Frozen

2010,

Amerika,

Dram, Həyəcan, Qorxu,

Adam Green-in rejissorluğu ilə,

Heç kəs sizin orda olduğunuzu bilmir – Filmin şüarı belədi. Əslində heç də haqqında uzun-uzadı yazılacaq kino deyil, həm də əvvəlcə ssenarisindən elə bildim o qədər də maraqlı gəlməz, amma kinoya baxdığım vaxt bir də ayılırdım ki, gözlərimi zilləyib elə sakitcə baxıram ki kinoya, maraqla.. Deməli qısa məzmunu belədir ki, iki oğlan bir qız gedirlər xizək kurortuna və orda heç ağıllarına gəlməyəcək bədbəxt təsadüflə qarşılaşırlar..

Dəhşətli səhnələri kəskin soyuq və canavarla bağlıdı. Bunun ikisinin də nə demək olduğunu yaxşı bilirəm. Hərbidə ikicə saat postda qalanda ayaqlarımız elə donurdu ki, ağrısına dözmək olmurdu. İkicə saata üzümüzü elə don vururdu ki, məruzə edəndə dodaqlarımız söz tutmurdu =) Ona görə kinodakıların o qədər soyuqda qalmaqlarına baxmayaraq danışmaqda o qədər də çətinlik çəkməməkləri mənə inandırıcı soyuq təsiri bağışlamadı. Amma bir yandan da baxanda, bu kinodur, soyuğu həddindən artıq real çatdırsaydılar, bədii filmdən daha çox sənədli filmə oxşayardı. Bir də, canavar qorxusu.. həmin vaxt eşitmişdik ki, əsgərlərdən birini canavar yeyib, tək təsəllimiz əlimizdəki Ak-47 idi, amma canavarı Dan kimi düz iki addımlığımızda görsəydik çətik ki, onu öldürəcək qədər özümüzü sərbəst hiss edəydik.

Dəhşətli səhnələr bir yana, ən çox pis olduğum səhnə qızın düşdüyü çarəsiz vəziyyət idi, özünü saxlaya bilməyib altına islatdı, həm də o cür soyuqda. Baxanda adamın doğrudan da yazığı gəlir.

Bir də kinoda mənə qaranlıq qalan mesajlar tapdım. Bir dəfə bədii kitabda belə bir dialoq oxumuşdum. Təxmini belə idi: “A: Hamsterin adını nə qoyacaqsan? B: Mohammad, Mohammad hamster üçün yaxşı addı.” Onda elə bilmişdim müsəlmanlara sataşır müəllif. Oxşar dialoq da bu  kinoda var idi. “A: itimin adın Stiv qoyacam. B: Niyə? Stiv adam adıdı. A: Onu kim deyir, məncə Stiv it üçün yaxşı addı. Sonra kinoda iki başqa kinonun da adı çəkilir. Biri “Jaws” biri “E.T.” Axtardım gördüm ki, ikisi də Steven Spielbergin kinosudu.Hələ trailerdə Steve Bartonun şərhi də var….

Digər qəribə şey o oldu ki, kinonun axırlarına yaxın “Sən gəlməz oldunun” melodiyasına oxşar musiqi getdi. Bir anlıq adam elə təsəvvür edir ki, kinonu bizimkilər çəkib.

Joe-nun axıra yaxın köhnə sevgilisi və Dan haqda maraqlı söhbətləri olur.

Əvvəlcədən xəbərdarlıq edim ki, qan və dəhşətli səhnələri var.

Amma kinoya baxsanız və sizə pis təsir eləsə bu şəkillər ilə özünüzə təsəlli tapa bilərsiniz.

P.S Yaxın günlərdə TV-də azərbaycan dilində baxa bilərsiniz.

P.S.S Ümid edirəm Jalə hələ də bu kinoya baxmayıb =)

Trailer