Nefes: Vatan Sağolsun


2009
Türkiyə
Dram, Gərgin, Psixoloji, Müharibə
Rejissoru: Levent Semerci
IMDB xalı: 7.9/10

İndiyə kimi heç bir film mənə bu qədər təsir etməmişdi.. Hər tərəfli çox gözəl filmdi, indiyə kimi əsgərlikdən, hərbidən bəhs edən ikinci belə bir kino görməmişdim. Çox tərifləmişdilər, amma 3-4 gün əvvəl baxdım kinoya, əsgərlikdə tez-tez tv-də Ferhat Göçerin klipindəki görüntülər bu filmin epizodları imiş sən demə..

Film Türkiyənin 1979-cu ildən başına gələn terror bəlası, bu mübarizədə şəhid olan əsgərlər və ölkə iqtisadiyyatına dəyən zərər və bu kimi oxşar problemləri tamaşaçıya çatdırmaq istəyir. Amma bir az fərqli, daha canlı, səmimi və təbii formada.. Film 1993-cü ildə İraq sərhəddinə yaxın yerləşən Karabal yüksəkliyindəki posta təyin olunan yüzbaşının bölüyə gəlməsi ilə başlayır. Və ümumilikdə əsgərlik həyatını canlandıran səhnələrlə davam etdirilir.

Kinodakı ən təsirli səhnə əsgərlərin ailələri ilə telofon danışıqları olan səhnələrdir. Çox təbiidi, çox təsirlidi.. İnanmıram ki, bu filmə baxanda təkcə nə vaxtsa postda olmuş əsgər bu cür hisslər keçirsin, məncə filmə baxan hər kəs əsgərin nə qədər əziyyət çəkdiyini, vətənə xidmət etməyin necə şərəfli olduğunu başa düşər. Başa düşməyənin qanacağı isə yəqin ki, filmdəki oğlanın sevgilisi qədərdir..

Aktyor heyəti məşhurlardan ibarət deyil, amma yüzbaşı rolununu oynayan Mete Horozoğlunu Kanal D-dən yayımlanan “Öyle bir geçer zaman ki” serialındakı Soner rolundan tanıyanlar çoxdu. Tanınmış simaların az olmağı filmi daha təbii edib.. Görüntü, ssenari, döyüş səhnələri, ümumilikdə hər şey çox keyfiyyətlidi. Bu filmə görə türklərə əhsən!

Qeyd:  Oğlu, qardaşı hərbi xidmətdə olan xanımlar bu filmə baxmasa yaxşıdı. Sevgilisi əsgərlikdə olanlar isə mütləq baxsın, nəticə çıxarmaq üçün..