Inception – “Başlanğıc”

Başlanğıc

2010

Elmi-Fantastik (Sci-Fi), Sirrli, Döyüş
Rejissor: Christopher Nolan
Aktyor heyəti: Leonardo DiCaprio, Joseph Gordon-Levitt və Ellen Page
IMDB: 8.9/10. 250 ən yaxşı film siyahısında 8-ci yerdə
8 Oskar Mükafatına namizəd

Adətən yeni çıxmış və çox populyarlıq qazanmış kinolara baxa bilmirəm, kino mənə yapışmır onda. Kənardakıların həmin filmə diqqətinin azalmağını gözləyirəm ki, bu kino təsəvvürümdə öz yerini tutsun və həmin kino zövqlə baxmağım üçün hazır olsun. Bir sözlə fikrimdə kinonun bişməyini gözləyirəm. Bu problemi özümdən başqa çox adamda görmüşəm.

Nəysə, axır ki, həmin vaxt çatdı və filmi izlədim, hələ də baxmayanlara demək istəyirəm ki, bu kino hərtərəfli superdi, mütləq baxın. Çoxdandır belə bahalı kinoya baxmamışdım. Star Wars qədər olmasa da, Matrix və Avatar kimi yeni nəsil kino hesab etmək olar.

Film yuxunun “Başlanğıc”ından, yuxudakı zaman anlayışından və orda qura biləcəyimiz qeyri-real məkandan, yuxunun içində yuxu, həmin yuxunun da içində başqa bir yuxu görüb yolunu azana qədər yuxunun dərin qatlarına enmək və onu idarə etməkdən bəhs edir. Və böyük təklif qarşılığında başqasının fikrini oğurlamağa çalışacaq və eyni zamanda yuxularında itib-batmış qəhrəmanın reallığa qayıtmaq istəyi.. Yuxular çərçivəsində reallıq, və reallıqdan uzaq yuxular..

Filmin qəhrəmanı başa salır ki, biz yuxunun başlanğıcını və sonunu bilmirik, ona görə də bu filmdə başlanğıcı təyin etmək müəyyən sərhəddən sonra hətta qeyri-mümkün ola bilir. Yuxudakı zaman anlayışı da maraqlıdır. Əgər təxmini desəm bizim reallıqda 1 saat yuxuda 1 həftədirsə, həmin yuxunun içində başqa yuxunun zamanı 6 ay, onun içindəki yuxunun müddəti isə 10 ildir. Yəni real dünyadakı 1 saatlıq yuxu həmin dünyada sənə 10 il bəxş edir, xatirələrinin və təsəvvür gücünün layihəsini veridiyi bütöv bir dünya.. Kob (Leonardo DiCaprio) və həyat yoldaşının qurduğu dünya kimi.. Dəniz sahili, sahillərində saysız hesabsız göydələnlər və sonsuz əbədiyyət möhtəşm təsvir olunub.

Filmin səsi Shutter Island filminin səsi kimi tamaşaçını daim gərgin saxlayır. Görüntülər isə əvvəllər heç bir filmdə görmədiyiniz səhnələrdəndir. Səhnələr bir dəqiqə də olsun tamaşaçının diqqətinin yayınmağına imkan vermir, 140 dəqiqə ərzində səhnələrə fasiləsiz düşünərək baxmaq məcburiyyətində qalırsınız, bu da təbii ki, kifayət qədər zehni enerji tələb edir. Deyirlər Christopher Nolan filmin ssenarisini 10 ilə yazıb. Sanki rejissor filmi çəkmək üçün əsl məqam gözləyib, çünki yalnız 2010-cu ilin texnologiyası ilə bu cür ssenarini pərdədə canlandırmaq olardı. Musiqi və görüntülər o qədər gözəl və keyfiyyətlidir ki, onları tərifləmək bizə düşməz, hər şey çox peşəkardır, əlbəttə Leonardo CiCaprio və digər aktyorların ifası da həmçinin.

Diqqət: Növbəti abzas kinoya baxmaq istəyənlərə yox, filmi artıq izləmiş tamaşaçılara sualdı,  (Xəbərdarlıq: növbəti abzas filmin süjeti haqda açar söz ola bilər..)

Yenə Shutter Island-a qayıtmaq istəyirəm, orda da hadisələr və finalı, ümumiyyətlə nəticəni hərə bir cür başa düşdü. Üstəlik nüfuzlu kino kritikləri də hərəsi bir söz demişdi.. Gözlənilən, məntiqli, amma eyni zamanda qəfil final tamaşaçını çaş-baş salır. Eləcə də Inceptionda axırda gözüm stolun üstündə fırlanan totemdə idi.. Bütün tamaşaçılara bir məsələ maraqlı idi, o totem axıra kimi fırlanacaq yoxsa aşacaq? Yaxşı deyək ki, səhnə qaralana kimi aşmadı, bəs səndələyirdi axı, bu da onun aşma ehtimalını göstərirdi.. Əgər doğrudan da geri qayıda bilmişdisə totem niyə aşmadı?

Qeyd:  PC-imdə Edith Piaf-ın albomundakı filmin “special soundtrack”-i bir il məndə olduğuna baxmayaraq diqqətimi cəlb etməmişdi, bu filmdən sonra isə xüsusi simpatiyam yarandı və sizinlə bölüşmək istəyirəm. Je Ne Regrette Rien

Şəxsi Qeyd: Filmi yaxşı keyfiyyətdə mənə təqdim etdiyi üçün Təbrizə təşəkkür edirəm.

Filmin bu ilki oskar mükafatına iddialı 8 nominasiyası:

Quruluşçu rəssamın/dekoratorun ən yaxşı işinə görə

“Başlanğıc” Dizayn: Guy Hendrix Dyas; Səhnə Dekorasiyası: Larry Dias və Doug Mowat

Operatorun ən yaxşı işinə görə

“Başlanğıc” Wally Pfister

Ən yaxşı musiqiyə görə

Başlanğıc Hans Zimmer

Ən yaxşı bədii filmə görə

“Başlanğıc” Emma Thomas və Christopher Nolan, Prodyuserlər

Ən yaxşı səsə görə

“Başlanğıc” Richard King

Ən yaxşı səs montajına görə

“Başlanğıc” Lora Hirschberg, Gary A. Rizzo və Ed Novick

Ən yaxşı vizual effektlərə görə

“Başlanğıc” Paul Franklin, Chris Corbould, Andrew Lockley və Peter Bebb

Ən yaxşı orijinal ssenariyə görə

“Inception” Written by Christopher Nolan