Requiem for a dream

2000-ci il,

Amerika istehsalı,

Dram janrında,

Darren Aronofsky-nin rejissorluğu ilə,

“Arzulara əlvida” bədii filmi

(filmin adı yerli kanalların birində belə tərcümə olunub.)

IMDB xalı 8.5/10,

10 il bundan qabaq rejissor Darren Aronofsky 70-ci illərdə Selby Hubertin qələmə aldığı romanın film versiyası öz modern üslubu ilə lentə aldı, filmə verdiyi eyforiyaparanoya effektləri ilə güclü pəhriz həbləri, eroin və kokaini və onlara meyilli olan adamlar üzərində yaratdığı hissləri Aronofsky yaradıcı rejissorluq qabiliyyəti ilə tamaşaçıya çatdırdı.

Üstündən 10 il keçməsinə baxmayaraq film hələ də narkotik və televizor bağlılığını ən canlı şəkildə əks etdirən incəsənət əsəri kimi qeyd olunur.

Bir-birini ardıcıl şəkildə izləyən bu şəkillər film boyu xüsusi səs effektləri ilə montaj olunmuş sürətli kadrda bir neçə dəfə təkrarlanır.

Film dörd nəfərin paralel həyat hekayəsindən bəhs edir. Sara adlı dul yəhudi qadın, onun vecsiz oğlu Harry, Harry-nin gözəl sevgilisi və Harry-nin ən yaxın dostu, hamısı da gözəl həyat axtarışındadı, amma heç biri bu axtarışda düzgün yolda deyil..

Hadisələr payızda başlayıb qışda qurtarır, hekayənin yazı yoxdu, yəni filmin sonunda ümid, oyanış, xoşbəxt sonluq yoxdu.  Saranın amfetaminə ( yorğunluğu azaldan, zehni açan və gümrahlıq hissi verən həb, üzun müddət istifadə olunduqda bağlılıq yaradır ) olan tələbatı artır.

Harry-nin qolu tamam çürüyür, dostu həbs olunur, sevgilisi isə narkotik maddə əldə etmək üçün əlacsız qalıb əxlaqsız yola düşür.

Maraqlı montaj edilmiş səhnələri ilə film səs və görüntü şedevridir. Filmə baxmazdan əvvəl intim səhnələr, narkotikin bəxş etdiyi keçici şəhvət hissi həm də digər tərəfdən ağır səhnələri ilə 18+ kateqoriyasında olduğunu nəzərə almaq lazımdır.

Tez darıxan tamaşaçı üçün baxımlı film adlandırmaq olmaz, dram həvəskarlarının daha maraqla baxacağı bir filmdir.

Həm də mövzu etibarilə baxılması vacib olan bir film olduğunu fikirləşirəm.  Psixoloq Azad İsazadənin sözlərinə görə “narkotik artıq orta məktəblərimizə ayaq açıb”. Heyif ki, bu gün Azərbaycanda narkotik maddə istifadəçilərinin yaş həddi getdikcə gəncləşir. Filmə baxıb heç olmasa dərs götürmək lazımdı, gələcəkdə evin tək uşağını ərköyün böyüdüb onu bədbəxt etməmək üçün, saatlarla televizorun qabağında vaxtı boş yerə itirməmək üçün, narkotikdən qabaq “nəşə narkotik deyil ki” deyib nəşəyə, ondan qabaq “siqaretdən heç kim ölməyib” deyib siqaretə, ondan da qabaq “əşi onsuz da ziyanı yoxdu” deyib qəlyan çəkmək kimi pis və insanı uçuruma aparan vərdişlərə özünü alışdırmamaq üçün… Narkotik və digər bağlılıqların ağır nəticələrini görüb övladlarınıza və yaxın ətrafınıza danışaraq onları maarifləndirmək üçün… Övladlarınızın dostluq etdiyi uşaqları və vaxt keçirdikləri mühiti daim nəzarətdə saxlamaq üçün…

Qeyd: Trailerin axrına fikir verməyin, qorxu filmi deyil, böyük məşhurluq qazanmış soundtrack-i isə filmin mövzusu ilə tam üst-üstə düşür.

Trailer