film çıxan kimi yerli kanallar olaraq gedib 3 manata diski alıb 100 manata tərcümə edib, 3 aktyorla yarım günə dublyaj edib yapışdırırıq həmin kinonun üstünə, filmin səsini alırlar, amma yenə də qarışıqlıq yaradır. Üstəlik səs alındığına görə bütün effektlər itir. Kinoteatrlarda da kinonu hazır şəkildə Rusiya bazarından alırlar. Əslində necə olmalıdır…

Əslində bizim ölkənin Hollivudda rəsmi satış nümayəndəsi olmalıdır. Və filmin adını da həmin satış nümayəndəsi müəyyən etməlidir. Bu olmadığı üçün bəzi problemlər yaranır. Məsələn: Təəssüflər olsun ki, bizdə kino haqda yazanların çoxu rusdilli olduğu üçün öz dilimizdə informasiya yayanda da rusdillilərə xas səhvlər edirlər. Məsələn “Kralın Nitqi” (King’s Speech) filmini “Kral danışır”, “Əsl Şücaət” (True Grit) filmini “Dəmir tutuş”, “Oyuncaq hekayəsi 3” (Toy Story 3) filmini “oyuncaqların Tarixi 3” kimi tərcümə ediblər. Bu haqda bloqumuzda da ətraflı yazmışıq, səbəbi isə rus dilindən birbaşa tərcümə etməkdi, filmə baxmadan, orijinal adına fikir vermədən sadə tamaşaçını səhv informasiya ilə məlumatlandırırlar. Gəlin həmin filmlərin rusca tərcüməsinə baxaq: Король говорит, Железная хватка, История игрушек 3. Bu səhvləri .az domeynində olmasına baxmayaraq girəndə birinci rusca açılan kino saytında görmüşəm. Bu da link

Məsələn “Warner Bros”-un çəkdiyi filmi almaq istəyiriksə həmin studiya ilə müqavilə bağlamalıyıq, hardasa deyək ki, 10 min dollara, sonra onun şərtlərini yerinə yetirməliyik mütləq, yoxsa bizə satmaz. Məsələn bizə şərt qoyur ki, uşağı uşaq səsi ilə, qoca qadını qoca qadın səsi ilə səsləndirin, hər personajı ayrı-ayrı aktyorlar səsləndirsin. Daha 3 aktryor bütün kinonu səsləndirməsin. Bundan əlavə, bizdə yüksək standartlara uyğun səs yazılan studiya demək olar ki, yoxdur. Hətta bizdə kino çəkiləndə səsləri görüntüyə birləşdirmək üçün çox vaxt Rusiyaya gedirlər. Nəysə deyək ki, xarici kino studiyasının filmini müqavilə ilə ala bildik. Sonra bizdə elə dublyaj studiyası olmalıdır ki, Dolby Digital gəlib yoxlasın, hər şey standartlara uyğun gəlsin, ondan sonra bizə 1 illik lisenziya verəcək. Yəni bir il ərzində istədiyin studiyadan kino al, gəl burda səsləndir. 1 ildən sonra yenə “check up” olacaq. Lisenziya ilə filmi alanda necə olur…

Lisenziya ilə alanda 3 mantlıq diskdəki kimi film 1 kanalda yox, 4 kanalda gəlir. Onun bir kanalı görüntü, bir kanalı danışıq, digər kanalları effektlər kimi ayrı ayrılıqda gəlir. Dublyaj edəndə yalnız ingilis dilində olan səsi silib əvəzinə Azərbaycan dilində dublyaj olunmuş səsi yazırlar, sonra digər kanallardakı effektləri də əlavə edirlər, hər personajı da ayrı-ayrı aktyorlar səsləndirdiyinə görə dublyaj çox keyfiyyətli alınır. Elə bil kinonu bizimkilər çəkib. Normal olaraq kino çıxır, onun premyerası olur, kinoteatrlarda nümayiş etdirirlər, bir il sonra kanallara lisenziya ilə satıla bilər, 2 il sonra isə sərbəst satışa buraxılır. Onda istəyən diskini alıb tərcümə edə bilər. Amma hərdən bizə tərcümə üçün elə kino verirlər ki, məsələn fransız kinosudu, amma hələ Fransada premyerası olmayıb .. Bax yuxarıda sadaladıqlarımız hamısı pul tələb edir, bizdə də kino bazarı sıfır səviyyəsindədi, bu işə pul qoymasan mümkün deyil. Biri var kino 30 min dollara başa gələ, biri də var bizdəki kimi 300 manata, əlbəttə fərq 10 dəfə keyfiyyətsiz olacaq. Buna görə də nə tərcüməçini nə redaktoru nə aktyoru günahlandırmaq olmaz. Gələk tərcüməyə, istənilən mətn bizə izahlı şəkildə pdf formatda gəlməlidi, çünki tərcüməçi orda danışlan hər şeyi başa düşmək məcburiyyətində deyil, amma bizdə çox vaxt eşidib tərcümə edirik. Mətnsiz. Bu da keyfiyyətə təsirsiz ötüşmür.