A Christmas Carol

2009,
ABŞ,
Animasiya, dram,
Çarlz Dikensin povesti əsasında,
Walt Disney Pictures,
İMDB xalı- 7.2/10,

“Bu il Yeni İl əhval-ruhiyyəsində deyiləm” deyənlər, məncə, təcili olaraq bu filmi izləməlisiz :)

Əgər bir film səni real həyatdan ayırıb başqa aləmə apara bilirsə, deməli, yaxşıdır.

Filmdə qəddar, xəsis, həyatda təkcə pula dəyər verən, yeni il bayramlarını yalnız səs-küy, baş ağrısı, artıq xərc hesab edən qoca  Ebenezer Scrooge baş roldadır. İnsanlara sevgi, mehribanlıq, mərhəmət ona tamamilə yad hisslərdir. Var-dövlətinin sayı-hesabı olmayan qoca, ortağının cənazəsi üçün pulu əli əsə-əsə verir. Yeni il ərəfəsi bütün qəsəbə əylənib oynayarkən qoca böyük malikanəsinin pərdələrini çəkib tənha oturur. Amma bu andan etibarən hər şey dəyişir. Otağına növbə ilə qonaq gələn üç ruh ona heç vaxt unutmayacağı həyat dərsi verir. Bu ruhlarla üç fərqli zamanda qeyd olunan Yeni il Bayramlarına səyahət edir.

Birinci ruh ona keçmişdə qeyd olunan Yeni İl bayramlarını xatırladır. İkinci ruh yaşadığı dövrdə yeni il günü onun görmədiyi gerçəkləri qocaya göstərir. Üçüncü ruhla gələcəyə səyahət Ebenezeri lap dəhşətə gətirir. Belə deyək, qoca bir gecədə daxili təkamül yolu keçir və növbəti səhər, yəni Dekabrın 25-i- Bayram Günü tamamilə fərqli bir insan olaraq oyanır.

Filmin ideyası sadədir. Yaxşılıq et, xoşbəxt ol, sevil.

Filmə online baxdım. Ordakı bəzi şərhləri paylaşmaq istərdim.

“Film budur bax! O qədər zövq aldım ki. Hamıya məsləhət görürəm. Həm düşünəcəksiz, həm də dərs alacaqsız.”

“Çox gözəl film idi. Jim Carrey -in mükəmməl səsləndirməsini də unutmayaq.”

“Filmin başlanğıcı və sonu super idi. Hadisələrin inkişafı bir az darıxdırıcı idi amma yenə də baxmağa dəyər.”

Çox müsbət təəssürat oyadan bir filmdir. Sonda insanın üzünə xoş təbəssüm qondurur. Ən azından onu deyə bilərəm ki, film bitdikdən sonra qaralmış monitorda gülümsəyən üz gördüm.. mən :)

Filmin qısa çarxını Azərbaycan dilində yarımbaşlıqlarla təqdim edirik =)